PDF Oxu

Siyasət

  • 3 172

Əli Kərimli təşviş və qorxu içindədir ANALİZ

Əli Kərimli təşviş və qorxu içindədir ANALİZ

5 min üzvün siyahısının Ədliyyə Nazirliyinə təqdim edilməsi mümkün olmadığından AXCP rəhbərliyi çıxılmaz vəziyyətə düşüb

Azərbaycanda dövlətinin əsas hədəfi və məqsədi insanların daha firavan, rahat, təminatlı və təhlükəsiz yaşamasıdır. Bu istiqamətdə ən zəruri tələblər icra edilir, işlər həyata keçirilir. Vaxtaşırı müasir dövrün tələblərinə uyğun olaraq islahatların həyata keçirilməsi cəmiyyətimizdə yüksək məmnunluq yaradır. Təbii ki, aparılan islahatlar sistemində dövlətin diqqət çəkdiyi əsas məsələlərdən biri də siyasi sistemin təkmilləşdirilməsi, müasir dövrün tələblərinə uyğun mexanizmin qurulmasıdır. Dövlətimiz həyata keçirilən çoxşaxəli islahatlar kursuna uyğun olaraq siyasi partiyaların fəaliyyətinin səmərəliliyinin daha da artırılması üçün müxtəlif addımlar atıb, qanunlar qəbul edilib. “Siyasi partiyalar haqqında” qanunun qəbul edilməsi də təxirəsalınması qeyri-mümkün olan zəruri qanunlardandır. Qanunun qəbulundan çoxsaylı siyasi partiya üzvləri və funksionerləri razılıqlarını ifadə etsələr də, narazılıqlarını bildirib, hay-küy qaldıranlar da var. Xüsusilə də, hay-küy qaldıranlar ənənəvi dağıdıcı müxalifət partiyaları və onların rəhbərləridir. “Siyasi pariyalar haqqında” qanuna görə, siyasi partiyalar təkrar qeydiyyatdan keçməli və bu zaman Ədliyyə Nazirliyinə 5 min imza təqdim etməlidir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən, partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb. Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
Əli Kərimlinin saxtakarlıq cəhdi baş tutmadı
Araşdırmalar zamanı bəlli olub ki, özünü aparıcı müxalifət partiyası kimi təqdim etməyə çalışan AXCP-nin sənədlərində çoxsaylı saxtakarlıqlar var. AXCP-nin Ədliyyə Nazirliyinə təqdim etdiyi 5315 nəfər üzvün 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilməyib. Həmçinin aşkarlanıb ki, 119 nəfər başqa partiyaların üzvləridir və 59 şəxs barədə məlumatlar təkrarlanıb, 609 nəfər isə, ümumiyyətlə, AXCP üzvü deyillər. Bu kimi saxtakarlıqlara cəhdlər onu təsdiq edir ki, Ə.Kərimli ənənəvi ampluasındadır. O dövrün islahatlar sistemindən, müasir yeniliklərdən kənarda qalıb. Anlamır ki, informasiya-texnologiyalarının inkişaf etdiyi bir zamanda saxtakarlıqları, dələduzluqları üzə çıxarmaq sadə və asan bir işdir. Əvvəlcədən də bəlli idi ki, Ə.Kərimli 5 min nəfərlik üzvün siyahısını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təkrar qeydiyyat üçün təqdim edə bilməyəcək. Çünki sosial bazası olmayan AXCP-də nəzərdə tutulan sayda insan yoxdur. Bu səbəbdən şivən salıb, diqqəti özünə cəlb etməyə çalışır. Sosial şəbəkələrdə paylaşdığı statusunda hədələyici mesajlarla çıxış edir, ultumativ bəyanatlar səsləndirir: “AXCP "Siyasi partiyalar haqqında" yeni qanun müzakirəyə çıxarılandan bəri onun mürtəce və ilk fürsətdə ləğv edilməli olduğunu bəyan edib, bundan sonra da bütün hallarda bu mövqeyində qalacaq. Lakin öz qeydiyyatının ləğv olunmasına hər hansı bəhanə verməmək üçün AXCP 5 min nəfərdən artıq üzvünün reyestrini Ədliyyə Nazirliyinə təqdim edib. Təqdim edilmiş siyahı çox diqqətlə hazırlanıb və təkrarən ciddi təftiş olunub”.
