Mehriban xanım Əliyeva XXI əsrin ən görkəmli qadın siyasətçilərindən biri,
yüksək səviyyəli diplomat, xalqımızı xoşbəxt gələcəyə doğru
aparan əvəzolunmaz tarixi şəxsiyyət, xalqımızın milli sərvətidir.
Müəllif
Dünya ölkələrinin və xalqlarının, bəşəriyyətin tarixinə dərindən siyasi səyahət etdikdə tam və açıq aydın görmək olur ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidrnti Mehriban xanım Əliyeva tariximizin XXI əsrin əvvəllərindən etibarən son 20 ildə öz siyasi-ictimai fəaliyyəti, humanist baxışları və addımları ilə bəşəri dəyərləri özündə cəmləşdirən siyasi xadimdir. O, dünya xalqlarına və mədəniyyətinə yüksək intellekti, mədəniyyəti, diplomatik qabiliyyəti ilə münasibət bildirən və göstərən, öz ölkəsinin ən ali siyasi kursunu – Heydər Əliyev siyasətini dünya xalqlarına yüksək səviyyədə çatdıran, milli mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, tariximizi, iqtisadiyyatımızı, öz doğma xalqına ürəkdən bağlı olan, mədəniyyətimizə, səhiyyəmizə, təhsilimizə, uşaqlara, şəhid ailələrinə, veteranlarımıza daim diqqət və qayğı göstərən əsl Liderdir. Son 20 ildə xalqımızın əsl milli sərvətinə çevrilən, dünyanın diplomatiya tarixinə bənzərsiz qadın siyasətçi, dövlət xadimi olaraq daxil olan Mehriban xanım qədər bacarıqlı, qadın siyasətçiyə, ictimai xadimə rast gəlinmir.
Böyük Britaniyada, Hindistanda, Pakistanda, Baltikyanı dövlətlərdə, Finlandiyada və digər dövlətlərdə qadın dövlət və hökumət başçıları olub. 200-dən çox dövlətdə birinci xanımlar da olub və hazırda da var. İtaliyada, Rusiyada və digər ölkələrin rəhbərliyində qadın dövlət xadimləri vardır, beynəlxalq təşkilatlara, nazirliklərə rəhbərlik edən qadın siyasətçilər də vardır. Amma onların Mehriban xanlm qədər öz xalqına xidmətləri çox azdır.
Çox da uzaq tarixə getməyək, Hillari Klinton 1992-ci ildən 2000-ci ilədək ABŞ-ın birinci xanımı olub və Amerikanın dövlət katibi vəzifəsini də daşıyıb. Ancaq o Amerika və dünya xalqlarının tarixində hansı izlər qoyub?! Özü də birinci xanım olaraq prezidentlə dünyanın səksəndən çox ölkəsində səfərdə olub. Həmin ölkələrdə hansı işlər görüb və dövlət katibi olaraq dünyada özünə hansı nüfuzu qazanıb? Əlbəttə, çox az nüfuz qazanıb. Dünya xalqlarına o cümlədən Azərbaycana qarşı ikili standartlara geniş yer verib. Dövlət katibi vəzifəsində ola-ola Barak Obamadan sonra prezidentlik uğrunda seçkilərdə iştirak edib. Heç bir nüfuzu, siyasi dünyagörüşü, bacarığı olmadığına görə, ölkənin 8 il birinci xanımı, 4 il dövlət katibi vəzifəsində işləməsinə baxmayaraq prezident seçkilərində siyasətdə çox naşı adam olan Donald Trampa uduzub və siyasi səhnədən bir dəfəlik gedib.
Digər qadın siyasətçilər, ictimai xadimlər, dövlət və hökumət rəhbəri olmuş qadın siyasətçilər də bir o qədər xalqının, dünya xalqlarının tarixində önəmli yer tuta bilməyiblər. Ona görə ki, onlar heç vaxt bəşəriyyətin mənafelərinə xidmət edən siyasətin, siyasi kursun daşıyıcıları və təbliğatçıları olmayıblar. Onları bəşəri dəyərlər, bəşəriyyətin, dünya xalqlarının maraqları yox, öz şəxsi və öz dövlətlərinin maraqları düşündürüb. Məşhur yazıçı Oskar Uayldın belə bir məşhur kəlamı var: “Qadınlarda qeyri-adi intuisiya olur. Onlar ən aydın görünənlərdən başqa hər şeyi sezə bilirlər”.
Mehriban xanım Əliyeva ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, 21 fevral 2017-ci ildən isə Azərbaycan Respublikalarının Birinci vitse-prezidenti olaraq Azərbaycan dövlətinin ən ali siyasi kursunu xalqımızın maraqlarına xidmət edən bütün bəşəri dəyərləri özündə cəmləşdirən, beynəlmiləlçilik, humanizm, insanpərvərlik dünyada sülh-əmin amanlıq və sairə kimi ideyaların daşıyıcısı olan Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi beynəlxalq aləmdə bu keyfiyyərlərinə görə daim seçilir. Günü-gündən öz səmərəli, yorulmaz fəaliyyəti ilə XXI əsrin ən öncül dünyəvi qadın siyasətçisi, ictimai xadimi, beynəlmiləlçi qadın səviyyəsinə yüksəlmişdir. Bu yüksək zirvəni dünya miqyasında fəth edən Mehriban xanım Əliyevanın dünyəvi qadın siyasətçisi olaraq tanınmasını ona verilən beynəlxalq mükafatlar, ayrı-ayrı ölkələrin prezidentlərinin, dövlət və hökumət başçılarının sərəncamları, verilən orden və medallar bir daha təsdiq edir. Deməli, Mehriban xanım dünya dövlətləri başçıları tərəfindən də böyük siyasətçi kimi qəbul olunur və sevilir.
Mehriban xanım Əliyeva Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xalı” ordeni ilə təltif edilib. 2005-ci ildə “İlin adamı” adına, bəşəriyyətin yüksək ideyalarına xidmət sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə “Qızıl ürək” Beynəlxalq mükafatına, 2009-cu ilin 5 mayında “Heydər Əliyev mükafatına layiq görülüb”, Heydər Əliyev ordeni ilə təltif olunub.
2009-cu ildə Polşanın “Xidmətlərə görə” Böyük Komandor xaç ordeni, 2010-cu ildə Fransanın “Şərəf legionu” ordeni və YUNESKO-nun “Qızıl Motsart” medalı ilə, “Türk dünyasına xidmət” mükafatlarına layiq görülmüşdür. Bütün bu mükafatlar, təltiflər, dünyanın dəstəyinə, istəyinə dərindən nail olmaq bir daha təsdiq və sübut edir ki, dünya dövlətləri və xalqları Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətinə böyük hörmət bəsləyirlər. Bütün bunlar Heydər Əliyev siyasətinin, onun şəxsiyyətinin dünyəvi olmasını, bəşəriyyətin maraqlarına da xidmət etməsini bir daha təsdiq edir. Mehriban Əliyeva bu əvəzsiz xidmətlərinə və yorulmaz, məqsədyönlü fəaliyyətinə görə dünya xalqlarının tarixinə XXI əsrin ən öncül, humanist, beynəlmiləlçi qadın siyasətçilərindən biri olaraq daxil olub.
Mehriban xanım Əliyevanın ölkəmizdə, dünyada ictimai-siyasi fəaliyyətini, Heydər Əliyev siyasətini, şəxsiyyətini dünyəviləşdirən, humanizm, mərhəmət hisslərini özündə cəmləşdirən, fəaliyyətindən bəhs edən geniş və əhatəli bir kitab yazmışam. Çoxsaylı məqalələrlə, elmi-publisistik yazılarla çıxışlar etmişəm. Həmin kitab “Zəmanəmizin görkəmli qadın siyasətçisi” adlanır və çox oxunaqlı bir kitabdır. Mehriban xanım Əliyevanın fəaliyyəti daim diqqət mərkəzindədir və əhatəli şəkildə təbliğ olunmalıdır. Bu sahədə biz mətbuat işçilərinin üzərinə də böyük məsuliyyət düşür. Biz mətbuat işçiləri, nəinki respublika miqyasında, eyni zamanda dünya səviyyəsində onun siyasi baxışlarını, fəlsəfi, uzaqgörən dünyəvi konsepsiyasını geniş və əhatəli təbliğ etməliyik.
Heç bir təsadüfi deyil ki, dünyanın ən nüfuzlu mətbu orqanları, o cümlədən ABŞ-ın, Fransanın, Böyük Britaniyanın, İtaliyanın, Rusiyanın, Pakistanın, Polşanın və başqa ölkələrin KİV-də Birinci xanım Mehriban Əliyevanın fəaliyyəti barəsində geniş və əhatəli elmi-publisistik, siyasi məqalələr, çıxışlar dərc olunur. Xoşbəxt o kəsdir ki, xoşbəxtlik ulduzu altında doğulur. Tanrı ondan heç nəyi gözəlliyi, səxavəti, xeyirxahlığı, alicənablığı, təşkilatşılıq bacarığını əsirgəməyib. Məhz bu müqayisəsiz keyfiyyətlər Mehriban xanımın ictimai-siyasi fəaliyyətində özünü qabarıq şəkildə büruzə verir. Xalqa daha çox fayda vermək, vətəni daha da gözəlləşdirmək, insanların maddi rifahını, sosial-iqtisadi inkişafını sürətləndirmək üçün Mehriban xanım yeni və çox məsuliyyətli bir missiyanı da öz üzərinə götürüb, xalqın, vətənin gələcəyi naminə.
Heydər Əliyev Fondu - xeyirxahlıq və ümid fondu
Heydər Əliyev Fondunun açılması zəruri idi. Bütün fəaliyyətini xalqın varlığına, azadlığına, dövlətin və dövlətçiliyin qorunub saxlanmasına həsr etmiş, dünyanın hər yerindən görünən, dünya siyasətinin şəriksiz sultanı olan Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını gələcək nəsillərə olduğu kimi çatdırmaq, böyüyünə hər kəsin “baba” dediyi, “Ümummilli Lider”, “Ulu Öndər” adlandırdığı bu böyük düha sahibi gələcək nəsillərə zaman-zaman aşılanmalı olduğu üçün bu fond yaranmalı idi və yarandı da. 2004-cü il 10 may günü - Ulu Öndərin doğum günü Fondun açılışı oldu. Aparılan ictimai sorğuların ümumi nəticələrinə görə millətimiz Heydər Əliyev Fondunu xalq arasında çox az vaxt içərisində Xeyirxahlıq və Ümid Fondu adlandırdı. Yarandığı gündən dahi liderin yaradıcılıq irsinin təbliği və öyrənilməsi ilə yanaşı bu Fond xeyriyyəçilik, uşaqlara kömək etməyi, müxtəlif humanitar aksiyalar keçirməyi öz fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edir. Hətta təcrübəli əcnəbi ekspertlər və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri də qısa müddətdə Fondun işinin nəticələrinə, onun prezidenti, Fondun yarandığı ilk gündən ona başçılıq edən Mehriban xanım Əliyevanın əzmkarlığına və təşkilatçılığına heyran olduqlarını gizlətmirlər.
Mehriban xanım qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün ilkin plan tərtib etdi. Bu plan-proqram üzrə ilkin olaraq aşağıdakı məsələlər Fondun hesabına öz həllini tapmalı idi: - Əhalinin ən zəif müdafiə olunan təbəqəsini diqqət mərkəzində saxlamalı, xəstə və valideyn himayəsindən məhrum uşaqlara kömək göstərməli, qaçqınların və məcburi köçkünlərin, talassemiya və diabet xəstələrin dəstəklənməsini ön plana çəkməli, uşaq evlərinin yeniləşdirilməsi, uşaq evlərində tərbiyə alan uşaqların tələb olunduğu zaman, tam dəyərli, normal ailələrə verilməsi və sairə.
Azərbaycan xalqı qürurlu xalqdır
Ehtiyacını bu xalqın heç bir nümayəndəsi bayraq etməz. İki böyük sənətkarımızın hərəsinin bir əsərindən nümunə gətirmək yerinə düşər. Biri Mir Cəlal Paşayev, biri də Süleyman Rəhimov. Oğlunun ağır xəstə olduğu halda yeganə ümidi “Yusif-Züleyxa” xalçası olan Sona xala (“Bir gəncin manifesti”ndən) son anda milli qüruruna sığınaraq, dəyərindən də çox qiymət verilməsinə baxmayaraq, xalçanı ingilisə satmaq “İtə ataram, yada satmaram”,-deyərək büküb bazardan geri qayıdır.
Bir də Süleyman Rəhimovun “Minnətsiz çörək” əsərinin qəhrəmanı Hatəm xanım minnətli çörəyini yeyib kimlərisə əyləndirməkdənsə ölməyi üstün tutur.
Hər iki qəhrəman Azərbaycan xalqının övladıdır. Ancaq hər kəs səmimiyyət, insanpərvərlik, xeyirxahlıq, təmənnasız hörmət, əvəzsiz yaxşılıq görürsə bu səmimiyyət, hörmət və yaxşılıq sahibini öz doğması hesab edir, ondan utanıb-çəkinmir. Hamıya əziz, doğma, munis olan Mehriban xanımdan çəkinmədiyi kimi. Tam mübaliğəsiz qeyd etməliyik ki, respublikamızın bütün bölgələrindən Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban xanım Əliyevanın ünvanına ümid dolu minlərlə məktub gəlir. Demək olar ki, bütün məktubların bağlandığı bir qırmızı xətt var, “İndi biz bilirik ki, köməksiz deyilik, indi bizə aydındır ki, unudulmamışıq”. Ayrı-ayrı bölgələrdən Mehriban xanıma ünvanlanmış məktubları oxuduqca həyatda yaxşı adamların varlığına kövrəlmə həddinə qədər sevinirsən. Nə yaxşı dünyada yaxşılar varmış, yoxsa tərk olardıq yaman əlində-deyiminin müəllifinə “əhsən” deyirsən.
Bakı şəhərində övladının yeriyə biləcəyinə inamı üzülməkdə olan Gülnarə İsmayılova son ümid yeri kimi Mehriban xanıma üz tutur. Xeyirxahlığının sahili olmayan birinci ledinin qayğı və diqqəti anaya bir dünya sevinc bəxş edir. O, yazır: “Bilirəm ki, Sizin mənim təşəkkürümə ehtiyacınız yoxdur, lakin neçə gündən bəri qəlbimdə yaşatdığım sevinc hisslərini Sizə çatdırmağa mənəvi ehtiyac duydum. Ürəyimdə çox sözlər var, hamısını yazsam, məktub çox uzun olar. Sadəcə deyirəm: “Allah Sizi Azərbaycan xalqına çox görməsin”.
Ürəyi əzab və gərginlikdən sıxılan bir ananı dərdin caynağından qoparmaqdan daha böyük qəhrəmanlıq nə ola bilər? Fəlakət girdabından əbədi xilas olmuş bir ananın ürəkdən gələn bu alqışı haqq alqışı qədər müqəddəs deyilmi?
Başqa bir məktubda Füzuli rayonundan olan məcburi köçkün Müşfiq Namazəliyevin məktubunda yazılır: “Bu məktubu yazmaqda məqsədim Sizdən nə isə xahiş etmək deyil. İstəyirəm ki, gördüyünüz işlərin xalqın yaddaşında əbədi qalacağını sizə çatdırım. Tam əminəm ki, mənim kimi minlərlə adam Sizə belə məktub ünvanlayır. Sizin xeyirxahlığınızı, qəlbigenişliyinizi, gördüyünüz işləri görməmək üçün gərək adam kor ola. Təəssüf edirəm ki, xalqı üçün çalışan insanlar o qədər də çox deyildir. Kaş Sizin kimilərin sayı yüzlərlə olaydı”.
Bu məktubların sayını sonsuza qədər artırmaq olar. Xeyirxahlıq etmək, arxa-kömək olmaq üçün təkcə maddi imkan kifayət deyil. Bunun üçün əvvəlcə ürəkdə təpər olmalıdır. Bəşəri hisslərlə yaşamağı, kömək etdiyin adamın sevincindən zövq almağı bacarmaq lazımdır. Bu, Peyğəmbər xislətidir. Bu xisləti ulu Tanrı hər adama ərmağan etmir.
Heydər Əliyev adına Fondun yaranması uzaqgörən bir siyasətin təzahürüdür. Bu Fondun yaranması ilə Ulu Öndərin cahanşümul dövlət siyasətini, xalqa və vətənə yetərli xidməti onun cismani yoxluğundan sonra da elə ümummilli liderin özü kimi davam etdirilsin deyə yaradılsın. Ötən illər ərzində Fondun fəaliyyəti beynəlxalq miqyas almışdır. Ulu Heydər Əliyev adını daşıyan Fondun filialları dünyanın bir sıra ölkələrində bəşəri ideyalara xidmət göstərməklə fəaliyyətdədir. Fondun fəaliyyət sahəsi olduqca genişdir və onun diqqətli, eyni zamanda qayğıkeş Prezidentimizin canıyananlığı sayəsində heç nə nəzərdən qaçmır. Cəmi bir neçə dərs ili ərzində Respublikamızın ən müxtəlif bölgələrində yüzlərlə yeni məktəb binası tikilmiş, ən müasir avadanlıqlarla təchiz edilmiş, kompyuterləşdirilmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir. Çoxsaylı məktəb binalarının əsaslı və cari təmiri başa çatdırılmışdır. Məktəblərlə yanaşı uşaq bağçaları və körpələr evləri də öz balaca sakinlərini tam yeniləşmiş şəkildə qəbul etmişlər.
2004-cü il avqust ayının 13-də Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri titulunu aldı. İnsan hər dəfə faydalı, hamı üçün gərəkli və hamının sevincinə səbəb olan bir iş görəndə, həm də bu işin üzlərə sevinc, qəlblərə fərəh gətirdiyinin fərqinə varanda ruhu təzələnir, xalq və vətənə uzun illər xidmət göstərmək istəyir. Mehriban xanım Əliyevanın heyrətamiz enerjisinin, yorulmaq bilmədən Azərbaycan xalqına xidmət göstərməsinin, bəşər mədəniyyətinin zənginləşməsində müstəsna rol oynamasının sirri bax, bundadır.
Bəzən onun bütün bu işlərin öhdəsindən necə gəldiyinə, necə vaxt çatdırdığına təccüblənirsən. Vəfalı həyat yoldaşı, fədakar gəlin, ölkənin birinci xanımı olmaqla yanaşı Azərbaycan Mədəniyyəti Dostları Fondunun prezidenti, Respublika Gimnastika Federasiyasının prezidenti, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti bunlara aid işləri öz arxasınca aparmaq əlbəttə, o qədər də asan iş deyil.
Bu gün də Birinci vitse-prezident olaraq, böyük təşkilatçılıq qabiliyyəti, bütün sahələrdəki nailiyyətləri Mehriban xanım ictimai məsuliyyətini artırır, beynəlxalq aləmdə qəbul edilməsinə və mükafatlandırılmasına səbəb olmaqdadır.
Hər bir azərbaycanlının himayədarı, xeyirxahı, əhalinin sosial müdafiəsinin etibarlı təminatının möhkəmləndirilməsinə misilsiz töhfələr vermiş, bütün vətəndaşların etimadını, inamını qazanmış, müdrik rəhbərimiz Heydər Əliyev siyasətinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin kursunun ən fəal aparıcı qüvvəsi, görkəmli bənzərsiz dünyəvi siyasi xadim, prezident cənab İlham Əliyevin ən yaxın silahdaşı olaraq çox böyük insanpərvərlik, humanizm, mərhəmət sahibi olaraq, ölkəmizin ən böyük vətənpərvəri olaraq vətəninə, xalqına ləyaqətlə, şərəflə xidmət edən, peşəkar, prinsipial, təcrübəli dövlət xadimi olaraq xalqımızın çox böyük rəğbət və sevgi bəslədiyi tarixi əvəzolunmaz şəxsiyyət olaraq “Mən Azərbaycanın əsas sərvətinə-xalqımıza inanıram, arxalanıram” fəlsəfi uzaqgörən fikrini çox böyük siyasi ustalıqla ifadə edərək, Azərbaycanın qadın siyasətçisi, dövlət xadimi, ölkənin Birinci vitse-prezidenti olaraq dünyəvi siyasi qadın obrazını xalqımızın müasir müstəqil dövlərçilik tarixindı öz tarixi əvəzsiz xidmətləri ilə ilk olaraq yaradaraq dünyaya təqdim edərək xalqımızın əsl milli sərvətinə çevrilmiş xanım Mehriban Əliyevaya hələ 2012-ci ildən etibarən Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi təklifini respublikamızda ilk dəfə mən irəli sürmüşəm, mən yazmışam. Və bu gün də təklif edirəm ki, bənzərsiz dünyəvi qadın siyasətçi, dövlət xadimi, müdrik uzaqgörən siyasi xadim Heydər Əliyev siyasətini dünyəvi xarakter alması üçün tarixi əvəzsiz xidmətləri olan, beynəlxalq erməni lobbilərinin antiAzərbaycan təbliğatlarını öz siyasi, diplomatik gedişləri ilə darmadağın edən, Xocalı soyqırımını beynəlxalq cinayət hadisəsi olaraq BMT TŞ-nin 1948-ci il 9 dekabr tarixli qətnaməsinə əsasən beynəlxalq cinayət hadisəsi olaraq tanınması üçün məqsədyönlü işləri həyata keçirmiş, iş Qarabağ müharibəsində dövlət xadimi olaraq üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyinə görə, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali köməkçisi olaraq ölkəmizdə xalq-iqtidar-ordu birliyinin vəhdətinin daha da möhkəmlənməsi üçün xüsusi xidmətlər göstərdiyinə görə, xalqımızın əsl milli sərvəti olaraq xalqımızın Milli Qəhrəmanı adı verilsin.
Məşhur filosof Füstenberq deyir ki, “Hər şey insanın, insan isə qadının əlindədir”. Təki insan həmişə Mehriban xanım Əliyeva kmi qadınların əlində olsun. Onda tezliklə, dünyada sülh və əmin-amanlıq bərqərar olar. 26 avqust doğum günü münasibəti ilə xalqımızın bənzərsiz qadın siyasətçi Mehriban Əliyevanı ürəkdən təbrik edir, ona şərəfli fəaliyyətində uğurlar arzulayıram.
Dəmir QURBANLI,
Heydər Əliyev siyasi kursunun təbliğatçısı, AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laureatı