PDF Oxu

Siyasət

  • 2 391

Diplomatik masada Azərbaycanın xarici siyasətinin növbəti uğuru ŞƏRH

Diplomatik masada Azərbaycanın xarici siyasətinin növbəti uğuru ŞƏRH

Ermənistan və onun siyasi tərəfdarlarının öz çirkin xislətlərinə sadiq qalaraq “blokada” və ya “humanitar böhran” adı altında ölkəmizə qarşı gülünc ittihamlarla dolu qarayaxma kampaniyası növbəti dəfə əsassız və sübutsuz qalmaqla ciddi diplomatik məğlubiyyətə uğradılar. Rəsmi İrəvan BMT-nin Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixli növbədənkənar iclasında Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoyması kimi cəfəng fikirləri rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da arzusuna çata bilmədi. Ölkəmizi humanitar fəlakət yaratmaq fonunda Xankəndidə ərzaq böhranına görə ölüm hallarının qeydə alınması kimi həqiqətə uyğun olmayan məlumatları ermənisayağı şəkildə xüsusi bir yazıqlıqla vurğulamaq Ermənistanın növbəti avantyurası idi. Ermənistanın bu hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümüdür.

Rəsmi İrəvan siyasi məsuliyyətsizlik nümayiş etdirərək 30 ilə yaxın müddətdə 4 qətnaməsinə açıq-aşkar məhəl qoymadığı BMT Təhlükəsizlik Şurasını və Avropa İttifaqını oyuncaq quruma çevirmək planı bu dəfə də uğursuzluqla nəticələndi. Ermənistan nümayəndəsinin Azərbaycana qarşı tam böhtan və yalan üzərində qurulmuş çıxışı, səsləndirdiyi həqiqətdənkənar, qərəzli fikirləri iclas iştirakçıları tərəfindən yalnış məlumat kimi yadda qaldı. Heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi. Azərbaycanın diplomatik nümayəndəsi tərəfindən Ermənistanın boş və mənasız tələblərinə tutarlı və dəqiq arqumentlərin gətirilməsi ermənilərin “humanitar böhran”, “blokada” adı altında növbəti siyasi manipulyasiya cəhdini iflasa uğratdı və müzakirələr Azərbaycanın diplomatik qələbəsi ilə başa çatdı. Bu iclasda Ermənistanın sülh gündəliyinə sadiq olmaması müzakirələrdə daha qabarıq görünürdü.

Əsil humanitar fəlakət təkcə Xankəndidə deyil, hazırkı Ermənistanda hökm sürür. Ermənistanda hökm sürən işsizlik, əhalinin sosial durumunun acınacaqlı olması, ərzaq məhsullarının gündən-günə bahalaşması, inflyasiyanın artması kimi
ağır vəziyyətə dözə bilməyən vətəndaşların Ermənistanı kütləvi şəkildə tərk etməsinin səbəbkarı Azərbaycandırmı? Ermənistanın siyasi rəhbərliyi bütün uğursuzluqların səbəbini Azərbaycanda görür. Əslində, rəsmi İrəvan humanitar məsələləri siyasi məqsədlər üçün istifadə edir.

Ölkəmizin əldə etdiyi bütün uğurlar Prezident cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, müasir dövrdə Azərbaycan söz sahibi bir ölkə kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir, regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır, Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır, dünyada sülhyaratma prosesində fəal iştirak edir, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirir, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri tədbirləri görür.

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclasında çıxış edən Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Y.Əliyev bildirib ki, “Laçın sərhəd buraxılış məntəqəsi” Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbiçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etməsinin qarşısını almaq məqsədilə yaradılıb. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın Laçın keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. O, həmçinin “Laçın dəhlizi” adlanan yolla bağlı açıqlamasında qeyd edib ki, bu yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial status olmayan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən ilk növbədə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib.

Qarabağda iddia edilən soyqırım yoxdur. Bu, rəsmi İrəvanın növbəti təxribatı idi ki, səmərəsiz oldu. Bu gün Dağlıq Qarabağ adlanan keçmiş problem mövcud deyil, Qarabağda yaşayan ermənilərin talehi məsələsində Azərbaycan həmişə prinsipial və ədalətli mövqey tutur. Əsassız iddiaların puça çıxması fonunda Qarabağ ermənilərinin yeganə düzgün qərarı Azərbaycan vətəndaşlığını qəbul etmək, birgə yaşayış mühitindən bəhrələnərək dinc yaşamaq olardı. Əslində ümidvarıq ki, BMT-nin son qərarından sonra bu proses sürətlənəcək və müsbət həllini tapacaqdır.16 avqust 2023-cü il tarixində Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətə dair müzakirələr Ermənistan diplomatiyasının tam iflası ilə nəticələnərək bir daha Azərbaycanın diplomatik gücünü və Beynəlxalq hüququn, haqq və ədalətin Azərbaycan tərəfində olduğunu göstərdi. Bu, Azərbaycan diplomatiyasının növbəti möhtəşəm uğuru idi.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər