44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 illik işğalına son qoyan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ölkəmizə qələbələr qazandırmada davam edir. Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Azərbaycan hərbi zəfərini diplomatiya meydanında təkrarlayır. Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında qeyd edir ki, ədaləti bərpa etdik, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik: ""Qarabağ Ermənistandır və nöqtə" deyən düşmən bu gün "Qarabağ Azərbaycandır" deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq".Bəli, bu gün qalib lider Prezident İlham Əliyevin irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, "Dəmir Yumruğ"un növbəti zərbəsi ilə qarşılaşacaqlar. Dövlət başçısı İlham Əliyevin söylədiyi kimi, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu. Bəli, üçtərəfli bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı, "status-kvo", “Dağlıq Qarabağ” adlı ərazi vahidi ləğv edildi. Və beləliklə, bu qələbənin nümayişi 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradında bir daha dünyaya göstərildi. Bu Paradla Qarabağ Azərbaycandır! nidasının təntənəsi, "Dağlıq Qarabağın" statusunun olmayacağının Azadlıq meydanında nümayişi, işğalçı Ermənistanın yeni erməni dövlətinin yaradılması planlarının üstündən birdəfəlik xətt çəkməsinin nümayişi idi. Çünki bu gün regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb, ərazi bütövlüyümüz təmin olunub və heç bir statusdan söhbət gedə bilməz! Bu isə Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur. Bütün bu söylənilənlərdən belə bir qənaətə gəlmək mümkündür ki, “Nə qədər mən Prezidentəm, heç bir statusdan söhbət gedə bilməz!” deyən dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi. Və "Ermənistanın hünəri varsa, tanısın "Dağlıq Qarabağ respublikası"nı. Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın!" – bu, Azərbaycan Prezidentinin sözü, tələbidir!
PREZİDENT İLHAM ƏLİYEVİN AVROPANIN ƏN BÖYÜK TELEKANALLARINDAN OLAN, ÇOXMİLYONLUQ AUDİTORİYAYA SAHİB “EURONEWS”A VERDİYİ MÜSAHİBƏ İSTƏR ERMƏNİSTAN RƏHBƏRLİYİ, İSTƏRSƏ DƏ QƏRB DÖVLƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ TƏRƏFİNDƏN SƏSLƏNDİRİLƏN QEYRİ-ADEKVAT AÇIQLAMALARA TUTARLI CAVABDIR
Həmişə olduğu kimi, Prezident İlham Əliyevin “Euronews” televiziyasında yayımlanan növbəti müsahibəsi həm informasiya yükü, həm də yeni mesajlar baxımından zəngin olmaqla yanaşı, həm də istər Ermənistan rəhbərliyi, istərsə də Qərb dövlətlərinin nümayəndələri tərəfindən səsləndirilən qeyri-adekvat açıqlamalara tutarlı cavabdır. Azərbaycan Prezidenti müsahibəsində qonşularımızla formalaşan münasibətlərə də toxunaraq hələ ki, yek və ilk olaraq imzalanmış atəşkəs sazişinin, yəni, 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi Rusiya Federasiyasının Cənubi Qafqazda sülhün təmin olunmasında rolundan danışıb, məhz Rusiya-Ukrayna müharibəsindən sonra Birləşmiş Ştatların və Avropa İttifaqının fəallaşdığını qeyd edib. Və iki ölkə arasında razılaşmanın əldə edilməsinə, sülh müqaviləsinin imzalanmasına mane olan amilləri göstərib. Ermənistanın hərbi-siyasi rəhbərliyinin manevrləri, xarici güc mərkəzlərinin prosesə neqativ təsirləri detallı şəkildə təsvir edilir. Həmçinin beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin kökündə dayanan “erməni separatizmi”nə ikili standartlarla yanaşmaları tənqid olunur. İkili yanaşmanı təsdiq edən sübutlar göstərilir.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə onlar Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Çünki….
AZƏRBAYCAN SÜLHƏ, SÜLH DANIŞIQLARINA SADİQDİR
Göründüyü kimi, Cənab Prezidentin “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın maraqları ortaya qoyuldu və dünya ictimaiyyətinin diqqətinə çatdırıldı ki, Azərbaycan haqqında yalan informasiya yayılmasın. Laçın yolu ilə bağlı məsələlər bundan əvvəl Avropa İttifaqında müzakirə olunanda razılığa gəlindi ki, Qarabağa humanitar yardım Ağdam yolu ilə daşınsın. Bununla bağlı bütün infrastruktur, yol var, şərait yaradılıb. Azərbaycan da təsdiq edir ki, ermənilər Ağdam yolundan maneəsiz keçə bilərlər. Cənab Prezident gömrük postunu və buradan 2 mindən artıq erməninin keçdiyini də diqqətə çatdırdı. Beynəxalq Qırmızı Xaç Komitəsinin qaçaqmalçılıqla məşğul olması da dünya ictimaiyyətinin nəzərinə çatdırıldı ki, Komitə öz funksiyasının əvəzinə tamamən başqa işlərlə məşğul olur. Bir sözlə, Azərbaycan sülhə, sülh danışıqlarına sadiqdir və sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Çünki Azərbaycan öhdəliklərinə sadiq ölkədir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından üç ilə yaxın bir vaxtın keçməsinə baxmayaraq sülh sazişinin imzalanmasının uzanması artıq beynəlxalq münasibətlər, o cümlədən qlobal informasiya təbliğatında Azərbaycanın ardıcıl və daha böyük işlər görməsini diktə edir. Azərbaycan Prezidenti İlham Əliyev onu da xatırlatdı ki, Ermənistan rəhbərliyi indiyədək digər öhdəliklərinin icrasından yayınmağa çalışsa da, sonda onları yerinə yetirməyə məcbur olub. Bu, həm də ona işarədir ki, Ermənistan bu öhdəliklərini də yerinə yetirməyə məcbur olacaq.Bir sözlə, Ermənistan rəhbərliyi də bu mesajdan adekvat nəticə çıxararaq nəhayət bilməlidir ki, hansısa havadarına bel bağlamaq, danışıqlar masasında onların köməkliyi ilə “əlinin” güclənəcəyinə ümid etmək mənasız vaxt itkisidir. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, öhdəliklərinə tam şəkildə əməl etməli və ikitərəfli danışıqlar formatında Azərbaycanla razılığa gəlməlidir. Çünki bu gün diktəni edən Qalib ölkə Qalib Lideri Prezident İlham Əliyevdir və Onun dediyi söz imzası qədər keçərlidir. Beləliklə, Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü