Əsrlərdən səsi eşidilən, hər zaman toy-büsatlı olan Şuşamız tarixin dönəmlərində çox hücumlara məruz qalsa da başını dik tutub, əyilməz, məğlubedilməz olub. Çox gözlər dikilib bu diyara. Hər daşında bir tarix yaşar, bir tarix danışılar. 28 il erməni işğalı altında qalan Şuşamız bu gün azad nəfəs alır və dirçəlir. Şuşada, Cıdır düzündə festivallar, tədbirlər keçirilir, xalqın ruhu, istəyi öz ifadəsini tapır. "Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik", - deyə Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır".Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində bildirmişdi. "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!" - deyə qeyd etmişdir. Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü. Düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. Bu gün işğaldan azad olunan Şuşa dirçəlir. Alınmaz qala, Qarabağın tacı, mədəniyyətimizin beşiyi Şuşanın Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi bu şəhərin yenidən dirçəlməsinə, onun əvvəlki ruhunun qayıtmasına söykənir. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib.
AZƏRBAYCANDA ƏN QƏDİM İNSAN DÜŞƏRGƏLƏRİNDƏN BİRİ
Qədim tarixi olan Şuşa müxtəlif dönəmlərində "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılmışdır. Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi olan Şuşa qədim Xocalı-Gədəbəy mədəniyyətinin əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. Mənbələrə istinadən deyə bilərik ki, Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. İngilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr ifadə etmişlər. Belə ki, C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazırdı ki, Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Xalq əfsanəsinə görə, isə bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırmışlar. Şuşada "Bazarbaşı" deyilən yerdən "Şeytanbazara" qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırılırdı. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi. Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud idi.
QARƏT OLUNAN SƏRVƏTİMİZ
Ermənilərin Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv ediblər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib.
"MƏNFUR DÜŞMƏN NƏ QƏDƏR ÇALIŞSA DA, ŞUŞANIN SİMASINI DƏYİŞDİRƏ BİLMƏYİB"
Bu gün Şuşa yenidən qurulur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Cənab Prezidentin Şuşaya hər səfəri tarixi hadisələrlə yadda qalır.
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərinə səfər ediblər. Səfər çərçivəsində dövlət başçıları və xanımları əvvəlcə Saatlı məscidində olublar. Məscid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəllər Molla Pənah Vaqifin dərs dediyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi, Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb və bu ilin may ayında məscidin açılışı olub. Sonra prezidentlər və xanımları Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar. Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra cari ilin mayın 10-da istifadəyə verilib. Bina ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qoyulub.
ŞUŞANIN BAŞ PLANI – QORUNAN TARİXİ ƏZƏMƏT
Sonra ali qonaq və xanımı Şuşanın Baş planı ilə tanış oldular. Şəhərin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir. Natəvan bulağı ilə tanışlıq zamanı qeyd olunub ki, Şuşa işğaldan azad edildikdən qısa müddət sonra istifadəyə verilən "Xan qızı" bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti "Xan qızı" bulağı adı ilə məşhur idi. İşğal dövründə suyu quruyan bulaq yenidən sakinlərin və şəhərin qonaqlarının istifadəsindədir.
Artıq görülən işlər və onların təqdimatı deməyə əsas verir ki, Şuşamızın yenidən qurulması istiqamətində ardıcıl olaraq işlər görülür. Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi - ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısında olan məscid ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin sonlarından başlanan bərpa işlərindən sonra bu ilin mayında məscidin açılışı oldu. Görülən işlər kifayət qədərdir. Məlumdur ki, Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında keçmiş Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul etmişdir. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşa işğaldan azad olunduqdan sonra isə Bülbülün ev-muzeyində də bərpa işləri aparılıb və 2021-ci il avqustun 29-da muzeyin açılışı olub.
Qonaqlara təqdim olunan məkanlar sırasında Mehmandarovların malikanə kompleksi də yer alıb. Bu kompleks Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir. Diqqətə çatdırılıb ki, 2021-ci ilin oktyabrından etibarən Heydər Əliyev Fondu tərəfindən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidində və bulaqda təmir-bərpa işləri aparılıb. Evin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrün texnologiyalarına uyğun bərpa edilib. Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub. "Qarabağ zadəganının evi" mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu - XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb. Zadəgan malikanəsinin qonaq otağı evin siması olduğundan burada ən müasir interyer elementlərindən istifadə edilib. Otaqda milliliyi nümayiş etdirən elementlər də var. İnteryerdə dövrün fotoçərçivələrinə salınmış məlumat və portretlər asılıb. İnteryer təəssüratını pozmamaq üçün foto və məlumatların çərçivələri dövrə uyğun hazırlanıb. Fotolar Şuşanın tanınmış zadəgan nəsillərinə – Mehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara, Vəzirovlara, Qacarlara aiddir. Malikanədəki otaqları milli əşyalarla yanaşı, Avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilib. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə olunub.
"İŞĞALDAN AZAD EDİLMİŞ BU TORPAQLARI YENİDƏN QURACAĞIQ"
Şəhər həqiqətən də yenidən qurulur. Şəhərdə inşa edilən yeni yaşayış kompleksinin tikinti işləri davam edir. Tikintinin ümumi sahəsi 8 hektara yaxındır. Yaşayış kompleksi 23 binadan ibarət olacaq. Səkkiz binanın tikintisinə bu ötən ilin iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaq. Burada birotaqlı mənzillərin sayı 28, ikiotaqlı mənzillərin sayı 195, üçotaqlı mənzillərin sayı 190, dördotaqlı mənzillərin sayı 30, beşotaqlı mənzillərin sayı isə 7-dir. Binalar 3 və 5 mərtəbəli olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Dövlət başçısının "Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq" sözləri Şuşa şəhərində yeni yaşayış kompleksinin inşası ilə bir daha təsdiqini tapır. Qədim mədəniyyət paytaxtımızda yaşayış kompleksinin yaradılması otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan şuşalıların bu arzularına çatacağı günün lap yaxında olduğunu göstərir.
ŞUŞANIN RƏMZİ CIDIR DÜZÜ - "YARIŞ MEYDANI"
Şuşanın rəmzi sayılan Cıdır düzü də bu gün başqa bir ab-havadadır. Qeyd edək ki, Cıdır düzü - "yarış meydanı" qədim Şuşanın əsas aktiv istirahət yeri idi. Xanın həyətinin ayrıca zorxanası olmasına baxmayaraq, şuşalıların əksəriyyəti, xüsusən də gənclər hava yaxşı olanda Cıdır düzündə görüşməyə üstünlük verirdilər. Meydançanın adının özü ona işarə edir ki, burada insanlar əvvəllər yarış və covqan oyunları, eləcə də qaçış oyunları keçirirdilər. Yeri gəlmişkən, yarışlar təkcə atlarda deyil, dəvələrdə də təşkil olunurdu. At həvəskarı olan İbrahimxəlil xanın hakimiyyəti dövründə yarışlar onun malikanəsində və Cıdır düzündə keçirilirdi. Qaliblərə qarşı comərdcəsinə davranış sərgiləyib, dəyərli hədiyyələr verilirdi. Gənclər at belində yarışmaya daha böyük maraq göstərirdilər. "Baharbəndi" adlı oyunu ən məşhur oyunlardan idi. Atlı, atını sürərkən calpağını, silahını, xəncərini, qılıncını, çuxasını götürüb xüsusi yerə qoyurdu. Sonra isə, ardıcıl olaraq, sürəti azaltmadan onları yığıb taxmalı idilər. "Papaq oyunu" və "Yaylıq oyunu" kimi məşhur oyunlar da Cıdır düzündə keçirilir. Tarixi salnamələrə və yerli Şuşalıların xatirələrinə görə Cıdır düzü həm də pəhləvanların görüşdüyü və yarışdığı yer olmuşdur. Xüsusən də yerli güləşçilərin tanınmış əcnəbi pəhləvanlarla görüşlərinə çoxlu tamaşaçı toplaşırdı. Cıdır düzündə insanlar həmçinin qoç və dəvə döyüşüləri də keçirirdilər.
Bundan başqa, Cıdır düzü ədəbi-musiqili məclislərinin, musiqi şənliklərinin də keçirildiyi yer idi. Mir Möhsün Nəvvab Cıdır düzündə "Məclisi-Fəramuşan" cəmiyyətinin məclislərini keçirir, bu məqsədlə xalq arasında sonralar "Ağzıyastı kaha" adlandırılan qonşu mağaralardan birini də bir çox şeylə təchiz etmişdi.
Cıdır düzündə insanlar nəinki bayramlarda toplanır, o cümlədən xarici nümayəndə heyətlərinin nümayəndələrini də qəbul edirdilər. Burada təşkil olunan bayram şənlikləri musiqi ilə yanaşı, kəndirbazların, klounların çıxışları ilə müşayiət olunurdu. Şübhəsiz ki, Cıdır düzündən eyni zamanda hipodrom, stadion, konsert meydançası və şəhər meydanı kimi də istifadə olunurdu.
İdeoloji, ictimai-siyasi tədbirlərin artıq məkanına çevrilən, Türk dünyasının mədəniyyət paytaxtı Şuşamız yenidən bayram libasını geyindi. Sanki bütün al-əlvan rəngli libaslar onun üçün seçilib. Toy-büsatlı Qarabağımızın incisi "Xarıbülbül"ün sədası ilə dağları, daşları aşaraq yenidən xoş ovqatını dünyaya yaydı. Bildiyimiz kimi, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib. Uzun illərdən sonra yenidən Şuşada, Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının keçirilməsi bir daha dünyaya göstərir ki, işğaldan azad olunan torpaqlarımız əzəli sakinlərini qoynuna alanda belə əzəmətli, möhtəşəm olur.
Şuşa dirçəlir və yenidən qurulur.
Zümrüd BAYRAMOVA