Əli Kərimliyə xatırlatma, “Ədliyyə Nazirliyi siyasi partiyaların qeydiyyatını ləğv etmək hüququna malik deyil”
Ə.Kərimliyə başa salmaq lazımdır ki, əgər doğrudan da, dəfələrlə siyahı təftiş olunduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunubsa, o zaman nazirlik niyə siyahını geri qaytarıb? Başqa vaxtı savadlı hüquqşünaslarınızın, ekspertlərinizin olduğunu iddia edirsiniz, niyə bu “ağıllı”, “savadlı” məxluqlarınız siyahınızı düz-əməlli yoxlanışdan keçirməyib. Əgər əsaslı yoxlanış aparılsa idi, o zaman siyahının başdan ayağa qüsurlardan ibarət olduğunu üzə çıxarardı. Məlum olardı ki, siyahıda adları keçən şəxslərin bir qismi AXCP üzvləri deyillər, digərlərinin ad və soyadları yanlış olaraq yazılıb. Ə.Kərimli cəfəng sayıqlamasında iddia edir ki, əgər siyasi sifariş olmasa, onun qeydiyyatı ilə bağlı hər hansı problem yaranmamalıdır: “Lakin çox təəssüf ki, bəzi ilkin əlamətlərdən Ədliyyə Nazirliyinin siyasi sifarişlə AXCP-nin qeydiyyatını ləğv edə biləcəyi də hiss olunur. Hakimiyyət AXCP-nin qeydiyyatını ləğv etmək, daha sonra ağır maddi sanksiyalarla partiya üzvləri və rəhbərliyinin siyasi fəaliyyətinə mane olmaqla ölkədə real müxalifətçiliyi ortadan qaldırmaq niyyətini gerçəkləşdirmək istəyə bilər və əslində, "Siyasi partiyalar haqqında" yeni qanun və İnzibati Xətalar Məcəlləsinə düzəlişlər bilavasitə bu məqsədlə qəbul olunub”.Yenə də Ə.Kərimlini başa salmaq istəyirəm ki, ay özünü çoxbilmiş kimi təqdim edib, əslində, qanunlardan xəbərsiz olan, bil və agah ol ki, Ədliyyə Nazirliyi siyasi partiyaların qeydiyyatını ləğv etmək hüququna malik deyil: “Siyasi partiyaların qeydiyyatını məhkəmələr ləğv edə bilər. Digər tərəfdən isə, partiyaların kollegial orqanlarının ümumi qərarı əsasında siyasi partiyanın fəaliyyəti dayandırıla bilər”.Əli Kərimli hər məqamda AXCP-nin əsas “aparıcı” müxalifət partiyası olduğunu göstərməyə çalışır və ənənəvi hədələyici metodla çıxış edərək sayıqlayır: “AXCP bəyan edir ki, onun qeydiyyatına hər hansı problem yaratmaq, ölkədə de-fakto ana müxalifət partiyası olan bir partiyanın fəaliyyətini qadağan etmək cəhdləri hakimiyyətin özü üçün də ciddi fəsadlar yaradar. Başqa yandan, insanların Ədliyyə Nazirliyinin reyestr təsdiqi olmadan siyasi fəaliyyətlə məşğul olmasını böyük qanun pozuntusu kimi qiymətləndirib, ağır maliyyə sanksiyaları ilə cəzalandırmaq Azərbaycan Konstitusiyasına da, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq normalara da ziddir və bunun ciddi etirazlar doğuracağı şübhəsizdir”.Bir sözlə, Ə.Kərimli təşviş və qorxu içində son çabalarını göstərməkdədir. Çünki AXCP-nin reyestrdən təkrar qeydiyyata alınması mümkün olmadıqda, o siyasətdən getməli olacaq. Təbii ki, bu halda ətrafına yığılanlar və xaricdəki maddi dəstəkçilər onu sorğu-sual edib, izahat istəyəcəklər. Pullarını geri istəyənlər də olacaq. Ə.Kərimli isə suallara cavab verməkdə çətinlik çəkəcək. Axı bu günə qədər o, pafoslu danışır, AXCP-nin böyük sosial bazasının olduğunu iddia edirdi. 5 min üzvün siyahısını Ədliyyə Nazirliyinə təqdim edə bilməməsi isə deyilənlərin sabun köpüyündən başqa bir şey olmadığını ortaya qoyacaq.

İ.ƏLİYEV

Digər xəbərlər