PREZİDENT İLHAM ƏLİYEV: “Əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək”
Davamlı inkişaf yolu ilə irəliləyən ölkəmizin bütün sahələrdə göstəriciləri ildən-ilə artmaqdadır. Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlər öz müsbət nəticələrini verməkdədir. Bunu iyunun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səslənən rəqəmlər də təsdiqləyir. Cari ilin ilk altı ayının nəticələri deməyə əsas verir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. Ötən altı ayda nəzərdə tutulmuş hədəflərə nail olunub.
Sözsüz ki, hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil iqtiadiyyatın yüksək olmasıdır. Ölkə başçısı müşavirədə çıxışı zamanı görülmüş işlər, əldə olunan nəticələr haqqında geniş məlumat verdi, həmçinin qarşıda dayanan vəzifələri müəyyənləşdirdi. Qeyd edildi ki, ölkəmiz uğurla inkişaf edir və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Müstəqil xarici siyasət yürüdən, tərəfdaşları ilə səmimi anlaşma siyasətinə üstünlük verən, dünyada, regional problemlər və qlobal məsələlərlə bağlı öz mövqeyini ədalət prinsipləri əsasında bildirən, beynəlxalq hüququn pozulmasına, milli münaqişələrə, irqi ayrı-seçkiliyə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan dünyanın siyasi, iqtisadi, humanitar platforması adını əməli fəaliyyəti ilə doğruldur.
6 AYIN GÖSTƏRİCİLƏRİ VƏ UĞURLU NƏTİCƏLƏR RƏQƏMLƏRLƏ
Müşavirədə 6 ay ərzində əldə edilən uğurlar xüsusi olaraq qeyd edilib. Dövlət başçımızın qeyd etdiyi kimi, bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır. Həmçinin, ölkəmizin maliyyə imkanları da genişlənib ki, bu da müvafiq sahədə aparılan islahatların uğurlu nəticəsi və şəffaflığın təmin edilməsi ilə bağlıdır. Ölkənin builki dövlət büdcəsi rekord həddə - 33 milyard manatdan çox səviyyəyə qalxıb. Bu da, öz növbəsində, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilməsinə, ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə və Azərbaycanın hərbi gücünü daha da artırmağa imkan verir. Bütövlükdə isə yarım ildə 3 milyard manatdan çox vəsait əlavə edilib. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə ölkənin hərbi potensialının güclənməsinə yönəldilib. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir. Ölkə başçısı qeyd edib ki, mütləq rəqəmlərdə ölkəmizin xarici borcu cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Birinci altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil etmişdir.
BİZ QARABAĞI, ZƏNGƏZURU YENİDƏN QURURUQ, YENİDƏN QURMALIYIQ
Prezident İlham Əliyev müşavirədəki çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı görülən işlərə xüsusi diqqət yetirib. O, bildirib ki, artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər artıq burada bərpa olunan beş yaşayış məntəqəsində vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə, Böyük Qayıdış Proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İşğaldan azad edilən ərazilərdəki şəhər və qəsəbələrin Baş planları hazırlanaraq təsdiqlənib, hazırda bir çox yerlərdə fəal inşaat işləri aparılır. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcəkdir. xususi olaraq qeyd edilməlidir ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.
Dövlətimizin başçısı onu da söyləyib ki, heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik: «Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik».
Bir sözlə, bu gün işğaldan azad olunmuş torpaqlarda aparılan möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilməlidir. İşlərin miqyası bütün dünyanı, sözün əsl mənasında, heyrətə gətirir. Bəli, güclü iqtisadiyyat güclü dövlət deməkdir. Dövlət başçımız çıxışlarının birində dediyi kimi: "İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq. Asılı olsaydıq, Qarabağ bu günə qədər işğal altında idi. Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var».
Göründüyü kimi, göstərilən rəqəmlər bir daha Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu təsdiqləyir, ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyevin çevik, qətiyyətli və düzgün qərarlar qəbul etməsinin məntiqi nəticəsidir ki, Azərbaycan artıq son 20 ildə hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur.Ümumilikdə, dövlət başçımızın 2023-cü ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışı bir daha göstərdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər, sahələr üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə icra edilir və bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir. Çünki hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil iqtisadiyyatın yüksək olmasıdır.
RƏFİQƏ KAMALQIZI