“Son günlər Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələr, separatçıların davranışları, bu ərazidə yaşayanların Ermənistana, oradan da Rusiyaya axın etməsi olduqca maraqlı məqamları ortaya çıxarır. Bir daha şahid oluruq ki, separatçı ermənilərin qeyri-qanuni fəaliyyət göstərdiyi ərazilərdə vəziyyətin gərginləşdirilməsi və Azərbaycan əleyhinə həyata keçirilən hallar bölgədə vəziyyəti gərginləşdirmək, yeni müharibə ocağı yaratmaq ehtimalını artırır. Görünür, Rusiya öz vətəndaşlarını bu təlhükədən qorumaq üçün onlara çağırışlar edir və Rusiya vətəndaşları da vəziyyətin çox ciddi olduğunu görürlər”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib. Onun sözlərinə görə, bölgədə yeni müharibə ocağının yaranma ehtimalı artır:“Çünki separatçılar öz bəd əməllərindən əl çəkmirlər. Ermənistan Azərbaycanla imzaladığı 10 noyabr bəyannaməsinin müddəalarına əməl etməyib, hələ də Azərbaycanın suveren ərazilərində cinayətkar, quldur erməni silahlı dəstələri fəaliyyət göstərir.Azərbaycan dövlətinin dəfələrlə etdiyi cəhdlərə, çağırışlara, qətiyyətli addımlarına baxmayaraq yenə də bu silahlı dəstələ suveren ərazilərimizdən çıxarılmayıb. Belə olan halda Azərbaycan çox sərt addımlar atmaq məcburiyyətində qalacaq. Ermənilərin terror törətdəyi ərazilərdə yaşayan dinc əhali də baş verə biləcəkləri təxmin edir və buna görə də həmin ərazilərdən çıxırlar”.
Müəllif: Səbinə Hüseynli