Azərbaycan xalqı tarixən tolerant, dini və milli dözümlülük nümayiş etdirən xalq kimi bütün dünya tərəfindən tanınır. Hələ Böyük Səlcuqlu hakimiyyəti dövründə Bizans imperiyasının zülmündən xilas olmaq üçün müxtəlif millətlərin, eləcə də müxtəlif dinlərə mənsub insanların, o cümlədən ermənilərin Böyük Səlcuqlu hakimiyyətinə sığındıqları və burda firavan həyat yaşadıqları dünya tarixşünaslığına məlum olan gerçəklikdir. Sonrakı dövrlərdə həm Anadolu türklərinin qurduğu Osmanlı dövləti, həm də Azərbaycan türklərinin bir-birini əvəz edən Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətləri tərkibində də erməni xalqının nümayəndələri azad, firavan həyat yaşamış, heç bir dini və milli ayrı-seçkiliklə üzləşməmişdir. XIX əsrdən başlayaraq dünyanın bir sıra türkofobiya düşüncəsinə qapılan, lakin türklərlə üz-üzə gəlməkdən ehtiyat edən gücləri erməni-hay xalqı içərisindən mənsəbpərəst, hakimiyyət düşkünü insanları ələ almaqla, əsrlər boyu birlikdə dinc həyat yaşamış iki xalqı – türklərlə erməniləri bir-birinə düşmən kimi formalaşdırmağa başlamış və nə yazıqlar ki, buna nail olmuşlar.
Tarixi gerçəkliklərə əsaslanaraq yenidən birgəyaşayışa, dinc həyata qayıtmaq və nəhayət, erməni xalqı ilə tarixən mövcud olmuş münasibətləri bərpa etmək həmişə türk xalqının, o cümlədən Anadolu və Azərbaycan türklərinin istəyi olub. Yüz ildən artıq bir müddətdə xaricdən alınmış sifarişlərə boyun əyərək bəzi erməni nümayəndələrinin əli ilə türklərə olmazın əzablarını verən erməni xalqının yüz mindən artıq nümayəndəsinin indiki Türkiyədə, otuz mindən artıq nümayəndəsinin isə indiki Azərbaycanda heç bir dini və milli ayrı-seçkiliyə məruz qalmadan yaşamaları bu istəyin bariz nümunəsidir. Qədim Azərbaycan torpaqlarında özünə dövlət quran, sonra isə bu dövlətin ərazilərini yenə Azərbaycan torpaqları hesabına genişləndirən, mənsub olduqları dövlətin ərazisində bir nəfər də olsun türkün yaşamasına imkan verməyən, milyonlarla türk əsilli vətəndaşları bu ərazilərdən deportasiya edən, təkcə son otuz ildə saysız-hesabsız qətliamlar törətməklə on minlərlə Azərbaycan türkünü, o cümlədən uşaqları, qadınları, qocaları amansızcasına qətlə yetirən, on minlərlə hektar Azərbaycan ərazilərində bütün həyatı yox edən, min illərlə qurulan şəhərləri, kəndləri, tarixi milli və dini abidələri, hətta qəbirstanlıqları belə yerlə-yeksan edən, bu ərazilərdə mövcud flora və faunanı fəlakətlə üz-üzə qoyan bir xalqın nümayəndələrinə tolerant yanaşma nümayiş etdirməklə onlarla birlikdə yaşamağa davam etməyimiz, hesab edirik ki, dünyanın bütün xalqlarına örnək olacaq dərəcədə qeyri-adi tolerantlıq nümunəsidir. Xalqımız bütün bunları daxilindən gələn sülh, qarşılıqlı anlayış, insanlara sevgi ilə yanaşma, nəhayət, birlikdə dinc-yanaşı yaşama istəyinin reallaşacağına olan inamından vaz keçməməklə, yaşatmaqda davam edir. Lakin həyatda hər bir istək və duyğu kimi tolerantlığın, səbrin, dözümün də həddi tükənməz deyil. 2020-ci ildə səbr kasası dolan xalqımız ərazilərini işğaldan azad edərkən, bir nəfər də olsun mülki əhaliyə, eləcə də əsir və girovlara toxunulmaması, hesab edirik ki, indii dünyada yüksək qiymətə layiq görülən faktlardandır. Azərbaycan xalqının hakiniyyət yetkililəri bəzi dünya güclərinin müraciətlərini, eləcə də xalqın iradəsini nəzərə alaraq müharibəni dayandırmağa, qarşılıqlı anlaşmaya imza atmağa qərar verdi. Dünyanın bütün sülhsevər insanlarının, o cümlədən Azərbaycan xalqının dayanıqlı sülhə inamının yaranmasına rəğmən, bəzi dünya güclərinin əlində oyuncağa çevrilən Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejim bu inama xələl gətirməkdə davam edirlər. Tarixin dərinliklərindən bizə məlum olan ən təkzibolunmaz faktlarla Kür və Araz çayları arasındakı ərazilərdə həmişə türk əsilli oğuz-saq xalqlarının yaşadığı, son minillikdə isə türk dövlətlərinin ərazisi kimi tarixi xəritələrlə bütün dünyaya məlum olduğu halda, bu torpaqların tarixən erməni xalqına məxsus olduğunu iddia etmək xəstə təxəyyülün məhsuludur və gerçək tarix bunu qətiyyətlə rədd edir. Bu gün bəzi erməni “başbilənləri” nin iddia etdikləri “Artsax” toponimi isə yenə oğuz-türk tayfalarından olan saqlarla birbaşa bağlı olub, orijinalda “Ərsaq”, müasir mənasında “igid saq” toponiminin saxtalaşdırılmış variantıdır. Bütün bu həqiqətləri xalqından gizlədən, əksinə, heç bir mənbəyə əsaslanmayan qondarma “tarix” yaradaraq sadə adamları bu tarixə inandırmaq isə erməni “ziyalı”larının bəşəriyyətə ən böyük xəyanətləri hesab edilməlidir.
Azərbaycan xalqı yaxşı anlayır ki, tarixdə heç zaman baş verməmiş qondarma “erməni genotsidi” uydurması ilə, dünyanın bəzi antitürk gücləri sadə erməni xalqını antiinsani ideologiyanın təsiri altında saxlamaqla öz niyyətlərini həyata keçirməyə can atırlar. Təkcə 1988-ci ildən başlanan münaqişə zamanı saysız-hesabsız ermənilərin azərbaycanlılara, eləcə də azərbaycanlıların ermənilərə dəstək verib, xilaskarlıq göstərməsi faktları onu deməyə əsas verir ki, nə sadə ermənidə, nə də sadə azərbaycanlıda bir-birinə daxili düşmənçilik duyğusu yoxdur. Fəqət dünyada gedən geopolitik mübarizədə erməni xalqından vasitə kimi istifadə edən dünya gücləri həm erməni diasporası, həm də, sülhü, humanizmi təbliğ etməli olduğu halda düşmənçilik hisslərinə rəvac verən erməni kilsə xadimlərinin əli ilə bu duyğunu yaratmağa, onu alovlandırmağa can atırlar. Nə yazıqlar ki, sadə erməni xalqı geosiyasi oyunlarda alətə çevrildiyinin fərqində deyil və bunun, sonda erməni xalqının faciəsinə səbəb olacağı həqiqətini anlamağa can atmırlar. Qafqazın tarixini, qədim mənbələri yaxşı bilən, lakin onları saxtalaşdıraraq həm dünya ictimaiyyətini aldadan, həm də belə saxta tarixlə öz xalqında şovinist duyğular formalaşdıran erməni “ziyalı”larının, onlara hər cür dəstək verən dünya erməni diasporasının tutduqları bu yolun erməni xalqının xeyrinə deyil, zərərinə olduğunu anlamaları lazımdır. Eyni zamanda, indiki dünya düzəni tarixi aspektlərdən daha çox beynəlxalq hüquqa və ikinci dünya müharibəsindən sonra qəbul edilən hüquqi aktlara əsaslandığı bir zamanda belə qondarma tarix yaradaraq xalqını şovinizmə sürükləmək indiki sivil dünyada qəbulediməzdir.
Gerçəklərə, konkret faktlara əsaslanan Azərbaycan həqiqətlərini indiki sivil dünyada bəzi güc mərkəzi olan dövlətlərin siyasi rəhbərlərinin, eləcə də bəzi beynəlxalq qurumların görməzdən gəlməsi isə, daha çox narahat olunmalı məqamdır. Xüsusilə, ikinci dünya savaşından sonra bəşəriyyəti növbəti bəlalardan qorumaq missiyası ilə yaradılan Birləşmiş Millətlər Təşkilatının gerçəkləri görməzdən gəlməsinə hansı adı vermək olar? Yuxarıda sadaladığımız bu qədər ədalətsizlikləri, Ermənistan adlanan layihə-dövlətin Azərbaycan xalqına qarşı bütün beynəlxalq hüquq normalarına zidd əməlləri ortada olduğu halda, qondarma “humanitar fəlakət” şousunu Təhlükəsizlik Şurasının fövqəladə toplantısını çağırmaq qərara alınırsa, qərarın necə olmasından asılı olmayaraq, bu qurumun da artıq oyuncaq bir quruma çevrildiyindən xəbər verir. Belədə nə etməli? Eynilə Ermənistan etdiyi kimi, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə, çağırışlarına əhəmiyyət vermədən, necə deyərlər, öz göbəyimizi özümüz kəsməliyik və... Və deməli, “Ümid sənədir ancaq, Azərbaycan əsgər!”
Təhmasib Novruzov
Azadlıq Hərəkatçıları Birliyini sədri, yazıçı-publisist