Qarabağdakı erməni separatçılarının "hüquq müdafiəçisi" Geqam Stepanyan "aclıqdan ölmə" "faktı" barədə məlumat yayıb. Xəbər verib ki, guya Xankəndidə yaşayan, 1983-cü il təvəllüdlü K.Hovhannisyan acılıqdan dünyasını dəyişib. "Məhkəmə-tibbi ekspertizası" da tələsik rəy verib və hətta K.Hovhannisyan üçün ölüm şəhadətnaməsi də hazırlayıb.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, indiyə qədər də ermənilər bu cür üsullardan istifadə etməklə Azərbaycanı gözdən salmağa, öz cinayətlərini gizlətməyə çalışıblar: "Təbii ki, bu "fakt gözlənilən idi, çünki, bu gün gecə saatlarında Vaşinqtonda Ermənistanın təkidi ilə Qarabağdakı separatçı ermənilərin vəziyyəti, daha doğrusu "humanitar fəlakət"lə üzləşdikləri və bundan çıxış yolları müzakirə olunacaq. Belə bir "qurban" ermənilər üçün lap göydəndüşmə olub. Hətta belə bir fikir də hakimlik edir ki, bu, erməni separatçılarının növbəti şousudur və onlar buna çoxdan hazırlaşırmışlar. Ermənilərin bu iddiasını təkzib edəcək çox faktlar, tutarlı dəlillər var. Əvvəla, Qarabağ bölgəsi səhralıq, ya da çöllük ərazi deyil. Burada yaşayan insanlar başqa qidalar olmasa belə ilboyu meşələrdə bitən meyvələrdən, kənd təsərrüfatı, tərəvəz məhsullarından və digər bitkilərldən qidalanmaqla aclığın öhdəsindən uzun müddət gələ bilərlər. Ona görə də "aclıq" barədə deyilənlər ermənilərin uydurması, dünya ictimaiyyətinin diqqətini bölgəyə cəlb etməkdir".