İrəvanın BMT məğlubiyyəti
Məlum olduğu kimi, avqustun 16-da Nyu-Yorkda Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) iclası keçirilib. İclasda ölkəmizin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT TŞ-da iclasında çıxış edib. Y.Əliyev Azərbaycanın haqlı mövqeyini müdafiə edib və Ermənistanın iddialarının əsassız olduğunu geniş şəkildə izah edib.
Azərbaycan XİN: "Regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır”
Qeyd edək ki, BMT TŞ-nın toplantısından sonra Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) müzakirələrə dair bəyanat yayıb. Bəyanatda bildirilib ki, Ermənistanın BMT TŞ-da növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu: “Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir. Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüququn normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini nəhayət ki, anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır”.
Qarabağda separatçıların hərbi texnikanı bir məntəqədən başqasına daşıması, səngərlərin qazılması...
Beləliklə, belə bir nəticə ilə də qeyd etmək olar ki, son günlərin prosesləri vahid ssenari əsasında baş verir. Laçın yolunun başlanğıcına yaxın ərazidə yüklə dolu nəqliyyat vasitələrinin gözləmə mövqeyində dayanması da məhz ssenarinin bir parçasıdır.
Bundan əlavə, Qarabağda separatçıların hərbi texnikanı bir məntəqədən başqasına daşıması, səngərlərin qazılması, erməni diasporunun müxtəlif ölkələrdə başlatdıqları “etiraz aksiyaları”, ermənipərəst konqresmenlərinin təxribatçı açıqlama və müraciətləri və nəhayət, BMT TŞ-da iclas, müzakirələr vahid planın, ssenarinin müxtəlif bəndləridir. Sanki xarici ölkələrdən birində yerləşən böyük beyin mərkəzlərindən birinə “Azərbaycanı necə geri addım atmağa məcbur edə bilərik?” mövzusunda fəaliyyət planı hazırlamaq sifarişi verilib. Bu riskli planı hazırlayanlar faktiki erməniləri Azərbaycanla növbəti qarşıdurmaya və itkilərə sürükləyirlər. Anlaşılan odur ki, belə vəziyyətdə sülh mümkün deyil.
Görünür ki, İkinci Qarabağ müharibəsində üzləşdikləri ağır məğlubiyyət ermənilərin əskəriyyətini ağıllandırmayıb, reallığı qəbul etmək istəməyərək Azərbaycana qarşı təzyiqlə nəsə əldə edəcəklərini düşünürlər. Əlbəttə, Ermənistanın bu addımları gözlənilən idi. Çünki ermənilər tarixən bu yolla gediblər.
Ermənistan, Qarabağ separatçıları, erməni lobbisi və onlara dəstək verən mərkəzlər Laçın yolu mövzusunu beynəlləşdirməyə çalışırlar. BMT TŞ-da təşkil edilən müzakirələrin qayəsini də məhz bu tipli oyunbazlıq təşkil edirdi.
Rəsmi Vaşinqton və London Azərbaycana qarşı hər hansı sənəd qəbul etməməklə Bakı ilə münasibətləri korlamaq istəmədilər
Lakin fakt budur ki, BMT TŞ-da Azərbaycan əleyhinə sənəd qəbul edilmədi. O cümlədən, bu, mümkün də deyildi. Çünki qətnamənin qəbulu üçün TŞ-nın daimi üzvlərinin yekdil qərar verməsi lazım idi. Bu isə indiki şəraitdə mümkün deyil. Məsələ burasındadır ki, BMT TŞ-nın daimi üzvləri olan Rusiya və Çin hər zaman digər 3 üzv – ABŞ, Fransa və Böyük Britaniyanın təkliflərinin əleyhinə səs verirlər. Rusiya-Ukrayna müharibəsi fonunda ikiyə ayrılan qütbün münasibətləri daha da gərginləşib. Ona görə də, daimi üzvlərdən birinin – Fransanın Ermənistanın və Qarabağ separatçılarının xeyrinə qəbul etmək istədiyi sənədə Rusiya dəstək verməyəcək, veto hüququndan istifadə edəcəkdi. Bunun digər səbəbi Moskvanın ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda fəallığından keçirdiyi narahatlıqdır.
Alternativ yol isə var - rəsmi Bakı Ağdam-Xankəndi yolu! Ümumiyyətlə, iclasda “Ağdam-Xankəndi yolu” ifadəsinin tez-tez səslənməsi də çox faydalı oldu. Rəsmi Vaşinqton və London Azərbaycana qarşı hər hansı sənəd qəbul etməməklə Bakı ilə münasibətləri korlamaq istəmədilər.
Qarabağ erməniləri isə Ağdam-Xankəndi yolundan istifadə etməli və Azərbaycan qanunları ilə yaşamalıdırlar. Bundan başqa onların heç bir variantları və yolu yoxdur...
Afət Tahirqızı