Rusiyalı politoloq: Dünyaya Qarabağdan uydurma şəkillər göstərirlər ki, humanitar faciə kimi qələmə versinlər. Bu ssenarini amerikalı siyasi texnoloqlar işləyir
Son günlər Azərbaycan və Ermənistan münasibətlərində eyni vaxtda bir neçə zonada gərginlik artmaqdadır. Ermənistan tərəfindən sərhədyanı ərazilərin atəşə tutulması dayandırılmır. Azərbaycanın Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi “Azərbaycan Respublikası ərazisində qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyəti” ilə bağlı məlumat yayıb. “Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri və qalıqları tərəfindən hərbi mövqelərin şəxsi heyət, sursatla möhkəmləndirilməsi, həmçinin yeni müdafiə xətlərinin, səngərlərin, uzunmüddətli istehkamların hazırlanması və ərazidə minaların quraşdırılması aparılır. Bundan əlavə, qanunsuz silahlı birləşmələrin üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunun bir sıra yaşayış məntəqələrində müxtəlif təyinatlı hərbi texnikanın, o cümlədən HHM sistemləri və elektron müharibənin aparılması üçün qurğuların yerləşdirilməsi, mülki əhalinin kütləvi şəkildə silahlanması faktları aşkar edilib. Atış mövqelərinin yaşayış binalarının yaxınlığında yerləşdirilməsi planlaşdırılır”,- deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Kim və nə üçün Qarabağ bölgəsindəki vəziyyəti yenidən alovlandırmağa çalışır? Rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov "Moskva-Baku" portalına müsahibsində bu suallara aydınlıq gətirib. Müsahibəni oxucularımıza təqdim edirik.
-Dmitri Vladimiroviç, Azərbaycan və Ermənistan arasında artan gərginliyin növbəti dalğasının arxasında kim dayanır?
- Şübhəsiz ki, Qərb. Postsovet məkanında ikinci müharibə cəbhəsinin açılması vəzifəsini hələ ki reallaşdıra bilməyiblər. Qafqaz onların bu məqsədi üçün yaxşı bir platforma kimi görünür. Bu tapşırığın həyata keçirilməsi üçün əlverişli zəmin formalaşmaqda davam edir, o cümlədən Ermənistan üçün xaricdən fəal informasiya dəstəyi yaradılır.
Qarabağ ətrafında vəziyyət informasiya müstəvisində bir növ qlobal böhran kimi süni şəkildə şişirdilir. İnandırıcılıq üçün müvafiq şəkillər göstərirlər ki, tamaşaçılar bunu görüb inansınlar. Ssenari həyata keçirilir, təbii ki, bu planı Paşinyanın kabineti yox, amerikalı siyasi texnoloqlar işləyir. Necə ki, Ermənistanda onun hakimiyyətə gətirilməsi ssenarisini həyata keçirib, əli sarğılı, xaki geyimli döyüşçü, müharibə veteranı obrazını yaradıblar. Necə ki, Qarabağla bağlı vəziyyət ətrafında “şəkillər” yaradılır, sonra isə bütün dünyada təkrarlanır.
![]()
Bütün bunlar vəziyyəti hərbi əməliyyatların yeni mərhələsinə çatdırmaq, Qarabağ ermənilərinin qondarma “müdafiəsini” qanuniləşdirmək məqsədilə həyata keçirilir.
Rusiyanın əvvəl Ağdam-Xankəndi yolunu, sonra Laçın yolunu və Zəngəzur dəhlizini açmaq təklifləri Ermənistan hakimiyyəti tərəfindən qəbul edilmir. Çünki İrəvanın qarşısında Rusiya Federasiyasından qopmaq vəzifəsi qoyulub.
Aİ missiyası Azərbaycan Müdafiə Nazirliyinin Qarabağda hərbi texnikanın toplanması ilə bağlı dünənki hesabatından sonra heç bir cəmləşmə görmədiyini bildirib. Aİ missiyası Ermənistan üzərində oynayır. Lap başdan onlar üçün belə bir vəzifə qoyulmuşdu.
Şübhəsiz ki, Ermənistanın Qərbin ssenarisi üzrə Rusiya sülhməramlılarını və Azərbaycanı bir-birinə sıxışdırmaq cəhdləri davam edəcək. Biz bunu zaman-zaman görürük. Onları hansısa hərəkətlərə cəlb etməyə çalışırlar.
Ermənistan kuratorlarının vəzifəsi erməni əhalisi üçün əlverişli həyat yaratmaq deyil, gərginlik ocağı yaratmaqdır. Sonra da NATO və ABŞ hərbçilərini bu ocağa dəvət etmək və Qarabağ ətrafında yeni münaqişə yaratmaq.
KTMT yeni münaqişənin alovlandığı təqdirdə Ermənistana kömək etməyəcək. Bu, Paşinyana bir daha bəyan etməyə imkan verəcək: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı respublikanı dəstəkləməyib və Ermənistanın bu strukturda olmasının mənası yoxdur. Ona görə də Ermənistan NATO-ya üzvlük üçün müraciət edəcək. Plan belədir.
