Belə bir təəssürat yaranır ki, Ermənistan öz destruktiv siyasətini davam etdirmək niyyətindədir. Regionda baş verən son hadisələrə obyektiv qiymət verildikdə belə nəticə çıxır. İrəvan faktiki olaraq Bakı ilə danışıqlar prosesindən tamamilə geri çəkilib və eyni zamanda sərhəd zonasında Azərbaycan mövqelərinin atəşə tutulmasını intensivləşdirir, silah və texnikanı şərti sərhədə çəkir. Buna sübut kimi bu yaxınlarda texniki müşahidə vasitəsi ilə çəkilmiş və Laçın istiqamətində Ermənistan ordusunun artilleriya qurğuları və hərbi personalı olan bütöv bir hərbi texnika kolonnasının izləndiyi videonu göstərmək olar. Və bütün bunlar müxtəlif erməni xadimlərinin əzbərlədiyi və bütün beynəlxalq platformalarda təkrar etdiyi Azərbaycanın qarşı “soyqırım” və “aclıq” ittihamları fonunda baş verir.
Bu o deməkdirmi ki, Ermənistan “səbirli” xalqın konspektini tamamlamaq üçün yeni hərbi eskalasiya hazırlayır və bunun üçün təbii ki, Azərbaycan və Türkiyə günahkardır? Ermənilər bu işdə kimin dəstəyinə arxalanırlar?
Rusiyalı politoloq, Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun elmi işçisi, “Arxont” jurnalının baş redaktoru, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin prezidenti Anton Bredixinin fikrincə, Ermənistan tərəfinin gözlənilən silahlı eskalasiyası ilə bağlı bütün əlamətlər belədir. Ekspert “Caliber” analitik mərkəzinə şərhində bayağı, lakin həmişə aktual olan bir həqiqəti xatırladıb: “Təkrar biliyin anasıdır, amma bu ermənilər üçün deyil”.
“Paşinyan bir şeyi deyir, Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıyaraq sülhə hazır olduğunu iddia edir, əslində isə ortaya tamam başqa cür çıxır: Yerevan artıq işlənmiş sxemlərdən əl çəkmədən Qarabağda separatizmi qızışdırmağa qətiyyən qarşı deyil. Və burada sual yaranır: bu ikiüzlülükdür, yoxsa şizofreniya.
İrəvan Qarabağda və şərti sərhəddə vəziyyəti gərginləşdirir, Qərb mediasına göstərmək üçün qondarma soyqırım mənzərəsini yaradır və deyir: “Baxın, Azərbaycan Qarabağda humanitar fəlakətə nail olmaq üçün hər şeyi edib”. Yadda saxlayaq ki, irimiqyaslı müharibələr belə bir sous altında başlayır”, - deyə rusiyalı politoloq vurğulayıb.
Ekspert həmişə erməni dövlətçiliyinin postulatı olan üçlüyü- Ermənistan, Qarabağ və diasporu unutmamağı tövsiyə edir.
“Ona görə də Paşinyanın indi diasporadan dəstək alaraq və Parisin razılığını alaraq təxribatlar zəncirinə can atması faktdır. Neçə dəfə bu vəziyyəti müzakirə etmişik, Paşinyan sülh vəd etmişdi, ilin sonuna kimi sülh müqaviləsi imzalayacağına ümid etdiyini bildirsə də, baş nazir Ermənistana qayıdan kimi dərhal bu sözlərini “unutdu”.
Məncə, rəsmi İrəvan revanşizmə güzəştə getmək və regionda yeni gərginliyə başlamaq barədə ciddi qərar verib. Yenə də əminəm ki, Ermənistanın avropalı sponsorlarından biri, çox güman ki, Paris bütün mümkün nəticələrə yol verib və vəziyyətin gələcək inkişafını diqqətlə izləmək lazımdır”, - A.Bredixin vurğulayıb.
Tərcümə - Elçin