Azərbaycan tamamilə haqlı olaraq beynəlxalq təşkilatlardan Ermənistanın Azərbaycana qarşı gün-gündən daha da kəskinləşən nifrət siyasətinə, revanşizm səylərinə biganə qalmayacağını gözləyir. Lakin təəssüflər olsun ki, gözləntilər özünü doğrultmur. Birləşmiş Millətlər Təşkilatı (BMT) başda olmaqla, əksər beynəlxalq qurumlar "humanitar yardım" adıyla siyasi oyunlar oynayan Ermənistana və "blokada" şousu ilə dünya birliyini çaşdırmağa davam edən separatçı rejimə təzyiq göstərmək əvəzinə, onlara dəstək nümayiş etdirir.
Xüsusən də, BMT Təhlükəsizlik Şurası Ermənistanı işğalçı dövlət kimi tanımaq, İrəvanın Qarabağdakı separatçıları dəstəkləmək siyasətini pisləmək və Azərbaycanın öz ərazisində dövlət suverenliyini bərpa etmək səylərini anlayışla qarşılamaq əvəzinə, separatçılığı təşviq edən addımlar atır. Belə ki, avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Ermənistanın müraciəti əsasında Laçın "dəhliz"inin açılması məsələsinə baxıldı. Ermənistan tərəfi sözügedən iclasda iflasa uğramış “etnik təmizləmə”, "blokada" iddialarını yenidən gündəmə gətirməyə və Laçın sərhəd-keçid məntəqəsinin "humanitar yüklər" üçün açılması tələbi ilə Azərbaycana qarşı hansısa qərarın qəbul edilməsinə cəhdlər göstərdi.
Söz yox ki, Ermənistanın bu cür qondarma məsələləri BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarması bu ölkənin Azərbaycana qarşı növbəti təxribatıdır. Bunu, həmçinin, ermənilərin süni gündəm yaratmaq cəhdi kimi də qiymətləndirmək olar. BMT Təhlükəsizlik Şurası isə, öz növbəsində, Ermənistanın bu təxribatına "yaşıl işıq" yandırmamalıydı. Ancaq görünən budur ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası böyük dövlətlərin (xüsusən də, ABŞ-ın) təzyiq vasitəsinə, "dəyənəy"inə çevrilib. Eləcə də, erməni lobbisi BMT-nin sülh və təhlükəsizliyə yox, separatçılığa xidmət edən bir təşkilata çevrilməsində mühüm rol oynayır. Ona görə də bu mötəbər beynəlxalq təşkilatın obyektivliyinə inam hissimizin sarsılması təbiidir.
Lakin BMT-nin ermənilərin "rupor"una çevrilməsi Azərbaycanı öz haqlı mövqeyindən əsla çəkindirə bilməz. Bu baxımdan, BMT Təhlükəsizlik Şurasında təşkil olunan Qarabağ müzakirələrini ciddi siyasi nəticələr doğuracaq bir hadisə hesab etmirik. Bu müzakirələrin Azərbaycan üçün ağır mənfi nəticələrə gətirib çıxarması qeyri-mümkündür.
Ola bilsin ki, tövsiyə xarakterli hansısa fikirlər, çağırışlar səsləndirilir, amma rəsmi Bakı bundan sonra da Qarabağda separatçılıq hallarına qarşı qətiyyətli addımlar atılması və ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması istiqamətində səylərini davam etdirəcək. Heç bir qüvvə Azərbaycanı öz haqlı mövqeyindən çəkindirə bilməz.
Digər tərəfdən, artıq Azərbaycan XİN də bəyan edib ki, Ermənistan Azərbaycana qarşı hərbi təhdidləri davam etdirir. Rəsmi məlumatda qeyd olunub ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsindən sonra post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən hərbçilərimizə və mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri Ermənistan tərəfindən Azərbaycan ərazilərinin son 30 il ərzində məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır.
Beləliklə, fakt budur ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirərək, qüvvələrini Azərbaycan ərazisindən tam çıxartmamaqla yanaşı, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir və bu, yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur. SİTAT: "Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil etməklə, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın və 357 nəfəri uşaqdır. Cari ilin avqust ayından etibarən erməni əhalinin Laçın rayonu ərazisini tərk etməsindən sonra yalnız Laçın rayonu ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsalı E-001M markalı piyada əleyhinə minalar, habelə cari ilin 3 oktyabr tarixində Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələlərin aşkarlanması təhlükənin miqyası və ağırlığının, regionda Ermənistan tərəfindən sülh və təhlükəsizliyə nə dərəcədə ciddi zərbə vurulmasının göstəricisidir. 2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir".
Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycana qarşı hərbi təhdidləri davam etdirir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistan öhdəliklərinin ciddi pozuntusudur, bunun qarşısı alınması üçün Ermənistana təzyiq edilməlidir. Azərbaycan tərəfi dəfələrlə bu təhdidlərin aradan qaldırılması istiqamətində səylərin səfərbər edilməsi və Azərbaycanın həyata keçirdiyi humanitar minatəmizləmə işlərinə genişmiqyaslı yardım göstərilməsi barədə müraciət edib. Bu xüsusda, cari ilin 23 avqust tarixində Azərbaycanın Xarici işlər naziri tərəfindən BMT-nin Baş katibi Antonio Quterreşə müvafiq məktub ünvanlayıb və məktub BMT-nin bütün üzvləri arasında yayılıb. Azərbaycan tərəfi, həmçinin, cari ilin sentyabr ayında Ermənistan tərəfindən ərazilərin minalanmasının davam etməsinin Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci ildə qəbul etdiyi müvəqqəti qərarları açıq aşkar pozması barədə məhkəməyə rəsmi məlumat verib, aidiyyəti sübutları təqdim edib. Ermənistanın Üçtərəfli bəyanat və beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyətlərdən əl çəkməsi, bütün silahlı qüvvələrini nəhayət, Azərbaycan ərazisindən çıxarması, Ermənistanın fərq qoymadan Azərbaycan ərazilərində mina yerləşdirməsi fəaliyyətini dayandırması, mina təmizləmə fəaliyyəti istiqamətində əməkdaşlıq etməsi və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməsi üçün Ermənistana təzyiq göstərilməlidir. Bu addımlar bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə töhfə verəcək.
Beləliklə, fakt budur ki, Ermənistan açıq-aşkar revanşizm siyasəti yürüdür və bu siyasət söz yox ki, rəsmi Bakının ağır cavabı ilə məhv ediləcək.
Afət Tahirqızı