Ermənistanın “humanitar fəlakət” kimi təqdim etməyə çalışdığı əslində təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır
Ermənistanın Azərbaycana qarşı təbliğ etdiyi “blokada” və ya “humanitar böhran”ı yeni, həm də köhnə platformada – BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaq istəyi İrəvanın və bütünlükdə ermənilərin son çırpıntıları idi. Baxmayaraq ki, Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb, bu dəfə bir az da dərinə gedərək və arxasındakılara arxayın olun qələbə əldə edəcəyini düşünürdü. Əslində, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyildi və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.
“Xankəndi”, “Azərbaycanın ərazi bütövlüyü” ifadələri...
Ermənistan BMT Təhlükəsizlik Şurasının son iclasında ölkəmizi etnik təmizləmə siyasətində, soyqırımıda, həmçinin guya Qarabağda yaşayan erməniləri “blokada” şəraitində saxlamaqda günahlandırmaq, bu əsassız ittihamlar əsasında Azərbaycana qarşı hüquqi zəmin yaratmaq istəyirdi. Onlar bununla Qarabağdakı ermənilərin Azərbaycandan ayrılması prinsipini həyata keçirməyə ümid edirdilər. Bu, olduqca təhlükəli bir addım idi. Amma Azərbaycan asan olmasa da, Ermənistan və Fransa kimi ermənipərəst qüvvələr qarşısında böyük qələbə qazandı. Maraqlı məqam ondan ibarətdir ki, Təhlükəsizlik Şurasının iclasında 15 ölkənin nümayəndələrinin çıxışı dünyanın koalisiyalardan ibarət olduğunu bir daha sübut etdi. ABŞ, Fransa, Rusiya, Çin planetin bir çox ölkəsinə təsir gücünə malikdir. BMT TŞ-də çıxışlara diqqət yetirsək, Rusiya və Fransanın arqumentləri bəzi digər dövlətlər tərəfindən də səsləndirildi. Ermənistan üçün isə gözlənilməz məqam Braziliyanın və Albaniyanın Azərbaycanı dəstəkləməsi oldu. Tirananın Kosovo məsələsinə görə Bakı və İrəvan arasında bitərəf qalacağını düşünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi Bakının Balkanlarla siyasi, iqtisadi və strateji müttəfiqliyini nəzərə almamışdı. Həm Braziliyanın, həm də Albaniyanın “Xankəndi”, “Azərbaycanın ərazi bütövlüyü” ifadələrini işlətməsi sözsüz ki, təqdirəlayiq idi.
Ümid böyük və kiçik “bacılara” qaldı
BMT Təhlükəsizlik Şurasında ən neytral mövqeni Çin sərgilədi, Britaniya da qismən orta mövqe tutdu. Rəsmi Parisin BMT-dəki nümayəndəsinin isə diplomatik etikadan kənara çıxaraq toxunduğu məsələlər, əlbəttə ki, ermənipərəst mövqenin göstəricisi idi. Lakin Fransa və Maltadan başqa Ermənistanın mövqeyini tam dəstəkləyən üçüncü belə çıxış olmadı. Danışıqlar prosesində tərəflərdən olan Rusiyanın təmsilçisinin çıxışına gəlincə isə o, Türkiyə, Albaniya və Braziliya nümayəndələri ilə eyni siyahıda yer alaraq Ermənistanı faktiki olaraq neytrallaşdırdı. Onun “Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi ikitərəfli dialoqda Azərbaycanın qanunvericiliyinə uyğun aparılmalıdır” ifadəsi təqdirəlayiq idi. Çıxışlarda kimin insan hüquqları, kimin isə ərazi bütövlüyü prinsipinə vurğu edəcəyi maraqla gözlənilirdi. Braziliya, Albaniya, Rusiya və Türkiyə nümayəndələrinin insan hüquqları məsələsinə məhz ərazi bütövlüyü prizmasından yanaşmalarını yüksək qiymətləndirmək olar. O ki qaldı, ABŞ nümayəndəsinin nitqinə gözlənildiyi kimi, həmin çıxış Laçın yolunun açılması, amma, eyni zamanda, alternativ yollarla bağlı da kompromisin üzərində qurulmuşdu. O, ərazi bütövlüyü, suverenlik kimi çox vacib prinsiplərə toxunmadı. Beləliklə, Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasına ümidləri boşa çıxdı, separatçılar çox ciddi zərbə aldılar. Yəqin ki, yaxın vaxtlarda Rusiyanın vasitəçiliyi ilə son təkliflərin müzakirəsi də baş tutacaq. Sonda Ararat Mirzoyanın və Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin çıxışlarının müqayisəsini apararaq, Ermənistan XİN rəhbərinin uğursuzluğunu xüsusi vurğulamaq yerinə düşər.
Ermənistanın yaramaz ssenarisi
Ermənistanın niyyətlərinin boşa çıxmasını və hansı zərbə aldığını bilməkdən ötrü buna qədər yürütdüyü siyasətə qısa bir nəzər salmaq gərəkdir. Ermənistan hiyləgərliklə “humanitar fəlakət” şousu yaradaraq dünya ictimiyyətinin diqqətini cəlb etməyə çalışdı. Niyyət ondan ibarət idi ki, bu teatrın, “humanitar fəlakət” şousunun arxasınca məsələni beynəlxalq təşkilatlara çıxartsın, ictimai rəyi cəlb eləsin, bəlli qərarların qəbul edilməsinə nail olsun. Sonra isə bundan istifadə edərək Azərbaycanla sülh müqaviləsinə gedən yola əngəllər törətsin, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirməsin, sülh sazişi imzalamasın, havadarlarının köməyi ilə hansısa təxribatlara getsin. Ermənistanın ssenarisi, siyasətinin əsasında bu dayanırdı və məqsədləri də bunlar idi. Amma Təhlükəsizlik Şurasında Ermənistan öz istəklərinə çata bilmədi. Bu niyyətlərə çata bilməməyin bir sıra səbəbləri var. Hər şeydən əvvəl, dünya həqiqətlərdən xəbərdardır. Bu həqiqətlər təsadüfən həmin dövlətlərə çatmayıb. Azərbaycan həqiqətlərini dünyaya çatdıran Prezident İlham Əliyevin rəhbərliyi altında dəqiq müəyyənləşdirilmiş xarici siyasətimizi həyata keçirən diplomatiyamızdır. Azərbaycanın uğurunun təməlində, ilk növbədə, haqqa və ədalətə əsaslanması dayanır. Azərbaycanın işi haqq işidir və ədalətlidir. Özünə hörmət edən heç bir dövlət sərhədindən qanunsuz yüklərin ərazisinə daşınmasına icazə verə bilməz. Hər hansı bir “yardım” adı altında silah-sursat, terrorçunun daşınmasına imkan verən və ya icazə verən bir dövlətə heç bir zaman digər ölkələr hörmətlə yanaşmazlar. Azərbaycan özünə hörmət edən, haqqı, ədaləti qoruyan bir dövlətdir. İkincisi, Azərbaycanın işi, mövqeyi BMT Nizamnaməsinə əsaslanır. Qarabağı bütün dünya Azərbaycanın ərazisi olaraq qəbul edir.
Ağdamdan Xankəndinə...
Ermənistan Qarabağda yaşayan bir neçə min ermənini özünün girovuna çevirməməlidir. Ağdamla Xankəndi arasındakı yol daha qısadır, daha əlverişlidir və kimsə Azərbaycanın hüdudları daxilində necə davranmağı Azərbaycan dövlətinə hökm edə bilməz. Hökm edən yeganə qüvvə Azərbaycan dövlətidir. Azərbaycan birmənalı olaraq diplomatik müstəvidə də haqlı olduğunu sübuta yetirir. Belə ki, ölkəmizin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin qurumun Təhlükəsizlik Şurasının iclasındakı çıxışı çox konseptual idi. Bütün istiqamətləri ilə erməni yalanlarını ortaya qoyan səfir Yaşar Əliyev, Qarabağda hər hansı bir humanitar fəlakətin olmadığını, ermənilərin Azərbaycana reinteqrasiyasının önündə ən böyük əngəlin elə məhz bu separatizm və oradakı qeyri-qanuni erməni silahlı dəstələri, həmçinin onların rəhbərləri olduğunu faktlarla göstərdi.
Bununla yanaşı, Ermənistanın sülhə aparan siyasət izləmədiyini, növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa çalışdığını və manipulyasiya etdiyini aydın şəkildə bütün ictimaiyyətə çatdırdı. Bu, Ermənistan dövlətçiliyi üçün böyük bir fiaskodur. Beynəlxalq danışıqlarda guya sülh tərəfdarı olduğunu ifadə edən Ermənistanın baş naziri Nikol Paşinyanın əslində səmimi olmayan mövqeyi də ortaya çıxmış olur. Çünki Ermənistan hökuməti bir tərəfdən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır, digər tərəfdən də bizim daxili işlərimizə müdaxilə etməyə çalışır. Baxmayaraq ki, heç bir halda Ermənistan dövləti Azərbaycanla mübarizə apara biləcək gücə və imkana sahib deyil. Bu da bir tərəfdən Ermənistan dövlətinin əslində nə qədər biabırçı bir konsepsiyaya sahib olduğunu, reallıqları düzgün qiymətləndirmədiyini ortaya qoyur. Bundan sonra artıq Ermənistan üçün halqa getdikcə daralır.
Paşinyanın cığallığı
“Ermənistanın baş naziri Nikol Paşinyanın 17 avqust tarixində hökumətin iclasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsi bir daha göstərir ki, Ermənistan növbəti dəfə BMT TŞ-də düçar olduğu uğursuzluqla barışmaq istəmir. Bölgədə “humanitar vəziyyət” barədə hal-hazırkı iddiaların aradan qaldırılması üçün Azərbaycan tərəfindən təklif olunmuş “Ağdam-Xankəndi” yolundan istifadənin əksər üzv dövlətlər tərəfindən dəstəklənməsinə və bu yoldan istifadə edilməsinə çağırışlara baxmayaraq, Ermənistan baş nazirinin bu yoldan istifadəni qəbul etməməsi Ermənistan tərəfinin bölgədə vəziyyəti daha da gərginləşdirmək niyyətindən xəbər verir.
Regionda sülhə və əməkdaşlığa meyilli siyasət yürüdən Azərbaycanın beynəlxalq əhəmiyyətinin gündən-günə artırır. Azərbaycan bundan sonra da bütün müstəvilərdə üstünlüyünü, gücünü, haqlılığını ortaya qoymağa davam edəcək. Bu, Azərbaycanın növbəti qələbəsi kimi qeyd edilə bilər. Digər ölkələrdə bu reallıqları nəzərə alaraq artıq heç bir şeyi dəyişdirə bilməyəcəklərini qəbul etməlidirlər və ona görə strateji önəmi yüksələn Azərbaycanla əməkdaşlıq yolunu seçməlidirlər.
Azərbaycan beynəlxalq hüququn, BMT Nizamnaməsinin verdiyi imkanlardan istifadə edərək 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə işğal altında olan torpaqlarını azad etdi. Bütün bunlar da onu göstərir ki, ədalət, beynəlxalq hüquq güclə təmin olunur. Bu gün regionda Azərbaycan siyasi, iqtisadi və hərbi gücə malikdir. Azərbaycan dövləti və xalqı bütün dünyaya sübut etdi ki, ərazisində separatizmin davam etməsinə imkan verməyəcək.
Ərazimizdə separatizmin davam etməsində maraqlı olan Fransa və İran kimi dövlətlərin dəstəyi ilə ermənilər yenidən təşkilatlanaraq, münaqişəni alovlandırmağa nail olmaq istəyirlər. Amma anlamırlar ki, daha hay-küy salmaqla reallığı dəyişə, diplomatiyanı və hərbi gücü üstələyə bilməzlər. Laçın dövlət sərhədindən buraxılış məntəqəsi qurmaq, orada keçid rejimi müəyyən etmək və tənzimləmək Azərbaycanın müstəsna hüququdur. Buna görə də dövlətimiz kimdənsə icazə almayaraq tədbirlər görməyə davam edir. Belə hallar ölkəmizin “sərhəd keçid rejimini” tənzimləyən daxili qanunvericiliyi ilə təmin edilir. Ermənistanın BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxardığı “məsələyə” görə dəstək ala bilməməsi Azərbaycan dövlətinin, diplomatiyasının və hərbi gücünün nəticəsidir. Azərbaycan hansısa dövlətin və beynəlxalq təşkilatın bəyanatından və qərarından asılı olmayaraq öz ərazisində separatizmin kökün kəsmək, ərazi bütövlüyünü təmin etmək gücündədir və bu istiqamətdə qarşısına qoyduğu məqsədə çatacaq.
Bölgədə sülh və sabitliyin bərqərar olması üçün həm sözdə, həm də əməldə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin vacibliyinə baxmayaraq, Ermənistan tərəfinin bəhanələri təkrarlayaraq destruktiv mövqe sərgiləməsi narahatlıq doğurur.
Ekspert nə deyir?
BMT TŞ-nin Ermənistanın tələbi ilə keçirilən iclası haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib ki, BMT TŞ-nin tərkibində Qoşulmama Hərəkatı və üçüncü dünya ölkələrinin üzvləri az olduğu üçün Azərbaycanın kifayət qədər dəstək ala bilməyəcəyi barədə gözləntilər var idi. 44 günlük müharibə dövründə BMT TŞ-nin yeddi qeyri-daimi üzvü eyni zamanda Qoşulmama Hərəkatının üzvü idi və onlar iki dəfə səssiz çoxluqla ölkəmiz əleyhinə qərar qəbul edilməsinə əngəl oldu. İndi isə bu tərkib kifayət qədər dəyişib. Azərbaycan dövləti də nəyin bahasına olursa-olsun, suverenliyimizə, ərazi bütövlüyümüzə və müstəqilliyimizə qarşı qərar qəbul ediləcəyi təqdirdə qoyulan şərtləri yerinə yetirməməyi gözə almışdı. Çünki bu artıq son nöqtədir və heç bir halda geriyə də addım atmaq olmaz. Müzakirələr zamanı dövlətlərin mövqeləri əvvəlcədən təxmin edilən kimi oldu.
Fransa, Malta açıq şəkildə Ermənistanı müdafiə etdi, “soyqırım”la bağlı iddialar səsləndirdilər. İclasa ABŞ sədrlik edirdi, ancaq nə qədər neytral kimi görünməyə çalışsalar da, son dövrlərdə Bayden administrasiyasında güclənən liberal sol kəsimlərin ermənilərə duyduğu simpatiya sərgilədikləri mövqedə özünü büruzə verdi. Çünki açıq şəkildə Laçın yolu və “blokada” məsələsində bu daha çox hiss olundu. Eyni zamanda Azərbaycanın “dq” ilə danışığa çağırılması bizim üçün gözlənilməz oldu. Çünki Vaşinqton prosesi zamanı Entoni Blinken Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa çağırıb. Brazilya ölkəmizin mövqeyini müdafiə etdi, hətta Xankəndi adını işlətdikləri üçün ermənilərin tənqid və təhqirlərinə məruz qaldılar. Albaniyaya xüsusi təşəkkür düşür. Bu ölkə Frankofoniyada olduğu kimi açıq və qəti şəkildə ölkəmizi müdafiə etdi. Eyni zamanda Rusiyanın da bu məsələdə Qərbin müdaxiləsinin və məsələnin BMT TŞ-də müzakirəsinin əleyhinə olduğu dolayı yolla özünü göstərdi.
Bizim üçün əsas gözlənilməz olan məqamlardan biri Birləşmiş Ərəb Əmirliklərinin mövqeyi idi. Çünki Azərbaycanla qarşılıqlı iqtisadi və siyasi əlaqələri olan BƏƏ-nin 44 günlük müharibə dövründəki kimi dövlətimizin maraqlarına xəyanət etməsi nə İslam həmrəyliyinə, nə də ki əlaqələrin ruhuna yaraşmadı. Burada uzun illərdir oturuşmuş Türkiyə düşmənçiliyinin və ya Fransa və digər ölkələrin təzyiqlər göstərməsinin BƏƏ-nin belə mövqe sərgiləməsinə təsiri olması mümkündür. Ancaq bütün hallarda iclasın gedişatı Ermənistanın gözlədiyindən qat-qat aşağı oldu. Onlar daha təsirli nəticənin olacağını düşünürlər.
Ancaq sadaladığımız faktorlar, ABŞ-ın müəyyən mənada neytrallığı qoruması, AB nümayəndəsinin kifayət qədər balanslı çıxışı və Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yoluna istinad etməsi, ölkəmizin tərəfdaşlarının məsələyə müdaxiləsi Ermənistanın gözlədiyi nəticənin ortaya çıxmasının qarşısını aldı. Son nəticədə bu iclas rəsmi İrəvanın xarici siyasətinin fiyaskosu oldu.
Beləliklə, Azərbaycan 44 günlük müharibədə əldə etdiyi qələbələr seriyasını masada da davam etdirir. Çünki, Azərbaycan haqlı tərəfdir, Qarabağ da, Şərqi Zəngəzur da suveren ərazilərimizdir. Kimsənin bizim daxili işlərimizə qarışması qəbuledilməzdir. Ermənistan kimi ölkələr işğalçı siyasətlərindən əl çəkməsələr bundan sonra da layiq olduqları cavabı alacaqlar.
V.VƏLİYEV
P.S. Məqalədə istinadlar var