Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Azərbaycanda müxtəlif xalqların birgə yaşamaq qaydası, müxtəlif dinlərə münasibət, cəmiyyətdə tolerantlıq mühitinin qorunması kimi məsələlərin müzakirəyə cəlb edilməsi aktualdır. Multikultural dəyərlərə sahib olmaq anlaşılmazlığa, fobiyaya, milli və dini münaqişələrə son qoymaq deməkdir. Azərbaycan dünya ölkələrinə müxtəlif icmaların dinc şəraitdə və qarşılıqlı hörmət münasibətində birlikdə yaşaya bilmək modeli kimi nümunə göstərə bilir. "Tolerantlıq, dözümlülük çox geniş anlayışdır", - deyən Ulu Öndər Heydər Əliyev onun həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aid olduğunu bildirirdi: "O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir".
Ölkəmizdə mövcud olan dini icmaların fəaliyyətinə hərtərəfli şərait yardılıb və heç vaxt ölkəmizdə dini və milli zəmində qarşıdurma baş verməyib. Müasir dövrümüzdə ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Müasir dövrümüzdə Azərbaycanın milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyindən ölkəmiz çoxmillətli və çoxdinli bir ölkəyə çevrilib. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, əqidəsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan edilir.
MÜXTƏLİF DİNLƏRİ TƏMSİL EDƏN İNSANLAR SÜLH, ƏMİN-AMANLIQ VƏ QARŞILIQLI HÖRMƏT ŞƏRAİTİNDƏ
Əlbəttə ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır, Azərbaycanda tolerantlıq mühitindən söz açarkən, ilk növbədə, ölkəmizdə hökm sürən siyasi sabitliyi, sosial və iqtisadi inkişafı vurğulamalıyıq. Müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayırlar. Bura yəhudilərin, müsəlmanların və xristianların yan-yana ibadət etdikləri məkandır. Azərbaycanda bütün dini konfessiyaların nümayəndələrinin öz dini etiqadlarını, ayinlərini sərbəst və bərabər şəkildə yerinə yetirmək imkanları var və ölkədə məscidlərlə yanaşı pravoslav, katolik, alban kilsələri və sinaqoqların fəaliyyət göstərir. Çünki bu gün Azərbaycan dövləti çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq prinsipini əsas meyar götürüb. Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, Nic və İvanovka kəndləri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Bu gün regionumuzda və dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmaların olması Azərbaycan kimi sülsevər bir dövləti narahat etməyə bilməz. "Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir"- deyən İlham Əliyev müasir dövrümüzdə ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən birinə çevrildiyini bildirib. Belə bir ölkə multikultural və tolerant dövlət kimi millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır və ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Dünyada baş verən böhranlardan və münaqişələrdən uzaq olmaq, birgə tədbirlərin görülməsinə nail olmaq, terrorizmə, münaqişələrə qarşı səmərəli mübarizə aparmaq üçün vətəndaşlıq prinsipləri, insan haqları, bərabərlik amillərini hər zaman diqqətdə saxlayan Azərbaycan terrorizm aktlarını törədənlərə, irqi və dini zəmində münaqişə yaradanlara qarşı barışmaz mövqeyini ortaya qoyur, islam dünyasının həmrəyliyinə töhfəsini verir. Azərbaycandakı mövcud vəziyyət onu deməyə əsas verir ki, ölkəmizdə multikulturalizmin alternativi yoxdur. Azərbaycan bir çox millətlərin və konfessiyaların birgə əmin-amanlıq şəraitində yaşadıqları unikal yerdir və bu ənənələrin tarixi kökləri var.
