Vətən müharibəsində qazandığımız Zəfərdən üç ilə yaxın bir zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Böyük Qayıdışımız reallığa çevrilir. Ağalı, Talış kəndələrinə, daha sonra Laçın və Füzuliyə qayıdış… Bu qaydış insanların neçə illik həsrətinə son qoydu. Əzəli torpaqla görüşmək, torpağa qədəm qoymaq, ona diz diz söküb, mən qayıtmışam deməkdən böyük xoşbəxtlik nə ola bilər?! Torpaq üçün cadar olmuş ürəklərlərə su çilənir, şahlanır, bütövləşir. İnsanlar kimi qəribsəmiş dağlar, daşlar da sanki sakinlərinin pişvazına gəlir, onları salamlayır. Bu gün isə daha bir köçün görüşünə Laçının Zabux kəndi gələcəkdir, onları salamlayacaqdır. 44 günlük Vətən müharibəsi 30 ilə yaxın öz ata-baba yurdundan uzaq düşən, əzəli torpaqlarımızın həsrəti ilə yaşayan insanların acı talelərinə bir sevgi, əbədi bir dünya bəxş etdi. Vaxtilə qovhaqovla el-obalarından qaçqın düşənlərin ruzigarlarına salınan naxış bu gün öz rəngini dəyişib. Viran qalmış yurd yerlərinə əzəli sakinlər artıq sahibdirlər. Aylarını, illərini bir gün yenidən doğma yurdlarımıza qaydıcağıq ümidi ilə yaşayan doğmalarımız bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımıza qovuşurlar.
88 NƏFƏRDƏN İBARƏT 20 AİLƏ ZABUXDA - ƏZƏLİ TORPAQDA
Laçının Zabux kəndi… İlk mərhələdə 88 nəfərdən ibarət 20 ailə Zabuxa köç edir. Bakıdan, Lökbatandan Zabuxa yol alan karvan məcburi köçkünləri neçə ilin həsrətindən sonra el-obası ilə görüşdürəcəkdir. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Qeyd edək ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib.
Xatırladaq ki, Zabux 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 30 illik işğaldan sonra 26 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının nəzarətinə keçmişdir. Zabux çayının sahilində, Qarabağ yaylasında olan Zabux kəndinin keçmiş adı Xut Zabux olmuşdur. Əvəllər bu ərazidə Sus Zabux adlı başqa kənd də var idi. Mənbələrə əsasən, XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı olmuş və mövqeyinə görə Zabox adlanmışdır. Sonralar yaxınlığındakı Baharlı və ona birləşən şadmanlı kəndləri də həmin adla adlanmışdır. Kənddə işğal dövründə başçısı Zeylan Öcalan olan "Kürd konqresi" terrorçu qrupu yerləşdirilmişdir. Kənd ərazisində XIX əsrə aid tarix mədəniyyət abidəsi olan iki körpü var. Bütün tarixi dövrlərdə, Zabux kəndinin etnik tərkibi tamamilə azərbaycanlılardan ibarət olmuşdur.
Əlbəttə ki, Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nümunəsidir. İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə bütün Qarabağ və Şərqi Zəngəzur kimi, Laçında da nəhəng bərpa və yenidənqurma işlərinə başlanılıb. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur. Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının ətrafında çimərlik-istirahət mərkəzi salınır. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb. Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Təkcə yol və binalar deyil, məkanın real coğrafi relyefini əks etdirən sal qayaların, yüksək zirvələrin, sıldırımların işıqlandırılması da Laçının gözəlliyini əks etdirir.
"LAÇIN ŞƏHƏRİNİN YENİ SİMASI MÜSTƏQİLLİYİMİZİN NƏ QƏDƏR GÜCLÜ OLMASINI BİR DAHA GÖSTƏRİR"
Ağalı və Talış kəndindən sonra əzəli torpaqlarımızın sahibləri olan laçınlıların da bir qismi öz yurdlarına qayıtdılar. Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşərkən "Bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm", - deyə bildirmişdir. Görüşü məhz 28 May tarixində təşkil etməyin böyük rəmzi mənasısı olduğunu bildirən dövlət başçısı qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir: "Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır".
Bu, Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəriciləri sırasındadır. Artıq Laçın şəhərinin Baş planı hazırlanıb və bu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu - İsveçrənin "SA Partners" şirkətinin iştirakı ilə hazırlanıb. Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı nəzərə alınaraq şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, fəal rekreasiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradacaq.
Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Laçında abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib.
Nəzakət ƏLƏDDİNQIZI