Bu gün dünyanın yeni düzəni formalaşır, bu düzənin vacib seqmentlərindən biri də Türk dövlətləri birliyidir. Bu birlik yalnız etnik kimliyə, din və dil birliyinə söykənmir. Regionda, xüsusilə də Avropadan Mərkəzi Asiyaya qədər uzanan geniş bir ərazidə yeni bir mədəni, siyasi, iqtisadi və gələcəkdə də hərbi ittifaqın daha etibarlı forması qurulmaqdadır. Azərbaycan bu sahədə, ikitərəfli və çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyəti, məhz bu qurumun nüfuzunun artırılmasına xidmət edir. Bu, həm də müasir müstəqil Azərbaycanın qarşısına qoyduğu hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu xarici siyasətin bir komponentlərindəndir. Bu uğurlu diplomatik fəaliyyət, həmçinin türk dövlətləri arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Bu mənada Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında münasibətlərin inkişafı mühüm yer tutur.
Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsi qardaşlığımızın, dostluğumuzun, o cümlədən Özbəkistan rəhbərinin özünün şəxsən ölkəmizə, xalqımıza münasibətinizin göstəricisi olmaqla bərabər həm də ötən dövr ərzində əlaqələrimizin ən yüksək səviyyəyə yüksəlməsinin mühüm göstəricisidir. Özbəkistan Prezidentinin cari səfəri hər iki dövlət üçün səbirsizliklə gözlənilən siyasi hadisə idi. Bildiyiniz kimi, hələ bu il iyulun 24-də Prezident İlham Əliyevin Prezident Mirziyoyevə ad günü münasibətilə zəng edərkən məhz bu səfərin əlaqələrimizin inkişafında növbəti mərhələ olacağına əminlik ifadə etmişdi. İlk növbədə, bu səfər ötən il müəyyən edilmiş hədəflərin icrasının səmərəliliyini təhlil etmək, habelə yeni qlobal düzəndə yeni prioritetlər, birgə hərəkət planları müəyyən edilməsi üçün mühüm imkan oldu.
Prezident İlham Əliyevin ötən il iyulun 21-də Özbəkistana səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə imzalanıb. Dövlətimizin başçısının mətbuat üçün birgə bəyanatda ifadə etdiyi kimi, bu Saziş mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Bu çərçivədə münasibətlərin həqiqətən strateji səviyyəyə çatması üçün geniş spektrli prioritetlər və birgə fəaliyyət proqramları müəyyən edilib.
Təqribən bir il bir ay sonra Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri çərçivəsinə Azərbaycanla Özbəkistan arasında Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilənin imzalanması ötən dövr ərzində ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqamətimizdə hədəflərin uğurla reallaşdırıldığını əyani şəkildə sübut edir. Özbəkistan Prezidentinin ifadə etdiyi kimi, “Bu müqavilə ən yüksək etimad səviyyəsi və razılığa gəldiyimiz həmin strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır”. Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilə, eyni zamanda, Prezident İlham Əliyevin də dediyi kimi, “Ölkələrimiz arasında gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir. Təbii ki, cari səfər humanitar sahədə münasibətlərimizin dərinləşməsinə də ciddi təsir edəcək. Ortaq kökümüz, dilimiz, habelə tarixi bağlarımız mədəni-humanitar əlaqələr üçün ciddi bazisdir və daha da yaxınlaşmağımız üçün imkandır. Özbəkistan Prezidentinin vurğuladığı kimi, “Bir müddət keçəcək bizə tərcüməçi lazım olmayacaq və ya burada iki dildə danışmağa ehtiyac qalmayacaq”.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri