Azərbaycan öz mədəniyyəti, dini-mədəni abidələri, irsi ilə neçə əsrlərə malik tarixini, qədimliyini təsdiqləyir. Daş kitabələrdə iz salmış nümunələrimizdə Azərbaycan xalqının tarixi kökləri öz əksini tapır. Aparılan arxeoloji qazıntılar, araşdırmalar bir daha təsdiq edir ki, Azərbaycan tarixi minillikləri əhatə edir. Azərbaycanın neçə əsrlərə söykənən tarixi reallıqlarına, daş yaddaşlara hopmuş həqiqətlərə kölgə salmaq, saxtalaşdırmaq mümkün deyil. İki əsrdən artıq Azərbaycana qarşı təcavüzkar siyasətini həyata keçirən Ermənistan saxta tarix yaratmaq məqsədi ilə torpaqlarımıza göz dikərək, burada olan dini, mədəni abidələrimizi, toponimlərimizi saxtalaşdıraraq "Böyük Ermənistan" yaratmaq xülyaların həyata keçirmək istəyiblər. Ermənistan ərazidəki türk mənşəli adların dəyişdirilməsi "Türkmənçay" sülh müqaviləsindən sonra baş vermişdir. Yüzlərlə kəndlərimizin adı dəyişdirilərək erməni soyqırımına məruz qalıb. Mənbələrdə qeyd olunur ki, 1827-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalından sonra yaradılan yeni inzibati-ərazi vahidində yəni – "Erməni vilayəti"nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. Onlar da 1828-ci ilədək buraya köçürülmüş ermənilər idi. Göstərilən 62 kəndin ancaq 14-nün adı erməni mənşəli idi. Tarixin müxtəlif dönəmlərində Qızıl Bulağın adı dəyişdirilərək Güllüdüz-Vardahovid, Zeytə-Zedeya, Armutlu-Danzud, Ağbulaq-Axpurak, Acıbac-Acabac, Qovşud-Kavçut, Gabut-Kapuyt, Molla Musa-Musakan və s. adları ilə əvəzləniib, saxtalaşdırılıb.
Tarixi gerçəkliklər göstərir ki, 1918-ci ildə Azərbaycan torpaqları hesabına "Ararat Respublikası" adlı dövlət yaratmaq fürsəti əldə etmiş ermənilər dərhal öz əsl simalarını ortaya qoyaraq bu tarixi ərazinin yerli sakinləri olan azərbaycanlılara qarşı kütləvi soyqırımı həyata keçirməyə, dinc əhalini qəddarlıqla və kütləvi şəkildə məhv etməyə başlayıblar. Sonra tarixi mənbələr saxtalaşdırılıb, bu ərazilərdə nə varsa hamısı mənimsənilib, abidələrimiz, toponimlərimiz erməniləşdirilib.
Tarixi faktlara istinad edərək qeyd edək ki, 1988-89-cu ilə qədər azərbaycanlılar yaşamış 16 rayonda 90 türk mənşəli toponimlər dəyişdirilərək erməni adı ilə saxtalaşdırıldı. Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın zamanda erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Azərbaycanın tarixi adları özünə qaytarılır, dini-tarixi abidələrimiz təmir və bərpa olunur. Toponimlərimiz də öz tarixi adlarına qovuşur. Belə ki, 1969-cu ilin iyun ayında Basarkeçər rayonunun adı dəyişdirilərək Vardenis qoyulmuşdur. Artıq bu ad Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bərpa edilib. 2020-ci ilə qədər Madagiz adlanmış Suqovuşanın da tarixi adı Prezident İlham Əliyev tərəfindən bərpa edildi.
Şuşa, Ağdam, Zəngilan, Cəbrayıl kimi ərazilərimizdə olan tarixi dini-mədəniyyət abidələrimiz neçə əsrlərdən soraq verir. Qarğabazar kəndində Cəlil turbəsi, Aşağı Veysəlli kəndində Mirəli turbəsi, Qocəhmədli kəndində məscid binası, Horadiz kəndində məscid binası, Horadiz kəndində İmamzadə turbəsi, Aşağı Aybasandı kəndində İbrahim turbəsi və s. tarixi əhəmiyyətli abidələrimiz erməni vandalları tərəfindən məhv edilib, yararsız hala salınıbdır. İşğaldan azad olunan torpaqlarda 67 məsciddən yalnız ikisi qalmışdır.
Arxeoloji abidələrdən tunc dövrünə aid Zərgərtəpə, Şəkərçik yaşayış yerləri, eramızdan əvvəl II-I minilliklərə aid Günəştəpə və s. tarixin izini özündə yaşadan nümunələr sırasındadır. XVII-XIX əsrə aid məscidləri, XVIII-XIX əsrlərə aid körpüləri də erməni təcavüzünə məruz qalmışdır. Bu sırada paleolit dövrünə aid Azıx və Tağlar mağara düşərgələrini də qeyd etməliyik. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən qədim insanının yaşayış yerlərindən biri olan Azıx mağarasının Azərbaycan tarixinə məxsus, tarixi sərvətin olduğunu bildirib: "Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik. Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar".
Füzuli şəhərindəki tikilmə tarixi hicri tarixi ilə 1307-ci ildə olan Hacı Ələkbər məscidi də öz orijinallığı ilə seçilir. Mənbələrdə qeyd olunduğu kimi, miladi təqvimi ilə tikilmə tarixi 1889–1890-cı illəri əhatə edir. Təbii ki, məcscidin belə adlandırılmasına səbəb onun Hacı Ələkbər adlı xeyriyyəçi tərəfindən inşasına vəsaitin ayırmasıdır. Füzulinin işğalı zamanı bir çox tarixi mədəniyyət abidələrimiz kimi, Hacı Ələkbər məscidi yararsız hala salınıb.
Ermənilər bütün maddi-mədəniyyət abidələrimizə qarşı təcavüzkar siyasəti həyata keçiriblər. Bütün bunlara baxmayaraq, işğaldan azad olunan bütün ərazilərimizdə olan bütün dini-mədəniyyət abidələrimiz, dağıdılmış infrastruktur yenidən qurulur, bərpa və təmir olunur.
Nəzakət ƏLƏDDİNQIZI