PDF Oxu

Siyasət

  • 2 699

Əli Kərimlinin şər maşını susmaq bilmir TƏHLİL

Əli Kərimlinin şər maşını susmaq bilmir TƏHLİL

Deyəndə və yazanda ki, bu müxalifətin dağıdıcı qanadı maddi-mənəvi dəstəyini yerli və xarici məkrli qüvvələrdən alırlar, sözümüzü, yazımızı bəzi şəxslər şübhə altına alıb dodaq büzürdülər. Ancaq elə ki, faktları, sübutları qarşılarına qoymaq mümkün oldu, susdular, danışmağa nə dilləri, nə də cəsarətləri oldu. Sadəcə, bəzi insanlar təmsil olunduqları partiyalardan istefa verməklə Əli Kərimliyə, Cəmil Həsənliyə, Tofiq Yaqubluya və digərlərinə etirazlarını nümayiş etdirdilər. Ancaq bu, çıxış yolu deyil. Gərəkdir ki, xəyanət və satqınlıq yolu tutan müxalif partiya sədrlərinin kreslolarını boşaltmaları üçün birlik və bərabərlik göstərmək lazımdır. Qüdrət Həsənquliyev, Fazil Mustafayev, Razi Nurullayev, Asim Mollazadə, Sabir Hacıyev, İqbal Ağazadə, Tural Abbaslı və digər şəxslər partiya sədrlərinin açıq şəkildə xarici maraqlı dairələrlə əməkdaşlıq əlaqələri qurmaqla Azərbaycanın milli və dövlətçilik maraqlarını satmaq hesabına özlərinə maddi yardım almalarını həzm edə bilmədiklərindən istefa verdilər. Əslində, onlar partiyalardan getməzdən öncə xarici maraqlı qüvvələrin pas atmış qazanlarının dibini yalayıb, sonra da xalqa qarşı düşmən mövqe sərgiləyən sədrlərin istefasını tələb etməli idilər. Bunu etməyiblərsə, deməli, onların siyasi biliklərində qüsurlar var. Həm də hadisələrə etinasız yanaşıblar. Yəni, “cəhənnəmə satqınlıq etsinlər də, mənə nə” deməklə kifayətləniblər. Dərk etmirlər ki, satqınlığın, xəyanətin nəticəsi idi ki, ötən əsrin 90-cı illərin əvvəllərində ölkədə xaos və anarxiya hökm sürmüşdür, bundan da istifadə edən ermənilər torpaqlarımızı işğal etmişdirlər. Kim qarantiya verə bilər ki, satqınlıq yolu tutan Ə.Kərimli, T.Yaqublu, C.Həsənli və digərləri sabah fars-molla rejimi ilə işbirliyinə gedərək və ya erməni separatçıları ilə əməkdaşlıq etməklə Azərbaycandakı ictimai siyasi sabitliyi pozmağa cəhd etməyəcəklər. Nəzərə almaq lazımdır ki, “Milli Şura”nın sədri Cəmil Həsənli ermənilərin humanitar yüklərin göndərilməsi üçün Laçın keçid məntəqəsinin açılmasının vacib olduğunu bildirir. T.Yaqublu açıq şəkildə Koçaryan, Sarkisyan, Artunyan, Vardanyan və digər revanşist “yan”lar kimi danışır. Deyir ki, “Zəngəzur dəhlizi Ermənistanın maraqları nəzərə alınmadan açıla bilməz”. Ə.Kərimli Sevinc Osmanqızının TV-sinə müsahibəsində ordumuzun Qaragöl istiqamətində mövqelərini irəli çəkərək möhkəmlənmə işləri aparmasını Azərbaycanın təxribatı adlandırır. Erməni düşüncəsi ilə çıxış edən siyasətçinin “mən Azərbaycanda doğulmuşam və azərbaycanlıyam” deməsi şübhələr yaradır. Həm də ehtimallar yaradır ki, belə şəxslər ya erməni lobbisinin ayırdığı maliyyə vəsaitindən qidalanırlar, ya xaricdəki güclü əl onları ermənipərəst mövqedən çıxış etməyə məcbur edir.

Wolt sifarişlərini çatdıran kuryerlər : “Əli Kərimli adlı şəxs tanımırıq və tanımaq da istəmirik”

