Cari ilin 22 avqust tarixində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfəri edib. Qeyd edək ki, Şavkat Mirziyoyev ötən ay Özbəkistanda keçirilən prezident seçkilərində xalqın növbəti dəfə etimadını qazanaraq yenidən Prezident seçildi və seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etdi. Prezident İlham Əliyev və onun özbəkistanlı həmkarı Şavkat Mirziyoyev mətbuata bəyanatlarında bu mühüm məqamı xüsusi olaraq diqqətə çatdırdılar ki, Azərbaycan və Özbəkistan iki yaxın xalq, iki yaxın ölkədir. Hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri əlaqələrin yeni mərhələyə yüksəlməsini şərtləndirir.
Səfər çərçivəsində müxtəlif sahələr üzrə ümumilikdə imzalanan 20 sənəd əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni xüsusi qeyd etmək lazımdır. Bu sənəd həm Azərbaycan ilə Özbəkistan arasında qədim tarixə malik münasibətlərin bu gün yüksək səviyyədə olduğunu, həm də ikitərəfli əməkdaşlığın gündəliyinin kifayət qədər zənginliyini nümayiş etdirir. Daşkənd və Bakı şəhərlərində Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, paytaxt Bakının küçələrindən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələrindən biri kimi qeyd edilir. Səfəri çərçivəsində Özbəkistan Prezidentinin Füzuli rayonuna gəlməsi, məhz özünün təşəbbüsü ilə Füzulidə inşa olunan və Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirakı da möhkəm təmələ əsaslanan dostluğumuzun, qardaşlığımızın uğurlu gələcəyinin əyani təsdiqlərindəndir.
Dövlətimizin başçısı İlham Əliyev Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə tikilən və səfər çərçivəsində açılışı olan məktəbi Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi kimi dəyərləndirdi. Eyni zamanda bu, qardaşlığın, həmrəyliyin, dəstəyin nümunəsidir. Prezident İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də dostluğumuzun və qardaşlığımızın daha bir mərkəzi olacaq. Özbəkistan Prezidentinin bu səfərinin hər iki ölkə arasında münasibətlərin tarixində tamamilə fərqli, olduqca əhəmiyyətli və yaddaqalan səhifə açacağını şərtləndirən xeyli məqamlar var.
Özbəkistan Prezidentinin Füzuli rayonuna səfəri soydaşlarımızın ilk mərhələsinin bu torpağa qayıdışına təsadüf etdi. Füzuli Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qarşılanması işğaldan azad edilmiş ərazilərimizin həyatında tarixi hadisədir.
Böyük Qayıdışın sevincini yaşayan fizulililər Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın bu torpaqda inşa edilən məktəbin açılışında iştirak etmələrindən, həmçinin dövlət başçılarının Füzuli şəhərindəki MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşlərindən qürur hissi keçirirlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə də tanış oldular. Dost ölkənin Prezidentinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa işləri ilə yaxından tanış olmaq istəyi həmrəyliyimizin, qardaş dəstəyinin göstəricisidir.Xatırladaq ki, Özbəkistanın İkinci Qarabağ müharibəsi dövründə də Azərbaycana qarşı laqeyd qalmadı, torpaqlarımız işğaldan azad olunanda sevincimizə şərik çıxdı, Qələbəmizi dəstəkləyən ölkələrdən oldu.Bu gün böyük ailə olan türk dünyası birliyi, həmrəyliyi ilə diqqətdədir. Reallıq budur ki, tarixi Zəfərimizdən sonra bu birlik daha da möhkəmlənib. Bunu türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri, əməkdaşlığın çoğrafiyasının genişlənməsində, həmçinin əlaqələrin daha da dərinləşməsində hüquqi baza rolunu oynayan sənədlərin imzalanması da təsdiqləyir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini