“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəməyən və iki ölkə arasındakı gərginlikdən faydalanaraq regionda öz maraqlarını təmin etmək istəyən ölkələrin sayı kifayət qədərdir. Və bu dövlətlərin hər biri “tır” şousundan istifadə edərək özlərinin ambisiyalarını həyata keçirməyə çalışırlar. Başqa sözlə ifadə etsək deyə bilərik ki, bu gün Azərbaycanın müstəqil xarici siyasət kursu ilə barışmaq istəməyən, bütün təzyiqlərə baxmayaraq bizdən istədiyini ala bilməyən bütün qüvvələr ermənilərin “tır” şousundan istifadə etməklə ölkəmizi nələrəsə məcbur etməyə cəhd göstərirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin Ermənistandakı səfirlərinin bu şouda iştirakı, ayrı-ayrı beynəlxaq təşkilat və dövlətlərin əsassız bəyanatları, beynəlxalq hüquq üzrə dələduz kimi tanınan Luis Moreno Okamponun "Ekspert rəyi: 2023-cü ildə ermənilərə qarşı soyqırımı" adlı saxta və sifarişli hesabatı, eləcə də məsələnin BMT Təhlükəsizlik Şurasının müzakirəyə çıxarılması ilə bağlı səslənən fikirlər və beynəlxaq ictimai rəyi çaşdırmaq üçün dünyanın aparıcı media qurumlarında tirajlanan sifarişli yazılar onu deməyə əsas verir ki, ölkəmizə qarşı böyük bir qaralama kampaniyasına start verilib: “Bu kampaniyada iştirak edənlərin hər biri, əslində, real həqiqətlərin nədən ibarət olduğunu kifayət qədər yaxşı bilirlər. Onlar üç il ərzində ermənilərin Laçın yolundan silah-sursat keçirməsini də, həmin yoldan BQXK xətti ilə qaçaqmalçılıq və beynəlxalq axtarışda olan şəxslərin daşınması üçün istifadə olunduğunu da, Xankəndi və ətrafında hər hansı humanitar fəlakətin gözlənmədiyini də yaxşı bilirlər. Amma indi onlar üçün vacib olan həqiqətlər deyil, Azərbaycana təzyiq imkanları əldə etmək üçün yalan üzərində qurulmuş saxta məlumatlardan istifadə etməkdir.
Əks halda, onlar öz bəyanat və açıqlamalarında yalan və saxta məlumatlara deyil, real faktlara əsaslanardılar. Faktlar isə ortadadır. Azərbaycan Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin daşınmasını elə ilk gündən təklif edib. Əgər Azərbaycanın haranısa blokadaya almaq fikri olsaydı, ümumiyyətlə, hər hansı marşrut təklif etməz və öz ərazisindən keçən qaz, işıq, su xətlərini də bağlayardı. İkinci bir tərəfdən, əgər Qarabağda yaşayan ermənilər, həqiqətən də, humanitar fəlakətlə üz-üzə qalıblarsa, o zaman həmin yüklərin onlara hansı marşrutla çatdırılmasının nə əhəmiyyəti var? Demək ki, bütün bu şounun məqsədi tamamilə başqadır. Məqsəd Laçın yolundakı gömrük və sərhəd buraxılış məntəqəsinin götürülməsinə nail olmaq və həmin yol üzərində Azərbaycanın hüquqlarını tanımamaqdır. Bu isə birbaşa olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı bir davranışdır və heç bir halda qəbul edilən deyil”.
Müəllif: Səbinə Hüseynli