PDF Oxu

Siyasət

  • 1 934

Ziyalılığın ali zirvəsi TƏHLİL

Ziyalılığın ali zirvəsi TƏHLİL

Azərbaycanın çoxəsrlik tarixində dövlət üçün çox önəmli olan şəxsiyyətlər yetişmiş, onların şan-şöhrəti beynəlxalq arenada əks-səda doğuraraq ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səbəb olmuşdur. Hər dövrün yetişdirdiyi ziyalı bir missiya olaraq Azərbaycanın sosial, iqtisadi, mədəni inkişafına imza ata biləcək məsələləri öz üzərinə götürməklə xalq qarşısında, vətəndaşlıq borcunun ödənilməsinə cəhd edir. Müasir dövrümüzdə bu ziyalılığın ali zirvəsində olan Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın qısa bir zamanda Azərbaycan üçün gördüyü işlər bir əsrin tarixi qədər möhtəşəm və alidir. Onun qəlbin dərinliklərində olan vətənpərpəlik, milli heysiyyat kimi mənəvi dəyərləri məhz dünya arenasında Mehriban xanım Əliyeva isminə böyük bir məhəbbət yaratmışdır. Yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda milli-mənəvi dəyərlərin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq məxsusiliyinin dünyəviləşməsi istiqamətində Mehriban Əliyevanın gördüyü işlər tarixin bu günü üçün deyil, zamanın axarında neçə-neçə qərinələrə, əsrlərin yaddaşıda iz buraxacaq hadisələrlə bağlıdır. "Həyatda nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız", - deyə Mehriban xanım Əliyeva bildirir. Müasir həyata baxışda fərqlilik, dünyəvi proseslərdəki müxtəliflik prizmasında Mehriban Əliyevanın gördüyü işlərin dəyəri açıq-aydın görünməkdədir. Böyük və məsuliyyətli missiyanın daşıyıcısı olmaq yükünü üzərinə götürən Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin vətən, xalq üçün göstərdiyi xidmətləri, onun ümumbəşəri ideyalarını, zəngin irsini təbliğ etmək, gənclər və gələcək nəsillər üçün qoruyub saxlamaq missiyasını daşıyıcısına çevrildi. Heydər Əliyev Fondunun Prezidenti olaraq çoxşaxəli fəaliyyətinin öncül istiqamətlərindən biri cəmiyyətimizdə mövcud olan problemlərin çözülməsinə diqqət ayırdı. Yardıma ən çox ehtiyacı olan insanlara diqqət və qayğı göstərməyi vacib hesab etdi. Müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən, Heydər Əliyev Fondunun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında özünü göstərir. Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, Onun yaratdığı milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Fondun genişmiqyaslı fəaliyyəti onu nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda belə əks-səda doğurmasına gətirib çıxarıb. Xeyriyyəçilik və humanizm kimi dəyərlərdən yoğrulmuş fəaliyyət insanlığa, bəşəriyyətə xidmət etmək kimi ali bir dəyərə söykənir. İllərdir ki, yorulmaq bilmədən çalışan və böyük əhəmiyyət kəsb edən, müasir dünyamızın çağırışlarına cavab verən layihələri ilə milyonlarla insanın sevgisini qazanan Azərbaycanın Birinci Xanımı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu fəaliyyət özünün vurğuladığı kimi, sarsılmaz həqiqətlərə söykənir: "Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir". Mehriban xanım Əliyeva valideynlərindən əxz etdiyi dəyərləri hər zaman üstün tutaraq, onların öyrətdikləri həqiqətə və mənəviyyata can atmağı özünün həyat məqsədinə çevirib: "Onlar öz varlığı ilə ləyaqət və şərəf hissinin hər şeydən üstün olduğunu aşıladılar. Öyrətdilər ki, alicənablıq və dürüstlük, mənəviyyat və şəfqət, xeyirxah əməllər, inam və məhəbbət – həqiqi xoşbəxtliyə və harmoniyaya aparan yoldur". Bu yol həqiqətə, insanlığa, mərhəmətə aparan yoldur. Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva uşaqların xoşbəxt gələcəyi üçün bütün imkanlardan istifadə edir, bu sahəni daim diqqət mərkəzində saxlayır. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri isə sadalamaqla qurtaran deyil. "Uşaqlıq dövrü insan həyatının ən rəngarəng, ən yaddaqalan və ən xoşbəxt dövrüdür. Məhz bu illərdə, bu dövrdə insanın gələcək taleyinin, onun, fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur", - deyən Mehriban Əliyeva onların xoşbəxt gələcəyi üçün müxtəlif layihələr həyata keçirib. Valideyn himayəsindən məhrum olunmuş uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli inkişafı, onlara yüksək səviyyədə səhiyyə xidmətlərinin göstərilməsi Heydər Əliyev Fondunun diqqətdə saxladığı ən vacib məsələlərdəndir.

Fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları onlarla internat məktəbi və uşaq evləri əsaslı təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Hətta, kimsəsiz uşaqlara ev şəraitinə uyğun mühit yaradılmışdır. Gənc nəslin təhsili və sağlamlığının qorunması Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğundan Fond ölkədə həyata keçirilən təhsil və səhiyyə islahatlarında xüsusi fəallıq nümayiş etdirir. Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı həllinə yönəlmişdir. Məktəbəqədər hazırlıq müəssisələrinin, uşaq bağçalarının müasir standartlar səviyyəsində qurulması, onların maddi-texniki bazasının gücləndirilməsi Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində ölkəmizdə uşaq evi və internat məktəbi əsaslı təmir olunub və bu müəssisələrdə yaşayan uşaqların problemlərini daim diqqətdə saxlanılıb. Müasir tələblərə cavab verən uşaq evlərində inşa edilmiş hamam, üzgüçülük hovuzu, yay konsert meydançası, stadion, iclas, idman, rəqs salonları, həyətdəki yaşıllıqlar, uşaqların əl işləri muzey-sərgisi burada balacaların fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün hər cür şərait yaradıldığına, Fondun xeyirxah fəaliyyətinin bəhrəsinə əyani sübutdur.
"Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı" kimi layihələri Onun humanizm prinsiplərindən qaynaqlanır. Bütün bu reallıqlar Mehriban Əliyevanın bir qadın, ana, ictimai xadim kimi fəaliyyətində reallığa çevrilib.

"BİGANƏLİK VƏ LAQEYDLİK ƏN DƏHŞƏTLİ XÜSUSİYYƏTDİR"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ictimai-siyasi, mədəni həyatda aparıcı qüvvəyə çevrilərək, əməli fəaliyyət ilə böyük nüfuza sahib olub. Bu gün cəmiyyətimizin örnəyinə çevrilən Mehriban xanım məsuliyyət və zəhməti ilə fəaliyyətini davam etdirir. Onu vətənpərvərliyi, vətənə bağlılığı xalqı, milləti üçün böyük amallara xidmət etməyə sövq edir. Təbii ki, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında müstəsna rola malik olması Onun vətənə bağlılığından irəli gəlir. Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "Birinci xanım" statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmiş oldu. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birinci vitse-prezident seçildikdən sonra müsahibələrindən birində bildirib ki, yeni vəzifədə Prezidentin etimadını, ən başlıcası isə ona inanan, ona ümid bəsləyən insanların etimadını doğruldacaq: "Məni Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin etmək qərarı Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü olub. Əlbəttə, uzun illər ərzində həm Prezidentin xanımı, həm də onun silahdaşı olmağım da yəqin ki, öz rolunu oynayıb".
Azərbaycanın Birinci vitse-prezidenti müxbirin "Siz dərhal razılaşdınızmı?" sualına cavabında deyib: "Biz müzakirələr aparır, götür-qoy edirdik. Mənim əsas tərəddüdüm üzərimə qoyulan bu məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyim müstəvisində idi. Mən birmənalı şəkildə bilirəm və əminəm ki, dövlətin maraqları ilə həyat yoldaşımın mənə tövsiyələri və deyəcəkləri tamamilə üst-üstə düşəcək. Deməli, yanımda onun simasında birmənalı şəkildə mənə kömək edəcək, hər hansı çətinliyim olarsa məni dəstəkləyəcək, düzgün yol göstərəcək bir şəxsiyyət var. Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam". Belə də oldu. Mehriban xanim ən çətin zamanlarda insanların yanında oldu. "Mən əsas diqqəti sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirmək istəyirəm. Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır - istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır", - deyə Birinci xanım bildirib.
Heydər Əliyev ideologiyasını davam etdirmək və prinsipləri gerçəkləşdirmək üçün Heydər Əliyev Fondunun yaradılması onun çoxsaylı layihələrinə imza atdı. Müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən, Heydər Əliyev Fondunun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında özünü göstərir.

"BİR VAXTLAR AZƏRBAYCANIN DİLBƏR GUŞƏSİ OLAN QARABAĞ BÖLGƏSİNDƏKİ ABADLIQDAN ƏSƏR-ƏLAMƏT QALMAMIŞDIR"

Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Odur ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə yeni layihəyə başlayıb. "Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır", - deyə Mehriban Əliyeva bildirib. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub. Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilib. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir. Heydər Əliyev Fondu hazırda Şuşada daha bir neçə layihənin bərpasını başa çatdırıb. Mehmandarovların malikanə kompleksi də bu layihələrdən biridir. Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. 2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib. Qeyd edək ki, Şuşadakı Saatlı məscidi də Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. "PAŞA Holding"in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın "Wehdorn Architekten" şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib. Azərbaycanın çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Mehriban Əliyevanın gələcək fəaliyyətinin əsasında da qeyd etdiyimiz bu və ya digər məsələlər daha da geniş bir planda, layihələr əsasında həyata keçirilməsi dayanır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər