PDF Oxu

Siyasət

  • 2 096

AZƏRBAYCAN-MACARISTAN: Strateji tərəfdaşlığının yüksələn xətlə inkişafı - TƏHLİL

AZƏRBAYCAN-MACARISTAN: Strateji tərəfdaşlığının yüksələn xətlə inkişafı - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan və Macarıstan öz münasibətlərini artıq strateji tərəfdaşlıq kimi müəyyən edib"

VİKTOR ORBAN: "Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır"

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan-Macarıstan əlaqələri 31 il ərzində diplomatik əməkdaşlıqdan strateji münasibətlərə qədər böyük inkişaf yolu keçib. Bu dövr ərzində Azərbaycan və Macarıstan arasında 50-dən çox əməkdaşlıq sənədi imzalanıb. Ölkələr isə ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Bu gün Azərbaycan və Macarıstan bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, təhsil, nəqliyyat, kənd təsərrüfatı sferalarında geniş formada əməkdaşlıq edərək iki ölkə arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə təkan verməkdədir.

AZƏRBAYCAN İLƏ MACARISTAN ARASINDA DOSTLUQ, ƏMƏKDAŞLIQ VƏ STRATEJİ TƏRƏFDAŞLIQ RUHUNDA İNKİŞAF EDƏN İKİTƏRƏFLİ ƏLAQƏLƏRİN DAHA DA GENİŞLƏNDİRİLMƏSİ ÖLKƏMİZİN XARİCİ SİYASƏTİNİN VACİB İSTİQAMƏTLƏRİNDƏNDİR

Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycan ilə Macarıstan arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Keçən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Macarıstan parlamentində də Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

Bu il yanvarın 29-30-da Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə dost ölkəyə rəsmi səfəri əməkdaşlığın inkişafında yeni səhifə açdı. Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana sayca dördüncü səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verdi. Səfər çərçivəsində Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə idi. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqları olunmuşdu. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanıb.

Belə ki, növbəti səfər - avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfəri, səfər çərçivəsində Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban, həmçinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşlər Azərbaycan ilə Macarıstan arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə müsbət təsir edəcək.

AZƏRBAYCAN PREZİDENTİNİN VİKTOR ORBANLA GÖRÜŞÜNDƏ MACARISTAN ŞİRKƏTLƏRİNİN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ FƏALİYYƏTƏ BAŞLAMASI MÜSBƏT QİYMƏTLƏNDİRİLİB

Prezident İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüş əsnasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirildi və bu istiqamətdə daha böyük imkanların olduğu vurğulandı.

Qeyd edək ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində iştiraka Macarıstan şirkətləri böyük maraq göstərirlər və bununla bağlı müvafiq layihələr təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşündə deyib ki, hazırda Azərbaycanın enerji resursları əvvəlki dövrlə müqayisədə Avropaya daha çox lazımdır: "Biz öz təchizatımızı artırmağa hazırıq və əlbəttə ki, əməkdaşlığı dost ölkələrlə başlamaq istəyirik. Bu gün biz enerji sahəsində uzunmüddətli işbirliyinə imkan yaradacaq müvafiq Anlaşma Memorandumunu imzalayacağıq".

"Lakin təkcə bu sahə deyil, çünki biz təhsil və mədəniyyət sahələrində əməkdaşlıq edirik. Biz Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik. Bu gün biz cənab Baş nazirlə bu və digər məsələləri müzakirə etdik", - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulandı. Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edildi, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunuldu, ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu.

Qeyd edək ki, iki ölkə arasında enerji diplomatiyasının mühüm elementləri üzrə də uğurlu əməkdaşlıq mövcuddur. Macarıstan Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və bu layihədən yararlanmaq istəyini dəfələrlə izah etmişdir. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa olduqca böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın oynadığı strateji rolu daim təqdir edir: "Əlbəttə ki, enerji gündəliyimizdə birinci yerdədir. Bu gün biz mühüm Anlaşma Memorandumunu imzalayacağıq və mən bunu çox mühüm addım hesab edirəm, çünki o, qaz təchizatı sahəsində əməkdaşlığa başlamaq üçün imzalanacaq ilk sənəddir".

Həmçinin onu da qeyd edək ki, Azərbaycan tərəfindən Avropanın Cənub-Şərq hissəsi və Qara Dəniz hövzəsində yerləşən dövlətlərə enerji ehtiyatlarının çatdırılması siyasətinin bir hissəsi olaraq Macarıstanla da bu sahədə əməkdaşlığın qurulmasında hər iki tərəfin olduqca böyük potensialı mövcuddur.

Söhbət zamanı, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin önəmi qeyd olundu, Orta Dəhlizin əhəmiyyəti və yükdaşımaların artması vurğulandı.

Görüşdə ölkələrimizin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edildi

AZƏRBAYCAN-MACARISTAN MÜNASİBƏTLƏRİ STRATEJİ SƏTƏRƏFDAŞLIĞIA ÇEVRİLİR

Cari ilin yanvarın 30-da İlham Əliyevin Budapeştə səfəri zamanı liderlər mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımızın ifadə etdiyi kimi, "ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır".

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşündə bildirib ki, biz iki dost, həm də tərəfdaşıq: "Biz həqiqətən, iki dost və tərəfdaşıq. Biz öz münasibətlərimizi artıq strateji tərəfdaşlıq kimi müəyyən etmişik. Bu gün isə biz əməkdaşlığımızın strateji mahiyyətini təsdiqləyəcək digər sənədə imza atacağıq".

Dövlətimizin başçısı bildirib ki, milli ənənələrə sadiqlik, ailə dəyərlərinin qiymətləndirilməsi kimi prinsiplər bizim həyat prinsiplərimizdir. Həm ikitərəfli münasibətlərə baxışlarımız eynidir, həmçinin dünyada gedən prosesləri də biz eyni prizmadan qiymətləndiririk: Baş nazir Viktor Orbanla artıq on ildən çoxdur dostluq etdiklərini bildirən Prezident İlham Əliyev bildirib ki, hər bir fürsətdən yararlanaraq ölkələrimiz üçün vacib olan məsələləri müzakirə etmək və onları həll etmək istəyirik.

Dövlət başçımız Macarıstanla dostluq əlaqələrimiz Avrasiya qitəsi üçün də çox böyük önəm daşıdığını söyləyərək bildirib ki, ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır: "Cənab Baş nazir qeyd etdiyi kimi, biz uzun illərdir ki, bir-birimizlə sıx təmasdayıq. Bizi dostluq əlaqələri bağlayır. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır".

VİKTOR ORBAN: "Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm"

Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi naharda bildirib ki, Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib. "Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm", - deyə Viktor Orban vurğulayıb.

Bəli, Prezident İlham Əliyevin Macarıstana səfəri, iki dövlət arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ən əsası isə, Prezident İlham Əliyevin bu ölkəyə səfəri Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq. Dövlət başçımızın söylədiyi kimi: "Həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər