“Ermənistan tərəfi üçtərəfli bəyanatdan irəli gələn vəzifələri icara etməyənə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyan sənədə, sülh müqaviləsinə imza atmayana qədər müharibə ehtimalı hər zaman qalır. Bu gün sərhəddə baş verənlər, iki ölkə arasındakı gərginlik, ayrı-ayrı məsələdə maraqlı olan qüvvələrin separatçılara dəstəyi, məsələnin BMT TŞ-də müzakirəyə çıxarılması bizim maraqlarımıza cavab vermir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə, Ermənistan Azərbaycanın şərtlərini qəbul etmədiyi təqdirdə, Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara başlamaqdan başqa bir seçimi olmayacaq: “Bizim 30 il daha boş danışıqlara vaxt sərf etməyə imkanımız yoxdur. Biz davamlı olaraq separatçı rejimin silahlandırılması istiqamətində atılan addımlara şahidlik edirik. Məhz regionda marağı olan ayrı-ayrı ölkələrin addımları nəticəsində hər gün həm Ermənistan, həm də separatçı rejimin daha da aqressivləşdiyinin və revanşist bəyanatlarla çıxış etdiyini görürük. Bütün bunlar isə təbii olaraq hərbi əməliyyatlar ehtimalını artırır. Amma həm Ermənistan tərəfi, həm də onların havadarları bilməlidirlər ki, növbəti hərbi əməliyyatlar Ermənistan adlı dövlətin özünün varlığını şübhə altına salacaq”.
Müəllif: Səbinə Hüseynli