Ermənistanın Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiası əsasında avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirdi. Azərbaycanın uğurlu diplomatiyası sayəsində Ermənistanın saxta gündəm yaratmaq cəhdi nəticəsiz qaldı.Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Belə bir ali orqanı Ermənistanın bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından zərərli hesab edilir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülhün və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır. Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüququn normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini anlayacağına ümid edildi. Bir daha təsdiq edildi ki, belə müzakirələrə ehtiyac yox idi. Məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edildi və Ağdam yolunun açılması vacib sayıldı. Ən əsası Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktı qəbul edildi.Azərbaycan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam–Xankəndi yolundan istifadə edilməsi təklifinə Ermənistan tərəfinin etiraz bildirməsi, işğalçının bu yola beton maneələr düzməklə əraziyə girişi bloklaması və bununla Qarabağın erməni icmasının guya humanitar fəlakətlə üzləşməsi görüntüsü yaratması, əslində, işğalçı dövlətin siyasi şantaj və manipulyasiyasıdır. Ermənistanın bu çirkin niyyəti bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir. Son vaxtlar baş verən bütün bu təxribatlara görə məsuliyyət şübhəsiz ki, Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu yaşadan, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən işğalçı ölkənin və onun rəhbərliyinin üzərinə düşür.Ağdam–Xankəndi yolu genişhəcmli humanitar yüklərin daşınmasına tam olaraq hazırdır. Lakin bu yolun istifadəsinə icazə verilməməsi, yerli sakinlərin girov kimi istismar edilməsi, eləcə də ərzaq göndərilməsi prosesinin imitasiyalı formada təşkil olunması spekulyasiya, manipulyasiya və qarayaxmadan başqa bir şey deyil.Azərbaycanla hədə və təzyiq dili ilə danışmağın səmərəsiz olduğunu yaxın tariximiz dəfələrlə sübut edib. Bizim güclü dövlətimiz, müdrik liderimiz, perspektivlə bağlı aydın planlarımız var. Ermənistan isə daha böyük məhrumiyyətlərlə üzləşməmək üçün reallıqları obyektiv qiymətləndirməyə cəhd göstərməlidir.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri