Mehriban xanım Əliyeva: "Xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir"
İctimai-siyasi, mədəni həyatda aparıcı qüvvəyə çevrilmək, əməli fəaliyyətilə böyük nüfuza sahib olmaq, örnəyə çevrilmək böyük məsuliyyət və zəhmətin bəhrəsidir. Əlbəttə ki, vətənpərvərlik, vətənə bağlılıq insanı xalqı, milləti üçün böyük amallara xidmət etməyə sövq edir. Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai-siyasi, mədəni həyatında müstəsna rola malik olması onun vətənə bağlılığından irəli gəlir. Milyonlarla insanın məhəbbətini qazanan, onların ümid və pənah yerinə çevrilən, ən çətin anlarında yanında olmaq mərhəmətin və xeyirxahlığın ən yüksək nöqtəsidir. Qayğı, ehtiram, alicənablıq, təvazökarlıq kimi keyfiyyətlər insana ucalıq gətirərək, özü də hiss etmədən onu ali dəyərlərin daşıyıcısına çevirir. Sosial müdafiəyə ehtiyacı olan insanların maddi durumunun yaxşılaşdırılması, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olmaq həssas münasibətdən, qayğıkeş qəlbdən qaynaqlanır. Bu və digər ali dəyərləri ilə insanların doğması tək qəbul etdiyi Mehriban xanım Əliyeva qazandığı nüfuzu ilə Onu sevənlərlə özü arasında mənəvi körpü salıb. Böyük və məsuliyyətli missiyanın daşıyıcısı olmaq yükünü üzərinə götürən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Onu həyat missiyasından, məramından uzaq salmır. Genişmiqyaslı layihələri ilə məsuliyyət hissini daha da artırır. Ən çətin anlarda, kədərli, hüznlü günlərdə, eləcə də xalqımızın sevincli, iftixarlı zamanlarında insanların yanında olaraq, onlarla öz fikirlərini bölüşmək əlbəttə ki, Mehriban xanım Əliyevaya ucalıq gətirir. "Sizin MEHRİBAN" ifadəsi də qarşılıqlı bir münasibətdən yaranmışdır. Neçə illərdir ki, ağır və məsuliyyətli yükü çiyinlərinə götürərək yoluna davam edir.
HƏQİQİ XOŞBƏXTLİYƏ VƏ HARMONİYAYA APARAN YOL
Xeyriyyəçilik və humanizm kimi dəyərlərdən yoğrulmuş fəaliyyət insanlığa, bəşəriyyətə xidmət etmək kimi ali bir dəyərə söykənir. İllərdir ki, yorulmaq bilmədən çalışan və böyük əhəmiyyət kəsb edən, müasir dünyamızın çağırışlarına cavab verən layihələri ilə milyonlarla insanın sevgisini qazanan Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva gördüyü işlərlə mənəvi rahatlıq tapır. Bu fəaliyyət özünün vurğuladığı kimi, sarsılmaz həqiqətlərə söykənir: "Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir", - deyən Mehriban xanım Əliyeva valideynlərindən əxz etdiyi dəyərləri hər zaman üstün tutaraq, onların öyrətdikləri həqiqətə və mənəviyyata can atmağı özünün həyat məqsədinə çevirib: "Onlar öz varlığı ilə ləyaqət və şərəf hissinin hər şeydən üstün olduğunu aşıladılar. Öyrətdilər ki, alicənablıq və dürüstlük, mənəviyyat və şəfqət, xeyirxah əməllər, inam və məhəbbət – həqiqi xoşbəxtliyə və harmoniyaya aparan yoldur". Bəli, bu yol böyük bir yoldur. İnsanlığa aparan yoldur. Söhbət insan anlamından gedirsə, bu məfhumun arxasında dayanan amillər ən böyük dəyərlərə yol açır.
"CİNAYƏT TÖRƏTMİŞ İNSANLARA BİR DAHA İMKAN VERMƏLİYİK Kİ, ONLAR AZAD HƏYATA QAYITSINLAR"
O, Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyi illərdə də əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərdi. "Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz" – deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.
Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar layihəsinin müzakirəsində o öz çıxışında qeyd etmişdir: "…səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk".
Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır. O, bu təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdır.