“Wolt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məlumatların yayılmasından sonra dağıdıcı müxalifət funksionerləri hay-küyçü fəaliyyətlərini bir qədər də genişləndiriblər. Sual yaranır, niyə məhz “Wolt Azərbaycan” ətrafında müxalifət ucuz siyasi divident qazanmağa çalışır? Nədən dəfələrlə “Wolt Azərbaycan” MMC-nin işçiləri şirkətin fəaliyyətindən narazılıqlarını bildirib, etiraz aksiyaları keçirəndə Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli, Seymur Həzi və digər dil qəhrəmanları danışmırdılar? Yoxsa, ehtiyat edirdilər ki, xarici ağalarının qəzəbinə tuş gələ bilərlər? Dağıdıcı müxalifət Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Wolt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdikdən sonra şirkətin işçiləri olduğunu biliblər. Məzhəkə və ucuz şou yaratmaq da bundan sonra başlayıb. AXCP sədri Əli Kərimli, Milli Şuranın üzvü Tofiq Yaqublu, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli, AXCP sədrinin müavini Seymur Həzi, AXCP RH-nin Asif Yusifli, AXCP-dəki trol dəstəsinin başçısı, AXCP RH-nin üzvü İlham Hüseyn və digərləri xor dərnəyinin diribaş üzvləri kimi ağız-ağıza verib "Wolt Azərbaycan"ın bağlanması ilə bağlı hərəsi bir nağıl danışır, uydurma fikirlər səsləndirir. Tofiq Yaqublu adlı “siyasət”çi boynundan hündür tullanmağa çalışan bacarıqsız həndbolçu kimi “Wolt Azərbaycan” MMC-nin bağlanması ilə bağlı cəfəng fikirlər qeyd edib: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Wolt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məlumat yayıb ki, yeməklər sifarişçilərə çatdırılarkən temperatur rejimi pozulurdu və bu, məhsulun xarab olmasına səbəb olurdu ki, bu da insanların sağlamlığına ciddi təhlükə yaradırdı. Tutaq ki, belə problem varıydı, niyə o məhz indi yadınıza düşdü? Əlbəttə ki, vicdansızcasına yalan danışırlar, istər yay olsun, istər qış, hazır yeməyin 5-10 dəqiqə yolda olması onun keyfiyyətinə heç cür təsir edə bilməz. Əgər sizi doğrudan da qida təhlükəsizliyi narahat edirsə, başda 8-ci km bazarı olmaqla ölkənin bütün bazarlarını başına götürmüş antisanitariyadan niyə narahat olmursunuz?”. Əli Kərimli də T.Yaqublu kimi boş-boş fikirlər söyləyir. Bir növ yarışın önündə olduğunu nümayiş etdirməyə çalışır. Lakin anlamır ki, hər kəsin sağlam qidalanması dövlətin ali məqsəd və vəzifələrindəndir. Sabah kimsə kuryerin çatdırdığı qida məhsulundan zəhərlənərsə və həyatını itirərsə, o zaman qınaq obyekti dövlət qurumu, əsasən də Qida Təhlükəsizliyi Agentliyi olacaq. Ona görə də cəmiyyət, o cümlədən, “Wolt Azərbaycan” MMC-də çalışmış işçilər dağıdıcı müxalifət funksionerlərinin söylədiklərini mənasız və əhəmiyyətsiz hesab edirlər. “Sahil” metrostansiyasının yaxınlığında Wolt sifarişlərini çatdıran kuryerlərin bəziləri ilə söhbət etdik. İlk olaraq Famil adlı kuryer bildirdi ki, KİV-də yazılanların əksinə olaraq, onlar işsiz qalmayıblar, fəaliyyətlərini davam etdirirlər. Həsən adlı kuryer isə sosial şəbəkələrdə Əli Kərimli adlı birinin “Wolt Azərbaycan”ın bağlanması ilə bağlı statusuna rast gəldiyini və yazılanların sərsəm ifadələrdən başqa bir şey olmadığını söylədi. Dostunun dediklərini haqlı hesab edən Mahir adlı kuryer isə “Əli Kərimli adlı şəxsi tanımadığını və tanımaq belə istəmədiyini” bildirdi.

“Wolt Azərbaycan” müxalifətə etiraz edir

Bir sözlə, söhbət əsnasında ümumi fikir ondan ibarət oldu ki, Wolt sifarişlərini çatdıran kuryerlər dağıdıcı müxalifətin və onların təsiri altında olan sosial şəbəkə istifadəçilərinin yazdıqlarını şər və böhtan hesab edirlər. Haqlı və layiqli yanaşmadır. Əgər Əli Kərimli və trol dəstəsi cəmiyyət arasına çıxsalar bizə deyilənləri, onların da sifətinə deyərlər. Son olaraq bir daha qeyd etməyi vacib hesab edirik ki, “Wolt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir. Bildirilib ki, agentlik qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. Belə ki, “Wolt Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb. Müəssisənin ”Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub. Aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb. Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar “Wolt Azərbaycan” MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin, fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub. Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə, cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb. Göstərilənlərə əsasən, AQTA insanların həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərini qidaların daşınmasını və istehlakçılara çatdırılmasını yalnız qeydiyyatdan keçmiş və temperatur rejimi təmin olunan avadanlıqlara (nəqliyyat vasitələrinə) malik, qida ilə təmasda olan şəxsləri tibbi müayinədən keçmiş qida subyektləri tərəfindən həyata keçirilməsini təmin etməyə çağırıb.

İ.ƏLİYEV

Digər xəbərlər