PDF Oxu

Siyasət

  • 2 271

Erməni siyasətçilərinin iddiaları ölkəni məhvə sürükləyir - ŞƏRH

Erməni siyasətçilərinin iddiaları ölkəni məhvə sürükləyir - ŞƏRH

Bakı isə hələ ki, səbir edir və belə davam edərsə, Ermənistan daha ağır vəziyyətlərlə qarşı-qarşıya qalmalı olacaq

Hələ də doğru-düzgün yol tapa bilməyən, parçalanan Ermənistan cəmiyyətində baş verən xaotik vəziyyət səngimək bilmir və düşmən ölkənin siyasi dairələrində qarşılıqlı çəkişmələr davam edir. Lakin Ermənistanın üzləşdiyi kəskin böhranda bir-birilərini ittiham edənlər daha çox baş nazir Nikol Paşinyanı günahlandırırlar.

Suren Surenyants: "Qarabağ dövlət qurumu kimi beynəlxalq siyasətdə praktiki olaraq mövcud deyil"

Bu arada, erməni politoloq Suren Surenyants özünün Teleqram kanalında ölkəsinin başına açılan oyunlardan narahat olduğunu deyib. Onun fikrincə, dövlətçiliyin süqutu da məhz belə baş verir. "Qarabağ dövlət qurumu kimi beynəlxalq siyasətdə praktiki olaraq mövcud deyil və Qarabağ erməniləri həll yolları axtarmaq əvəzinə toqquşmalara səbəb ola biləcək daxili çəkişmələrlə məşğuldur”, - deyə o bildirib.

Surenyants sülh gündəliyində Rusiyaya aid edilən təkliflərə də toxunub və qeyd edib ki, ruslar Qarabağın "müstəqilliyi", hətta "siyasi muxtariyyətini" belə nəzərdə tutmurlar: "Orada bələdiyyə və mədəni muxtariyyətin yalnız zəif komponentləri var. Lakin Rusiyanın təklifləri qüvvələr balansına əsaslanır. Amma güman etmirəm ki, bundan sonra kimsə bizə daha yaxşı təklif versin. Zaman da əleyhimizə işləyir. Üç aydan sonra bizə ən pis təklif gələcək, ya da heç onu da etməyəcəklər. Ehtimal ki, həmin müddətə qədər Qarabağda daha erməni qalmayacaq”.

Boris Aruşanyan: "Ermənistan bəyan etməliydi ki, rəsmi İrəvan Qarabağın "müstəqilliyini" tanımağa və təhlükəsizlik təminatı verməyə məcburdur"

Digər erməni politoloqu, Boris Aruşanyan isə deyib ki, Ermənistanın Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıması danışıqlarda erməni tərəfinin mövqeyini xeyli zəiflətdi və bu, Ermənistanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının sonuncu iclasında açıq şəkildə hiss olundu. “Qarabağ probleminin BMT Təhlükəsizlik Şurasında müzakirəsi ümumilikdə müsbət addımdır. Lakin belə bir şəraitdə nəzərə almaq lazımdır ki, fövqəldövlətlər məsələnin həllini, adətən, zəif tərəfin hesabına təmin edir. Bu gün isə Ermənistan zəif tərəfdir", - deyə o bildirib.

Onun fikrincə, məhz buna görə də Ermənistan hakimiyyəti BMT Təhlükəsizlik Şurasına müraciət etməzdən əvvəl nəzərə almalı idi ki, onların Azərbaycanın ərazi bütövlüyünü tanıması danışıqlarda mövqelərini əhəmiyyətli dərəcədə zəiflədəcək: "BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistan bəyan etməliydi ki, rəsmi İrəvan Qarabağın "müstəqilliyini" tanımağa və təhlükəsizlik təminatı verməyə məcburdur. Belə sərt mövqe qarşısında dünya ictimaiyyəti susacaqdı”.

Təxribatçı bəyanatlardan doğan təhlükə

Erməni siyasətçinin fikrincə, Ermənistan Qarabağın "müstəqilliyini" tanıyarsa, bütün məsələlər həllini tapacaq. Lakin buradan da görünür ki, belə təhlükəli fikir ölkənin süqutunu sürətləndirir. Əslində, Aruşanyan da bunun nə ilə nəticələnəcəyini yaxşı anlayır və sadəcə, Ermənistanın düşdüyü hazırkı vəziyyətlə barışmaq istəmir. Nəyin bahasına olursa-olsun, itirdikləri mövqeyi geri qaytarmaq üçün çalışan erməni siyasətçilər bu cür təxribatçı bəyanatlar verməklə erməni cəmiyyətində çaşqınlıq yaradırlar. Bakı isə hələ ki, səbir edir və belə davam edərsə, Ermənistan daha ağır vəziyyətlərlə qarşı-qarşıya qalmalı olacaq. Hətta xəritədən bu dövlətin adının silinməsinə qədər...

Afət Tahirqızı

Digər xəbərlər