"BU GÜN HEYDƏR ƏLİYEV BİZİMLƏ OLMASA DA, ONUN İDEYALARI YAŞAYIR, NİYYƏTLƏRİ HƏYATA KEÇİRİLİR"
Azərbaycan tarixinə müstəqil dövlət qurucusu kimi daxil olmuş Ulu Öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmış Heydər Əliyev Fondu müxtəlif layihələr həyata keçirərək, cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın Birinci xanımı, Mehriban Əliyeva hər zaman xalqın yanında olan onun problem və qayğıları ilə maraqlanan və onların çözülməsinə çalışaraq, həqiqətən də, insanların ümid, pənah yeridir. Xeyirxahlıq, haqq-ədalət ünvanıdır. Ulu Öndər Heydər Əliyev ideyalarını davam etdirən Fondun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında əks-səda doğuraraq, birmənalı qəbul edilir. Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyev haqqında belə deyir: "O, Vətəninə, müstəqil, çiçəklənən, qüdrətli Azərbaycanda xoşbəxt görmək istədiyi xalqına olan sonsuz sevgisini hər şeydən üstün tuturdu. Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir. Ən başlıcası onun müqəddəs arzusu reallaşıb".
Hər bir addımı böyük rəğbətlə qarşılanan Fondun humanitar missiyada fəaliyyət proqramlarının həyata keçirilməsi vətəndaşların qayğı və problemlərinin həllində müstəsnadır. Həyata keçirilən bütün layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır. Uşaq bağçalarının, orta məktəblərin, səhiyyə müəssisələrinin təmir və inşası, eləcə də, əqli, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olması, şəkərli diabet, böyrək çatışmazlığından əziyyət çəkənlərə pulsuz və yüksək səviyyədə yardım və kömək göstərilməsi Heydər Əliyev Fondunun qısa bir zaman məsafəsində gördüyü işlərin uğuru olaraq qəbul edilir.
"AZƏRBAYCAN - TOLERANTLIĞIN ÜNVANI"
Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilmişdir. Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbələri yüksək səviyyədə bərpa edilmişdir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Qəbələdə isə yeni məscid inşa olunmuşdur.
Bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, ölkəmizdə müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.
Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Odur ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.
Belə ki, 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub. Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilib. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir. Heydər Əliyev Fondu hazırda Şuşada daha bir neçə layihənin bərpasını başa çatdırıb. Mehmandarovların malikanə kompleksi də bu layihələrdən biridir.
AZƏRBAYCANÇILIQ İDEYALARI - GERÇƏKLƏŞƏN İRİMİQYASLI LAYİHƏLƏR
Azərbaycan haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa önəm verən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələr sırasında "Qarabağ həqiqətləri" bukletlər toplusunun nəşri xüsusi əhəmiyyətə malikdir. "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir. "Qarabağ həqiqətləri" silsiləsinin davamı olaraq 2007-ci ildə Heydər Əliyev Fondu Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edən "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində nəşr etdirdi. Kitaba 30 ilə yaxın ermənilər tərəfindən işğal altında qalmış ərazilərimizdəki mədəni sərvətlərimizin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində və işğal altındakı bölgələrimizdəki tarixi və mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən videomateriallar əlavə olunub. Rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun "Bəyazidin müdafiəsi: həqiqət və yalan", "Əlahəzrətin general - adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan", "Sovet İttifaqı adından" kitabları rus dilində nəşr olunub.
Heydər Əliyev Fondu azərbaycançılıq ideyalarının çarçısı olaraq Azərbaycandan kənarda da amalını gerçəkləşdirmək yönümündə irimiqyaslı layihələri ilə çıxış edir. Onun böyük təşəbbüsü ilə müasir dövrümüzdə fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Sözsüz ki, belə bir dövlətlərdə nümayəndəliklərin yaranması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətlidir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti, bu Fondun mədəniyyət və səhiyyə sahəsində həyata keçirdiyi irimiqyaslı layihələr, o cümlədən talassemiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı və talassemiyaya tutulmuş uşaqlar üçün ixtisaslaşdırılmış mərkəzin yaradılması və s. onun xeyriyyəcilik əməllərinə söykənir. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq Azərbaycanın bir sıra rayon və kəndlərində yeni məktəb binalarının inşa, təmir və bərpa olunaraq istifadəyə verilməsi bu görülən işlərin davamı olaraq reallaşır. Belə ki, məktəblər müasir avadanlıqlarla təchiz edilərək, dünya standartlarına uyğun qurulur ki, bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərməkdədir. Demək olar ki, Azərbaycanın hər bir məkanında təhsil sahəsində aparılan bu dəyişikliklər özünü büruzə verir. Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnərək, dünya təhsil sisteminə inteqrasiya olunur. Bu uğurlu addım Fondun başlıca vəzifəsi olaraq davam etdirilir.
Fondun səhiyyə ocaqlarının bərpa edilməsi və inşası ilə bağlı layihələri də öz nəticəsini vermiş bu gün tibbi müəssisələr dünya standartlarına uyğun inkişaf etmiş ölkələrdən gətirilmiş müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Belə ki, Fondun həyata keçirdiyi sosialyönlü layihələr sırasında "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və s. layihələri xüsusi olaraq vurğulamaq lazımdır. Paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir. Fond tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasında yaxından iştirak edir. Onu da bildirək ki, səhiyyəyönümlü layihələr sırasında Heydər Əliyev Fondunun fəaliyyətində uşaqlar arasında mövcud olan talassemiya xəstəliyinin qarşısının alınması üçün preventiv tədbirlər, maarifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi ilə bağlı məsələlər də yer alır. Paytaxtımızda inşa olan Talasamiya Mərkəzi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirildi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və bu gün həmin xəstəliyə düçar olanların ümid yerinə çevrilən mərkəz Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunub. Burada quraşdırılan avadanlıqlar müalicənin ən yüksək səviyyədə aparılmasına şərait yaradır.
SEVİNC VƏ KƏDƏRİ XALQ İLƏ BİRGƏ YAŞADI
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə də töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürdü. Heydər Əliyev Fondu daim himayəsində saxladığı bir sıra müəssisələrə koronavirusla mübarizə sahəsində dəstək göstərdi. Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar ayrıldı. Odur ki, Heydər Əliyev Fondu minlərlə insanın qəlbində bir ümid çırağı yandırıb. Mehriban xanım Əliyevanın mərhəməti, xeyriyyəçiliyi, humanizmi bu münasibətin formalaşmasına səbəb olub.
Azərbaycanın işğaldan azad olunan ərazilərinə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə səfərlərindən tarixi və əzəli torpaqlarımızla bağlı etdiyi paylaşımları hər kəsdə maraq oyadır. Son illərin tarixi gerçəkliklərinə nəzər salsaq görərik ki, O, həqiqətən də xalqla birgə yaşayır. Vətən müharibəsi dövründə bunun bir daha şahidinə çevrildik. Mehriban xanım Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ömür-gün yoldaşı olmaqla yanaşı, onun məslək yoldaşı və silahdaşıdır. Hər zaman bərabər addımlayan ehtibarlı silahdaş. Qarabağ torpaqlarının erməni işğalından azad olunması yolunda 44 günlük müharibədə Mehriban Əliyeva hər qələbə sevincini xalq ilə birgə yaşadı. Şəhid analarının kədərini bir ana kimi yaşadı, şəhid anaların yanında oldu, onlara təsəlli verdi. Qazilərimizə mərhəmət əlini uzatdı. Həssas qəlbi, iradəsi ilə bütün hadisələrə münasibətində onun xalqa sevgisini, məhəbbətini görürük. Azərbaycan həqiqətlərinə laqeyd qalmır.
44 günlük müharibəni Zəfərlə başa vuran Azərbaycanda reallaşacaq layihələrə Mehriban Əliyeva öz töhfəsini verir. Möhtəşəm "Xarı Bülbül" festivalına rəhbərlik etməsi bütün dünyaya səs saldı. 30 ildən sonra "Qarabağ şikəstəsi" Cıdır düzündə səsləndirildi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dünyanın qlobal çağırışla üz-üzə qaldığı zamanda belə xalqla həmrəylik nümayiş etdirdi və bu gün də belədir. İsti və səmimi münasibətləri Onu insanlara daha da yaxınlaşdırıb. İnsanların pənah yeri, ümid çırağına çevrilib.
Zümrüd BAYRAMOVA