“Ermənistan məğlub durumda olmasına baxmayaraq, Azərbaycanla sülh müqaviləsi bağlamaqdan yayınır. Paşinyan anlayır ki, indiki şərtlər daxilində Azərbaycanla sülh müqaviləsi imzalasa, hakimiyyəti sona çatacaq. Paşinyan çalışır ki, ən azından Azərbaycanda yaşayan ermənilər məsələsini açıq saxlasın. Yəni, bu istiqamətdə bir nəticə əldə olunmasa belə, məsələ tam bağlanmasın”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, Paşinyanı dəstəkləyən Avropa siyasi dairələri onun hakimiyyətdə qalması üçün çalışırlar: “Təsadüfi deyil ki, onlar da Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyətinin beynəlxalq mexanizmlərin tətbiq olunması ilə müəyyənləşdirilməsini istəyirlər. Bu, o deməkdir ki, beynəlxalq mexanizmlər Avropa ölkələrinə, təşkilatlara imkan verəcəklər ki, regiondakı proseslərə qoşulsunlar. Belə olan halda onlar da məsələni öz istəklərinə uyğun yönləndirməyə cəhd edə bilərlər. Bununla da Paşinyanı qorumuş olarlar.Ermənistan Azərbaycana olan ərazi iddialarından əl çəkmək istəmir. Tarix boyu hər zaman ermənilərin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdiklərinin şahidi olmuşuq. Ermənilər hazırda zaman udmağa, yeni reallıqları dəyişdirməyə çalışırlar.Təbii ki, Ermənistan bundan sonra da təxribatlarını davam etdirəcək. Ermənistanın təxribatçı, qeyri-konstruktiv davranışları bizim üçün yenilik deyil. Biz hər zaman ayıq-sayıq olmalıyıq. Ermənistan hazırda ağır məğlub durumdadır. Biz düşməni olduğundan da ağır vəziyyətdə saxlamalıyıq. Çünki bu düşmən bizə olan düşmənçilik münasibətini dəyişmək niyyətində deyil, ərazi iddialarından əl çəkmək istəmir. Amma bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan Ermənistandan qat-qat güclüdür. Biz Ermənistanı sülhə məcbur etmək strategiyasını da uğurla həyata keçirəcəyik”.
Müəllif: Səbinə Hüseynli