PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var"
ÖZBƏKİSTAN PREZİDENTİ ŞAVKAT MİRZİYOYEV: "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır"
Prezidentlərin Füzuli rayonuna və Şuşaya səfəri
Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Füzuli rayonuna səfər edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Dövlət başçıları və xanımları əvvəlcə yeni dərs ilində bu məktəbdə təhsilə başlayacaq şagirdlərlə və burada işləyəcək müəllimlərlə görüşüb söhbət ediblər.
Prezident İlham Əliyev bildirib ki, bu məktəbi Özbəkistan Prezidenti Füzuli şəhərinə hədiyyə edib. Məktəbin direktoru Həcər Mahmudova prezidentləri müəllimlər, şagirdlər, valideynlər adından salamlayıb. Qeyd edib ki, otuz il öncə 26 yaşında bu şəhəri tərk edən sakini kimi mən demək olar ki, eyni tarixlərdə, - bir gün fərqi var, - buraya qayıtmışam. Bu anları bizə yaşatdığınıza görə Sizə təşəkkür edirik, qalib Ordumuza minnətdarıq. Bu gözəl məktəbi tikib bizə bəxş etdiyinə görə Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevə və onun timsalında Özbəkistan xalqına minnətdarıq. Cənab Mirziyoyevdən xahiş edirik ki, bizim Füzuli sakinlərinin bu minnətdarlığını öz xalqına, özbək xalqına çatdırsın.
Sonra dövlət başçıları məktəbin rəmzi açılışını bildirən lenti kəsiblər.
Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Füzuli şəhərində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər. Sakinləri təbrik edən Prezident İlham Əliyev deyib: “İlk növbədə, sizi təbrik edirəm, öz vətəninizə xoş gəlmisiniz. Otuz il Vətən həsrəti ilə yaşamış insanlar artıq öz dədə-baba torpağına qayıdıblar və burada yaşayırlar. Beş gün bundan əvvəl birinci qrup Füzuli sakinləri Füzulidə yerləşdi, gözəl evlərdə yerləşdi və bundan sonra burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Mən bu gün əziz qardaşım Şavkat Miromonoviç ilə birlikdə sizinlə görüşə gəlmişəm. Bildiyiniz kimi, hörmətli Prezidentin əmri ilə Füzulidə Mirzə Uluqbəyin adını daşıyan gözəl məktəb inşa edildi. Sizin uşaqlarınız, nəvələriniz artıq sentyabrın 15-dən başlayaraq bu məktəbdə oxuyacaqlar. Bu gözəl hədiyyəyə görə sizin adınızdan əziz qardaşıma bir daha təşəkkür edirəm. Sizi bir daha ürəkdən təbrik edirəm. Burada rahat, xoşbəxt yaşayın!”.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə, xanımı Ziroatxon Mirziyoyevaya Füzulidə görülən işlərlə bağlı məlumat verdi.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərinə səfər ediblər. Dövlət başçıları və xanımları Saatlı məscidində olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Şuşanın Baş planı ilə tanışlıqdan sonra prezidentlər və xanımları Natəvan bulağında, Yuxarı Gövhər Ağa məscidində, Bülbülün ev-muzeyində, Mehmandarovların malikanə kompleksində və Cıdır düzündə olublar.
***
Bəli, bu gün 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Xüsusilə, də Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan arasında münasibətlərdə müşahidə olunan canlanma son dövrlər daha da genişlənməkdədir. Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Xüsusilə də, müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub. Belə ki, Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
AZƏRBAYCAN-ÖZBƏKİSTAN ARASINDA İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİN İNKİŞAFINDA DÖVLƏT BAŞÇILARININ QARŞILIQLI SƏFƏRLƏRİ...
Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. 1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlət Başçılarının IV Sammitində və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. 1997-ci il iyunun 18-19-da ulu öndər Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bu sənədlər içərisində “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb.

Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olub
2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə bildirilir ki, tərəflər keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini ifadə edirlər.
Vurğulamaq lazımdır ki, rəsmi Daşkənd artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. BMT Baş Assambleyasında 14 mart 2008-ci il tarixində səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnaməyə Özbəkistan lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Azərbaycan Prezidentinin və Özbəkistan Prezidentinin 2010-cu il sentyabrın 27-də Daşkənd şəhərində imzalanmış Birgə Bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun olaraq, ilk öncə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına riayət olunması və təmin edilməsi, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə həll olunmasının zərurəti öz əksini tapmışdır. Özbəkistan tərəfi, Müstəqil Dövlətlər Birliyinin sədri kimi dostluq, mehriban qonşuluq və qarşılıqlı etimad münasibətlərinin möhkəmləndirilməsinin, MDB məkanındakı mübahisələrin beynəlxalq hüququn normalarına uyğun olaraq sülh yolu ilə həll olunmasının vacibliyini bir daha təsdiqləyir. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. 3 hektar ərazidə 960 yerlik məktəb tikintisi üçün ərazi artıq müəyyənləşdirilmiş və ilkin işlərə başlanılıb. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun, əsl qardaşlığın rəmzidir. Özbəkistan Prezidenti Füzulidə böyük məktəb inşa ediləcəyini bildirməklə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında bərpa və quruculuq prosesinə əməli dəstəyini ifadə edib. Aydındır ki, Azərbaycanın gücü də, imkanları da kifayətdir ki, bütün işləri özü reallaşdırsın, lakin Özbəkistan Prezidenti bu nəcib və mərd addımı ilə bir daha iradə nümayiş etdirərək Azərbaycan xalqının yanında olduğunu göstərdi.
Pandemiyadan sonra Azərbaycan Prezidentinin ilk rəsmi səfərini məhz Özbəkistana etməsi təkcə iki ölkə rəhbərinin niyyətlərinin sübutu deyil, həm də xalqlarımızın qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir və iki ölkə arasında münasibətlərin gələcək hərtərəfli inkişafının əsasını qoyur. Ölkələr arasında bütün mühüm sahələri əhatə edən 20-yə yaxın sənədin imzalanması, əlaqələrin inkişafını çox illər əvvəlcədən müəyyən edən birgə Bəyannamənin qəbul edilməsi bunu aydın nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında Strateji tərəfdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə qlobal xarakter daşıyır, ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır və mahiyyət etibarilə gələcək fəaliyyətin yol xəritəsidir. Səfər zamanı imzalanmış sənədlər Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldib.

AZƏRBAYCAN PREZİDENTİ: "Azərbaycanı və Özbəkistanı qədim tarix birləşdirir"
"Azərbaycanı və Özbəkistanı qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Sevindirici haldır ki, bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə keçirdiyi geniş tərkibdə görüşdə deyib.
Son vaxtlar ölkələrimiz arasında dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Özbəkistana dövlət səfərimi və mənə göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıram. Həmçinin demək istəyirəm ki, Özbəkistanın şahidi olduğum sürətli inkişafı, transformasiya, islahatlar, ölkənin Mərkəzi Asiya regionunun güclü sənaye dövlətinə çevrilməsi məndə dərin təəssürat yaratdı”.
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında deyib ki, xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var, dostluq və qardaşlığın bütün dövrü ərzində biz həmişə bir-birimizin yanında olmuşuq, bir-birimizi dəstəkləmişik. Sabah Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Azərbaycana hədiyyə edilmiş məktəbin açılışında iştirak edəcəklərini bildirən dövlətimizin başçısı qeyd edib ki, bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik və dəstək jestini çox yüksək qiymətləndiririk: "Artıq onu da demək lazımdır ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən mayda Füzuliyə səfərim zamanı tikinti işləri ilə tanış oldum və Özbəkistanın bizə bağışladığı həmin qardaş hədiyyəsinin miqyasını əyani şəkildə gördüm".
Məktəbin özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıdığını vurğulayan Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu, təkcə təhsil ocağı deyil, həm də dostluğumuzun və qardaşlığımızın daha bir mərkəzi olacaq. O, həmçinin əlavə edib ki, dörd gün əvvəl keçmiş köçkünlər olan Füzuli şəhərinin ilk sakinləri öz doğma yurdlarına qayıdıblar və artıq yaxın vaxtlarda, bir aydan da az bir müddətdə uşaqlar Özbəkistandan olan qardaşlarımızın hədiyyə etdikləri məktəbdə oxumağa başlayacaqlar.
DÖVLƏTİMİZİN BAŞÇISI: "Şavkat Mirziyoyevin Prezident seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsini yüksək qiymətləndiririk"
Azərbaycan Prezidenti İlham Əliyev Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsi faktını qardaşlıq və dostluğun göstəricisi adlandırıb. Dövlətimizin başçısı özbək həmkarı ilə mətbuata bəyanatında deyib: “Sizin Özbəkistan Prezidenti seçilməyinizdən sonra ilk dövlət səfərini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Bu, bizim qardaşlığımızın, dostluğumuzun və Sizin ölkəmizə və xalqımıza münasibətinizin göstəricisidir”.
Özbəkistan xalqının Şavkat Mirziyoyevə yenidən böyük etimad göstərdiyini və onun Özbəkistanın inkişafı naminə səylərini layiqincə qiymətləndirdiyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Qardaş ölkə Sizin rəhbərliyiniz altında quruculuq yolu ilə uğurla irəliləyir. Mənim Sizin rəhbərliyinizlə Özbəkistanda ölkənin inkişafı, onun potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, həmçinin beynəlxalq məsələlərdə nüfuzunun artması üçün həyata keçirilən böyük dəyişiklikləri dəfələrlə şəxsən görmək imkanım olub”.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Özbəkistan münasibətlərinin ən yüksək səviyyəyə çatdığını deyərək bildirib ki, bu gün görüşlər və danışıqlar çərçivəsində mahiyyətcə münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik.
Dövlətimizin başçısı vurğulayıb ki, artıq əldə edilən nəticələr iki ölkənin doğru yolda olduğunu göstərir: "Bu gün nümayəndə heyətlərinin üzvlərinin qarşıdakı, fikrimcə, iki-üç ildə gözlədiklərimizin çərçivəsində bizə məruzə etdikləri deməyə əsas verir ki, ölkələrimiz arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırmışıq. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəddir. Bu, münasibətlərin yüksək səviyyəsidir və ölkələrimiz arasında qardaşlıq münasibətlərinin göstəricisidir, həmçinin onu göstərir ki, gündəlik kifayət qədər genişdir".
AZƏRBAYCAN PREZİDENTİ: "Azərbaycanın və Özbəkistanın enerji şirkətləri sıx qarşılıqlı fəaliyyət göstərirlər"
Azərbaycanın və Özbəkistanın enerji şirkətlərinin sıx qarşılıqlı fəaliyyət göstərdiyini söyləyən dövlətimizin başçısı bildirib ki, biz nəqliyyat-logistika sahəsində yük axınının gücləndiyini, ən başlıcası, bu istiqamətdə əməkdaşlıq potensialının artdığını görürük və bu gün bütün istiqamətlər üzrə uğurlu qarşılıqlı fəaliyyəti uzun illər öncədən müəyyən edəcək məsələləri müzakirə etdik.
Azərbaycan Prezidenti hər iki ölkə ictimaiyyətinin bugünkü danışıqların nəticəsini hər iki ölkədə layihələrin praktiki olaraq reallaşmasında görəcək. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu yaxınlarda 500 milyon dollarlıq nizamnamə fondu ilə yaradılan birgə investisiya fondu bu məbləği çox sürətlə mənimsəyəcək və oнu artırmaq lazım gələcək: "Bütün bunlar yenə də ondan xəbər verir ki, biz doğru yoldayıq, prezidentlərin qarşıya qoyduqları vəzifələr yerinə yetirilir. Şavkat Miromonoviçlə bir neçə il əvvəl razılığa gəldiyimiz kimi, biz verilən bütün tapşırıqların icrasına mütəmadi rejimdə nəzarət edirik. Bu, uğurun əsas şərtlərindən biridir".

Özbəkistan Prezidenti: "Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşılır"
"Bu il əlamətdar ildir. Çünki Ulu Öndər, Azərbaycanın rəhbəri, Azərbaycan xalqının oğlu Heydər Əliyevin yüz illik yubileyi Özbəkistanda çox yüksək səviyyədə keçirilib". Bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi geniş tərkibdə görüşdə söyləyib.
Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşıldığını deyən Prezident Mirziyoyev bildirib: “Hesab edirəm ki, görülən bütün işləri Özbəkistan xalqı tamamilə başqa cür dəyərləndirir. Onu görən, onunla qarşılaşan, onunla işləyən yaşlı nəsil də bizim Özbəkistan gənclərinə çatdırıblar ki, əslində, Azərbaycanın və Özbəkistanın həyatın həmin çətin anlarında qarşıya qoyulan hədəflərə çatması, Azərbaycan və Özbəkistan rəhbərliyinin bir-birini başa düşməsi, çox şey əldə etməsi üçün Heydər Əlirza oğlu uzun illər əlindən gələni edib”.
Özbəkistan Prezidenti bildirib ki, Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir.
İlk dövlət səfərini Azərbaycana etdiyini söyləyən Ş.Mirziyoyev bildirib: "Çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Bu gün həm Özbəkistan, həm də Azərbaycan xalqı bu münasibətlərlə fəxr edir və bizim əlaqələrimizin, səfərlərimizin nəticələrini görürlər".
ŞAVKAT MİRZİYOYEV: "Özbəkistan Azərbaycanın uğurlarına çox sevinir"
Özbəkistan prezidenti bildirib ki, yaxın qonşular, yaxın ölkələr kimi Azərbaycanın uğurları ilə fəxr edir, onlara sevinirik.
Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumiyyətlə son illərdə bütün istiqamətlərdə uğurları ilə qürur duyduqlarını vurğulayan Ş.Mirziyoyev deyib: “Belə ki, yaxın qonşular kimi biz çox sevinirik və uğurlar arzu edirik”.
Özbəkistan Prezidenti onu da vurğulayıb ki, Ali Dövlətlərarası Şuranın yaradılması yüksək etimadın göstəricisidir: "Bizim yaratdığımız Ali Dövlətlərarası Şura etimadın ən yüksək səviyyəsi və razılaşdırdığımız strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır. Ona görə də düşünürəm ki, ölkə Prezidenti seçildikdən sonra ilk səfərimdən çox məmnunam".
Bütün bunları nəzərə alaraq demək olar ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.
Beləliklə, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış yüzldən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Bir sözlə, iki dost və qardaş ölkələrin – Azərbaycan və Özbəkistan liderləri - Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin səfərləri, görüşləri, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Dövlət başçımızın dediyi kimi: "Biz dostlar kimi, qardaşlar kimi Sizin uğurlarınıza sevinirik. Əminik ki, qardaş özbək xalqının ardıcıl inkişafı davam edəcək".
RƏFİQƏ KAMALQIZI