“Azərbaycan ərazisində yaşayan ermənilər xaricdən gələn təlimatlar əsasında davranmaqdadırlar. Başlıca məqsəd gələcəkdə Azərbaycanla Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində açıq məqamların saxlanılmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, bu, həm də Paşinyan hakimiyyətinin qorunmasına xidmət edir:“Bu gün Paşinyanın siyasi kariyerasının qorunmasında Azərbaycan ərazisindəki separatçılar da rol oynayırlar. Azərbaycan bütün əraziləri boyunca suverenliyini təmin etmək strategiyasını uğurla həyata keçirir. Bizim bütün davranışlarımız beynəlxalq hüquq normalarına tam uyğundur. Məsələdəki mövqeyimiz isə digər millətlər kimi ermənilərin də qanunlarımıza uyaraq, ərazilərimizdə tam təhlükəsiz mövcudluqlarını davam etdirə bilmələridir.Azərbaycan həm də Laçın yolu vasitəsilə separatçılara silah-sursat daşınmasının qarşısını aldı. Azərbaycan ərazisində separatçılıq bu gün bizim ərazilərimizdə bizə qarşı ən böyük təhlükə olaraq qalır. Bütün dünya dövlətləri kimi ölkəmiz də ərazisinə giriş-çıxışa nəzarət hüququnu təmin etdi. Bu da beynəlxalq hüquq normalarına tam uyğundur. Lakin Azərbaycan ərazilərindəki separatçılar bunu dövlətimizin aresiyyası kimi dünya ictimaiyyətinə çatdırmağa çalışdılar.Avqust ayının 16-da BMT TŞ-də baş tutan müzakirələr zamanı da Azərbaycan öz mövqelərini qətiyyətlə müdafiə etdi. Bu isə ermənilər içərisində ziddiyət, çaxnaşma yaratmış oldu. Bütün hallarda Azərbaycan öz haqlı mövqeyini inamla qorudu”.
Müəllif: Səbinə Hüseynli