Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun uğurlu xarici siyasətindən xəbər verir. Bu gün dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə mühüm töhfələr verən müasir müstəqil Azərbaycan etibarlı tərəfdaş kimi digər dövlətlərlə qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələr və irəli sürdüyü təşəbbüslər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir.
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin sürətlə inkişafı mühüm yer tutur. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olan Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci ildə qurulmuşdur. Dövlət müstəqilliklərini əldə etdikdən sonra iki dövlət arasında tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb.
Keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə və Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə hər zaman qəti şəkildə dəstək verən Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2023-cü il avqustun 22-də Azərbaycana dövlət səfəri qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə açdı. Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyan, dostluq və etibarlı münasibətləri bildirən əlamətdar səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu, qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müzakirə edildi, bir sıra mühüm sənədlər imzalandı. Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanış olmaq üçün qardaş ölkənin Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri zamanı Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə də yeni tikilmiş bir sıra obyektlərin açılışları və yeni layihələrlə tanışlıq baş tutdu.
2023-cü il avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər. Çıxışı zamanı ümidverici perspektivlərdən söz açan Prezident İlham Əliyev bildirib ki, hər iki dövlətin nümayəndə heyətlərinin üzvləri ilə birgə görüşdə qarşıdakı iki-üç ərzində gözləntilərimizlə bağlı məruzə olunan məsələlər ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyəyə qalxacağının göstəricisidir. Təsadüfi deyil ki, səfər çərçivəsində imzalanan sənədlərdən biri gündəliyin kifayət qədər geniş olmasını sübut edən Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir.
Ötən ay Şuşada keçirilmiş Hökumətlərarası Komissiyanın növbəti iclasında qarşılıqlı əlaqə məsələlərinin bütün spektrinin, ətraflı şəkildə təhlil edildiyini qeyd edəb dövlət başçısı Enerji sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər olduğunu, enerji şirkətlərimizin sıx qarşılıqlı fəaliyyətdə olduğunu bildirib. Bundan əlavə nəqliyyat-logistika sahəsində yük axınının artmasının, bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsinin müşahidə olunduğunu vurğulayıb. 1-4 Avqust 2023-cü il tarixlərdə Azərbaycanda Özbəkistanın Mədəniyyət Günləri böyük uğurla keçdi. Azərbaycan tamaşaçıları qardaş xalqın nümayəndələrinin yüksək ustalığına və istedadına bir daha əmin oldular.Beləliklə, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış rəsmi sənədlər, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Günay Məmmədli
YAP Yasamal rayon “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri