Azərbaycan inkişafının bütün istiqamətləri üzrə modelini ortaya qoyması danılmazdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanan ölkəmizin beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara ev sahibliyi etməsi ölkəmizin elmə, təhsilə, mədəniyyətə, idmana və digər sahələrə olan diqqəti ilə yanaşı, bu və ya digər sahələrdə qazanmış olduğu uğur və nailiyətlərin təsdiqidir. Paytaxtımızda NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar, Gənclər siyasəti üzrə I Qlobal forumu, Caz Festivalı, "Eurovision-2012" musiqi yarışması, "Bakı Elm Festivalı-2014", BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi mühüm əhəmiyyət kəsb edən müxtəlif məzmunlu tədbirləri təşkil olunmasında Azərbaycanın qazandığı mövqeyi, ölkəmizin beynəlxalq çəkisi, yüksək imici səbəb olmuşdur. Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malik olduğundan təşkilatçılıq, təhlükəsizlik, iqtisadi imkanların mövcudluğu da həlledici rola malikdir ki, ölkəmizdə bütün bu və ya digər tədbirlərin yüksək səviyyədə təşkili öz həllini tapır. Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən Dünya və Avropa çempionatları bir daha sübut etdi ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir.
"İDMANIN İNKİŞAFI XALQIN SAĞLAMLIĞIDIR VƏ AZƏRBAYCAN XALQI SAĞLAM OLMALIDIR"
İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, idmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq - həm fiziki cəhətdən, həm mənəvi baxımdan: "Çünki fiziki cəhətdən güclü insan adətən öz gücündən yalnız çətin məqamda istifadə etməlidir. Güclü insanda özünə əminlik var. Fiziki cəhətdən güclü insan heç vaxt ondan zəif insana qarşı zor tətbiq etməməlidir. Ancaq özünü, öz yaxınlarını, öz torpağını qorumalıdır. Ona görə idmanın inkişafı, sadəcə olaraq, idman nəticələri əldə etmək üçün vasitə deyil, idmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır". Müasir dövrümüzdə Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Bu gün yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu. Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına xüsusi diqqət yetirir. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub.
GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNƏ 5.424,0 MİN (BEŞ MİLYON DÖRD YÜZ İYİRMİ DÖRD MİN) MANAT VƏSAİT AYRILIB
"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki bəzi qurumlarda cari təmir işləri üçün vəsait ayrılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı məhz bu sahəyə ayrılan diqqətin nəticəsidir. Sərəncama əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki bəzi qurumlarda cari təmir (havalandırma, soyutma, isitmə, nəmalma və yanğın təhlükəsizliyi sistemləri üzrə avadanlıq alınması və quraşdırılması, habelə dam örtüyünün təmiri) işləri üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5.424,0 min (beş milyon dörd yüz iyirmi dörd min) manat vəsait ayrılıb.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman növləri - güləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindən kənarda qalmayıb. İdmana ayrılan diqətin nümunəsidir ki, mötəbər idman yarışları, tədbirlər ölkəmizdə davamlı olaraq təşkil olunub. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməklə yanaşı, idmançılarımız mötəbər yarışların qalibi olub. Son illərdə Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. "Hazırda biz idmanın kütləviliyi üzərində çalışırıq ki, hər rayonda idman infrastrukturumuz olsun. Bunu artıq yaratmışıq", - deyə Prezident müsahibələrinin birində diqqətə çatdırıb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunub. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. İlk Avropa Oyunlarının da Bakıda keçirilməsi böyük nailiyyət oldu. "Bakı - 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi. İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri də yaddaqalan oldu. Bu idman, dostluq və qardaşlıq bayramına çevrilən oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Azərbaycan 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldü. "Avropa Liqasının 2019-cu ildəki final matçı və UEFA 2020-ci ilin matçları 2021-ci ildə Bakıda keçirildi. Bəli, Bakı artıq böyük idman tədbirləri üçün beynəlxalq məkana çevrilib. Bütün bu uğurlar onu göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir. Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz çiçəklənmə dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür.
Zümrüd BAYRAMOVA