ƏHALİSİNİN TƏRKİBİ ETNİK, DİNİ VƏ MƏZHƏB BAXIMINDAN ZƏNGİN AZƏRBAYCAN
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və s. onlarla belə qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurların, udilərin sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığından xəbər verir. Ölkənin ictimai-siyasi, mədəni həyatında iştirak üçün tam bərabər hüquqa malikdirlər. Son illər Avropanın üzləşdiyi böyük miqrasiya dalğasında bu məfhumun lazımı səviyyədə tənzimlənməməsinin şahidinə çevrildik. Bu, onun göstəricisidir ki, demokratik, sülhsevər adlandırılan ölkələr buna hazır deyillər. Bu gün Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirir. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində ölkəmizə köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurmasına əlverişli zəmin yaradıb. Almanların Azərbaycana ilk kütləvi köçü isə 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında iki koloniya salıblar. Həmin kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evlər tikilirdi. Tarixi mənbələrdə göstərilir ki, sonralar Gəncə və Qazax qəzalarında almanların yeni koloniyaları - Georqsfeld (indi Şəmkirin Çinarlı qəsəbəsidi), Alekseyevka, Qrünfeld (indi Ağstafanın Həsənsu kəndidi), Ayxenfeld (indi Şəmkirin İrmaşlı kəndidi), Traubenfeld (indi Tovuz şəhəri), Yelizavetinka ( indi Agstafa şəhəri) və Marksovka yarandı.
XIX əsrin sonu-XX əsrin əvvəlində Azərbaycanda yaşayan almanların əksəriyyəti protestantlığa etiqad edirdilər. Ölkəmizdə protestant kilsəsi 1857-ci ildə, məhz Helenendorfda (Xanlar ərazisində) tikilib. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verildi. Almanların Azərbaycana yerləşdirilməsindən sonra əlli il ərzində Gəncə ətrafında iki, Şəmkirdə üç, Tovuzda bir, Ağstafada üç alman yaşayış məntəqəsi salınıb və alman ailələrinin sayı 3400-ü ötüb. Hazırda Şəmkir, Ağstafa, Xaçmaz, Göygöl və digər bölgələrdə çoxlu sayda alman abidələri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydiyyata alınıb və dövlət tərəfindən qorunur.
Azərbaycanda almanların inşa etdikləri məşhur tiklilərin bəziləri Bakıda da yerləşir. Bakıda-28 May küçəsində yerləşən alman kilsəsi-Kirxa onlardan biridir. Azərbaycanda yaşayan alman icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir və söhbət aparırlar. O dövrdə Bakıda məskunlaşan alman və İsveç əsilli insanlar burada dini ibadət üçün bu kilsəni tikmək qərarına gəlirlər. Tarix boyu tolerantlığı ilə dünyaya nümunə olan xalqımız bu ideyanın həyata keçirilməsində onlara dəstək verir. Beləliklə, 1896-cı ilin martında Bakıda yevangelik-lüteran kilsəsinin təməli qoyulmuş və 1899-cu ildə istifadəyə verilmişdir. 24 yaşlı alman Adolf Eyxlerin memarı olduğu bina o dövrdə Bakının ən nadir arxitektura inciləri sırasına daxil olur. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə bu binada əsaslı təmir və bərpa işləri aparılıb. Azərbaycan mütəxəssisləri əsaslı təmir və bərpa işlərini binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirilib. Kirxanın yanında daha bir bina var. Kapelhauz adlanan bu bina Alman mədəniyyət mərkəzidir.
Azərbaycan xalqı digər xalqlara qarşı həmişə tolerantlıq göstərib və bu gün də bu ənənə qorunub-saxlanılır. Bir daha aydın olur ki, Azərbaycan əsrlərdir fərqli din və mədəniyyətlərin qovuşuğunda yerləşir, ölkədə tarix boyu tolerantlıq və multikulturalizm mövcud olub, müxtəlif etnik qrupların və dinlərin nümayəndələri burada sülh şəraitində birgə yaşayıblar. Ekstremizm və dözümsüzlük əleyhinə çıxış edən Azərbaycan kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. Belə ki, istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.
Nəzakət ƏLƏDDİNQIZI