Paşinyan Ermənistanda hakimiyyətə gələndə ona verilən tapşırığı həyata keçirir - Rusiyadan uzaqlaşma. Kim pul ödəyirsə (buradakı halda amerikalılar) musiqini də o sifariş verir.
Qərb qüvvələri Ermənistan hakimiyyəti və separatçılarla paralel işləyir. Təbii ki, Ermənistan hakimiyyətinin özü də Qərbin məqsədlərinə çatması üçün separatçılarla əməkdaşlıq edir. Bəli, separatçılar zaman-zaman Ermənistan hakimiyyətini açıq şəkildə tənqid edirlər, lakin bu heç nə demək deyil- biri digərinə qarışmır.
Eskalasiyanın təhrik edilməsi ənənəvi ssenari üzrə gedir: Ermənistan Silahlı Qüvvələri və ya separatçılar Azərbaycan ərazisini atəşə tutur. Sonra Bakı təxribatlara cavab verəndə Ermənistan tərəfi bundan istifadə edərək şikayət edir və ya günahın Azərbaycanda olduğunu iddia edir. Növbəti gərginlikdən sonra Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Ermənistan ərazisində Aİ missiyasını guya atəşə tutduğunu elan etdi. Nəticədə missiya bunu təkzib etdi.
Bütün bunları tənzimləyə bilərsiniz - bu problem deyil. Və əgər xarici qüvvələrdən biri öz qarşısına eskalasiyaya təhrik etmək vəzifəsini qoyubsa, bu ssenarinin həyata keçirilməsinə çalışacaq.
Azərbaycan hadisələrin inkişafının hərbi ssenarisinin qarşısını almaq üçün əlindən gələni edəcək. Amma o da göz qabağındadır ki, Ermənistan və separatçılar təxribat törədərsə, Azərbaycan cavab verməli olacaq, öz ərazisini müdafiə etməyə məcbur olacaq.
- Hazırda Qarabağın Bakının nəzarətində olmayan hissəsində döyüş mövqeləri quran qeyri-qanuni erməni silahlı birləşmələridir. Amma axı Rusiya Federasiyası, Azərbaycan və Ermənistan rəhbərlərinin İkinci Qarabağ müharibəsinin başa çatması ilə əldə etdikləri razılaşmalara görə, onlar bu ərazidən çıxarılmalı idilər...
- Doğrudan da, 9-10 noyabr 2020-ci il tarixlərində üçtərəfli Bəyannamənin imzalanması ilə Qarabağdakı qeyri-qanuni silahlı erməni birləşmələri öz mövcudluğuna son qoymalı idi. Təəssüf ki, bu baş vermədi və biz birləşmələrin regionda təhlükəsizliyi və sabitliyi pozan ciddi mənbə kimi necə davam etdiyini görürük. Separatçılar Qarabağın Bakının nəzarətində olmayan hissəsində hərbi fəaliyyətlə məşğuldurlar, xatırladığımız kimi vaxtaşırı təxribat hücumları təşkil edir, Azərbaycan ərazilərinin gizli şəkildə minalanması ilə məşğul olurlar.

İrəvan dəfələrlə bəyan edib: Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb. Buradan Azərbaycan Respublikasının Qarabağ bölgəsində birləşmələrin mövcudluğunun qanuniliyi ilə bağlı çıxış edirik- bunlar silahlılardır.
- Bu gün Qarabağda və sərhəddə artan gərginlikdə erməni müxalifətinin rolu nədən ibarətdir?
- Bu vəziyyətdə müxalifətin ciddi rol oynadığını düşünmürəm. Baxmayaraq ki, kimdənsə asılı olaraq bu gün müxalifət sayılır. Xaricdəki erməni diasporu çox fəal çalışır ki, Qarabağ Ermənistanda qalsın. Və müxtəlif ölkələrdə bu cür maraqlara malik siyasi lobbiçilər bunun belə olmasını təmin etməyə çalışırlar. Amma heç nəyə nail olmayacaqlar.
İkinci Qarabağ Müharibəsindən sonra erməni müxalifəti heç vaxt vahid qərar qəbuletmə mərkəzi yarada, birləşib öz gündəliyini həyata keçirə bilmədi, çünki onun gündəliyi digər məsələlərlə yanaşı, bu gün Ermənistanda heç də həmişə əhalinin maraqlarına cavab vermirdi.
Bunlar çirkli sularda balıq tutmağa çalışan və məqsədlərinə çatmağa çalışan insanlardır. Təbii ki, müxalifət Ermənistanın baş nazirini devirmək istərdi, lakin İkinci Qarabağ müharibəsindən sonra da buna nail ola bilmədi. Ona görə də Ermənistanın növbəti məğlubiyyətini Paşinyanın üzərinə yıxmaq üçün münasib anı gözləməkdə davam edirlər.
Tərcümə - Elçin Bayramlı