PDF Oxu

Siyasət

  • 10 799

“Ermənilər Rusiyanı xəyanətkar sayırlar” MÜNASİBƏT

“Ermənilər Rusiyanı xəyanətkar sayırlar” MÜNASİBƏT

“Ermənistan əhalisinin əksəriyyətinin Rusiyanı xəyanətkar sayması və 44 günlük müharibədə üzləşdikləri məğlubiyyətin əsas günahkarı elan etməsi heç kim üçün sirr deyil. Təsadüfi deyil ki, Respublikaçılar institutunun keçirdiyi son rəy sorğusunda rəyi soruşulanların əksəriyyəti İranı öz təhlükəsizliklərinin əsas qarantı adlandırmış və Rusiya “təhlükəsizlik qarantı” olan dövlətlər içərisində təkcə İrandan deyil, həm də Fransadan sonra yalnız üçüncü ölkə kimi qeyd olunmuşdu. Buna baxmayaraq son dövrlərə qədər Rusiya sülhməramlıları Qarabağ erməniləri içərisində “populyarlıqlarını” qoruya bilmişdilər və ermənilər onların bölgədə qalma müddətinin sonsuza qədər uzadılmasını tələb edirdilər”. Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin son aylarda atdığı cəsarətli addımlar, keçirdiyi “qisas əməliyyatları” zamanı Rusiya sülhməramlılarının ermənilərin gözlədiyi kimi davranmaması, onların “yanında olmaması” şübhəsiz ki, Qarabağ ermənilərinin münasibətinin kəskin şəkildə dəyişməsinə səbəb olmuşdur: “Bu səbəbdən, ermənilərin sülhməramlılarla mübahisə etmələri, onlara qarşı kəskin münasibət bildirmələri qətiyyən növbəti erməni hiyləsi sayıla bilməz. Yeri gəlmişkən, BMT TŞ-nın iclasının gedişində Rusiya nümayəndəsinin Azərbaycanın “tezislərini” təkrarlaması mövcud reallığı bütün çılpaqlığı ilə ortaya qoydu.Rusiyanın son dövrlər tutduğu çevik mövqe, verdiyi bəyanatlar bizi nə qədər qane etsə də, onun böyük sürətlə dəyişmək potensialına malik olan dövlətlərdən olduğunu qətiyyən unutmamalı və ehtiyatı heç vaxt əldən verməməliyik. Son 30 il ərzində Rusiyanın mövqeyinin dəfələrlə kəskin şəkildə dəyişməsi hamımızın gözləri önündə baş verib. Yaxşı xatırlayırıq ki, 1992-ci ilin yay hücum kampaniyası zamanı Azərbaycana dəstək verən böyük qonşumuz, həmin ilin oktyabrından başlayaraq ermənilər tərəfdən hərbi əməliyyatlara qoşuldu və torpaqlarımızı işğal edib onlara verdi. Eyni kəskin dəyişikliyi ikinci Qarabağ müharibəsi zamanı da aydın şəkildə gördük. Müharibənin ilk dövrlərində nisbi neytrallıq nümayiş etdirən Rusiya oktyabrın sonlarından başlayaraq ermənilərə yardımı kəskin şəkildə artırdı və həm Azərbaycan Prezidenti, həm də qardaş Türkiyənin lideri bu davranışa kəskin reaksiya vermək məcburiyyətində qaldılar. Müharibən sonrakı dövrdə də Rusiyanın “ziqzaqvari” siyasəti dəfələrlə bizi təəccübləndirdi və şübhə yoxdur ki, bu tərz davranış bundan sonra da davam edəcək. Bizim borcumuz buna hazır olmaq və lord Palmerstonun 170 il bundan əvvəl söylədiyi “daimi müttəfiqlər, daimi düşmənlər yoxdur, daimi maraqlar var”-xəbərdarlığını heç vaxt unutmamaqdır”.

GÜLYANƏ

Digər xəbərlər