PDF Oxu

Siyasət

  • 9 040

“Böyük Qayıdış”ın “Füzuli salnaməsi”

“Böyük Qayıdış”ın “Füzuli salnaməsi”

İlin sonunadək Füzuliyə 800 ailənin köçürülməsi nəzərdə tutulur

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Füzuli rayonu 29 il ara ilə iki dəfə işğaldan azad edilib. 1994-cü il Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi işğaldan azad edildikdən sonra, 2020-ci il 17 oktyabr tarixində Füzuli rayonu işğaldan tam azad olunub. Füzuli rayonunun əhalisi Qarabağ müharibəsində ölkəmizdən ən çox itkin və şəhid verən rayondur. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var.

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun əsası 1930-cu ildə qoyulub və Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli adlandırılıb.

27 illik işğaldan azad edildikdən sonra Füzuli rayonu nəhəng bir xarabalığı xatırladırdı. Vandallar bütün rayonun infrastrukturunu dağıdıb, yolları bərbad hala salıb, iaşə obyektlərini və yaşayış evlərini, mədəni-tarixi abidələri məhv etmişdilər. Rayonda geniş quruculuq işləri aparıldı, yeni məktəblər, xəstəxanalar, binalar tikildi, iqtisadi imkanlar genişləndirildi. Rayona vurulan maddi və mənəvi zərərin miqyası böyük olduğu üçün abadlıq işlərinin illərlə çəkəcəyi hesablanmışdı. Lakin dövlətimiz bütün Qarabağda sürətli abadlıq işlərinə start verdi, işğaldan azad edilən digər rayonlardakı kimi Füzuli rayonunu az bir müddətdə yenidən yaşanacaq vəziyyətə gətirdi.

Bu il Füzulinin Dövlətyarlı, Pirəhmədli və Dədəli kəndlərində də quruculuq işlərinə başlandı. 2026-cı ilə qədər isə rayonun 10 kəndinin bərpası nəzərdə tutulur. 38 binalıq ilk yaşayış məhəlləsinin 18 binasının isə bu ilin sentyabrında təhvil veriləcəyi planlaşdırılıb.

Qısa müddətdə Füzulidə Mərkəzi Xəstəxananın və peşə liseyinin tikintisinə də başlanıldı. Həmçinin baş plan çərçivəsində şəhərə bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulacaq. Qələbə parkı, Füzuli Meydanı, Memorial parkın yaradılması və yaşıl zolaqlar vasitəsilə bu ərazilərin bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.

Şəhərdaxili yolların ümumi uzunluğunun 87 kilometr olması nəzərdə tutulur. İlkin mərhələdə isə 18, 5 kilometr yolun tikintisi planlaşdırılmışdı. Prospektlər 4 zolaqlı yol, küçələr isə 2 zolaqlıdır, piyadaların rahat hərəkət etməsi üçün bütün imkanlar yaradılıb. Piyada yolları, yaşıllıq zolaqları, ictimai nəqliyyatın rahat hərəkəti üçün zolaqlar, həmçinin velosiped yollarının da tikintisi yüksək sürətlə davam edir.

Füzuli şəhərində də inşa edilən təhsil ocağında son tamamlama işləri görülür. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılıb. Paralel olaraq Özbəkistan Füzulidə 3 hektar ərazini əhatə edən 960 şagird yerlik məktəbin tikintisini yüksək sürətlə davam etdirir. Yaxın günlərdə bu məktəbin tikintisinin də sonlanması planlaşdırılır.

Bütün bu işlər minalı ərazilərin sürətlə təmizlənməsi nəticəsində baş verir. Belə ki, artıq bu ilin birinci rübündə 622 hektar ərazi minalardan təmizlənib. Füzuli şəhərində məskunlaşma prosesi mərhələli şəkildə və daha tez başlayacaq. Füzulinin ümumilikdə 50 minlik əhalisi olan bir şəhər olacağı planlaşdırılır. Hazırda Füzulidə 6 məhəllə inşa olunub. 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Həmin yaşayış sahəsinə ilin sonunadək 800 ailənin köçürülməsi nəzərdə tutulur. Köçürülmə prosesi iki mərhələdə planlaşdırılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir. Bu günlərdə Füzuli ilk sakinlərini qəbul edəcək. İlk dəfə olaraq Qarabağa köç fərdi evlərə deyil, çoxmənzilli binalara baş tutacaq.

Qeyd edək ki, MİDA tərəfindən tikilən Füzuli yaşayış kompleksinin ümumi sahəsi 8,9 hektardır və 6 məhəllədə 38 yaşayış binasından ibarətdir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə keçmiş məcburi köçkünlərə veriləcək. Mənzillər həm də mərkəzləşdirilmiş qazanxana vasitəsilə istilik və məişət üçün isti su ilə təmin olunub. Yaşayış binaları ilə yanaşı, ərazidə park, yeraltı və yerüstü avtodayanacaqlar, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.

Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma da keçirilmişdi. Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər