PDF Oxu

Siyasət

  • 2 785

Arutyunyan aradan çıxır? - ŞƏRH

Arutyunyan aradan çıxır? - ŞƏRH

Erməni mənbələri nə yazır?

Artıq bir neçə gündür ki, separatçı qurum və Ermənistanın “siyasi” dairələri qondarma rejimin saxta "prezidenti" Araik Arutyunyanın tezliklə istefa verəcəyi ilə bağlı xəbərləri intensiv şəkildə yaymaqdadırlar.

"Hraparak": "Arutyunyanın yaxın adamları dünən bizi əmin etdilər ki..."

Belə ki, bəzi iddialar da üst-üstə düşmür. Misal üçün, "Aravot"qəzeti onun hər hansı yolla aradan çıxacağını bildirir, lakin “Hraparak” nəşri xəbər verir ki, separatçı “lider” istefa verməyəcək: “Arutyunyanın yaxın adamları dünən bizi əmin etdilər ki, istefa olmayacaq. Bununla belə, eyni zamanda, müəyyən etdik ki, bu, “artsax prezidenti”nin belə bir niyyətinin olmadığı anlamına gəlmir. Bəlkə indi var, amma bəzi şərtlərə əsaslanaraq, o, qərarından geri çəkildi”.

Halbuki "Aravot" fərqli fikirlər yayıb. Bildirib ki, Arutyunyanın getməsi labüddür, çünki Bakı bütün hallarda onu həbs etmək qərarını verib. Bu baxımdan, o, qaçmaq yolunu seçib.

Samvel Babayandan imtina edilib

"Hraparak" isə Qarabağdakı mənbələrinə istinadla yazır ki, həftənin əvvəlində Araik Arutyunyan separatçı rejimin “siyasi elitası”nı, “parlament” qüvvələrinin başçılarını, sabiq tanınmamış “dqr” rəhbərləri Bako Saakyan və Arkadi Qukasyanı, keçmiş “dövlət naziri” Ruben Vardanyanı dəvət edib və onlarla dörd saatdan çox müzakirə aparıb. İclasda “Daşnaksutyun” partiyasından qondarma qurumun “parlament”inin yeni “sədr”i seçilmiş Davit İşxanyan və digərləri də iştirak ediblər.

Nəşr bildirir ki, sözügedən görüşdə Samvel Babayanın iştirakı məqsədəuyğun sayılmayıb deyə ona təklif göndərilməyib. Çünki o, Arutyunyanın “siyasi kursu” ilə qəti şəkildə razılaşmır.

Erməni KİV-i onu da əlavə edib ki, Arutyunyan artıq “prezident” vəzifəsinin yükündən yorulub və istefa vermək qərarına gəlib: “Lakin bunu etməzdən əvvəl o, “artsax”ın taleyi ilə bağlı narahat olan siyasi qüvvələrə və “dövlət rəsmiləri”nə məlumat vermək istəyib ki, onlar Arutyunyanın istefasından sonra nə edəcəklərini bildirsinlər. A.Arutyunyan toplantıda bildirib ki, həftənin sonuna kimi istefa vermək qərarına gəlib, çünki Laçın yolunun bağlanmasından sonra “artsax” üçün artıq heç nə edə bilmir”.

Mənbə bildirib ki, Arutyunyan toplantıda olanlardan xahiş edib ki, onun qərarına anlayışla yanaşsınlar və onu bəzi arqumentlərlə inandırmağa çalışmasınlar:

“Çünki o, artıq belə aciz mövqe tuta və tüpürdüyünü yalaya bilməz. Ən əsası isə Arutyunyan əmin edib ki, o, qərarını Ermənistan hakimiyyəti ilə də müzakirə edib. Arutyunyan deyib ki, İrəvan bu məsələdə ona heç bir problemin olmadığını söyləyib. “Prezident” “Artsax”da sülhməramlı missiyanı yerinə yetirən Rusiya hərbi qrupunun rəhbərliyini də məlumatlandırıb”.

Azərbaycan bayrağı Xankəndiyə tərəf sancılmaq üçün artıq tam hazır vəziyyətdədir!

Erməni nəşrin verdiyi məlumata görə, Arutyunyanın sözləri toplantı iştirakçılarında soyuq duş effekti yaradıb və onlar Arutyunyanı qorxaqlıqda ittiham ediblər: “Sözügedən şiddətli tənqidlərdən sonra Arutyunyan istefa qərarından geri dönsə də, “Artsax”da hesab edirlər ki, nə vaxtsa onun bir daha belə bir istəyi olmayacağına zəmanət yoxdur. Ona görə də müzakirələrdə onun getməsinin yaxın vaxtlarda “qanunvericilik” yolu ilə həlli məsələlərinə də toxunulub”.

Beləliklə, saxta və separatçı rejimdə vəziyyət gərginlik həddinə çatıb və bu fakt artıq onun çöküşündən xəbər verməkdədir. Hər halda görünən də budur ki, Azərbaycan bayrağı Xankəndiyə tərəf sancılmaq üçün artıq tam hazır vəziyyətdədir.

Afət Tahirqızı

Digər xəbərlər