"Azərbaycan 44 günlük savaşdan qalib çıxıb. Torpaqlarımızı işğaldan azad etmişik. 10 noyabr üçtərəfli bəyanatının əksər müddəaları yerinə yetirilib. Lakin rəsmi İrəvan sülh müqaviləsini imzalamağı yubadır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elman Cəfərli deyib.Onun sözlərinə görə, Azərbaycan sərhədlərin delimitasiyasını və Ermənistan ordusunun qalıqlarının Qarabağdan çıxarılmasını, Zəngəzur dəhlizinin açılmasını tələb edir: "Bakının planında Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıdışını təmin etmək də var. Praqa bəyanatı ilə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyıb. Lakin Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına mane olan qüvvələr var. Bunlar Fransa başda olmaqla Cənubi Qafqazda marağı olan dövlətlər və Ermənistanın revanşist qüvvələridir".Elman Cəfərli sözlərinə belə davam edib: "Ermənistan tərəfi (daha çox revanşist qüvvələr) Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirlər. Baş nazir Nikol Paşinyan isə bunun qaçılmaz olduğunu dərk edir. O bilir ki, Azərbaycan lideri Qarabağ bə Zəngəzur məsələsində güzəştsiz siyasətini davam etdirəcək. İrəvan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan sənədə imza ata bilər. Ancaq buna zaman lazımdır. Bütövlükdə ermənilər bilir ki, bu proses corab söküyü kimi ardıcıl gedəcək. Qarabağ Azərbaycanın bir hissəsi kimi tanındıqdan sonra sərhədlərin delimitasiyası və demarkasiyası baş tutacaq. Sonra Zəngəzur dəhlizi reallaşacaq. Ardınca azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı başlanacaq. Ermənistan bu "zənciri" bir yerdə qırmaq istəyir. Sülh müqaviləsinin gecikdirilməsi də bununla bağlı vaxt qazanmaq niyyəti güdür".
Ayşən Vəli