PDF Oxu

Siyasət

  • 5 502

Sağlamlıq turizmi: Kəlbəcərin “İstisu”yu TƏHLİL

Sağlamlıq turizmi: Kəlbəcərin “İstisu”yu TƏHLİL

Azərbaycanın dünyada turizm məkanı kimi tanınması dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğısının nəticəsidir. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də turizmin daha da inkişaf etdirilməsi əksini tapmışdır. Hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib.Statistik məlumatlara istinadən deyə bilərik ki, 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2022-ci ilin yanvar–noyabr aylarının ötən ilin eyni ayları ilə müqayisədə 2,1 dəfə artım müşahidə edilib. Növbəti 4 il üçün turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflər müəyyənləşdirilib. Bu hədəflər həm də "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətlənib. Əsas məqsəd Azərbaycanı dayanıqlı, əlçatan və keyfiyyətli turizm məkanıa çevirməkdir. Əsas hədəflərdən biri 2026-cı ildə Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyon nəfərə, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaqdır. 2026-cı ildə turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq, bunun da 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaqdır. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir.İnkişaf etmiş sivil dünyanı maddi abidələri, yeraltı və yerüstü sərvətləri ilə cəlb edən Azərbaycanda yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması mövsümilik anlayışını aradan qaldırmaqla davamlı turizmə nail olmağa şərait yaratdı. Şahdağ qış-yay turizm kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafına uğurlar gətirmiş oldu. Dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənən komplek Şahdağ qış-yay turizm kompleksi müasir tələblərə cavab verir. "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleks idə mövsümlük anlayışını aradan qaldıran istirahət yerləri sırasındadır. "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksinin məqsədi ölkəmizdə il boyu dağ turizmini inkişaf etdirmək, yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini təmin etməkdir. Kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə müxtəlif mürəkkəblik səviyyəli yollarda xizəklə sürüşməyi, xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti, uşaq istirahət mərkəzi, otel və digər xidmətləri təklif edir. Kompleksin inşası 2 mərhələdən ibarətdir.

TURİZM VƏ ONUN FƏRQLİ NÖVLƏRİ

Davamlı olaraq ünvanlı layihələr, turizm sahəsində reallaşan layihələr, görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, idman turizmi, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Çoxsaylı tarixi abidələr, düzənlikdən yüksək dağ zonasına qədər bir-birini əvəzləyən gözəl təbiət mənzərələri, zəngin meşə örtüyü, əlverişli iqlim, gur dağ çayları, mineral və qeyri-mineral bulaqlar, barlı-bəhərli meyvə bağları, atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti və s. turizmin inkişafı üçün mühüm amillər sırasında yer alır.Ölkəmizdə bütün növ turizmlə yanaşı, sağlamlıq turizmin inkişafı üçün potensial böyükdür. Burada turistlər yüksək keyfiyyətli tibbi müalicə əldə edə bilirlər. Min bir dərdin dərmanı olan Azərbaycanın müxtəlif bölgələrində yerləşən istisu mənbələrinin, Naxçıvandakı Duzdağın, Şabrandakı Qalaaltının müalicəvi imkanlarından və s. insanlar yararlanırlar. Masallının istirahət mərkəzləri arasında "İstisu"yun öz yeri var. Buraya gələnlər dincəlməklə yanaşı, müxtəlif xəstəliklərdən də yaxa qurtarmaq imkanı əldə edirlər.Sağlamlıq turizmindən danışarkən Azərbaycanın şimal-qərbində yerləşən Naftalan şəhərinin də adını qeyd etməliyik. Xam neftdən müalicəvi istifadəyə görə dünyada məşhur olan Naftalan neftindən, əzələ, dəri, sümük, həmçinin ginekoloji və nevroloji xəstəliklərin müalicəsində də istifadə olunur. Ötən əsrin 80-ci illərində Naftalana müalicə üçün hər il 70 min turist gəlirdi. Lakin sonradan Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğalı nəticəsində öz el-obalarından didərgin düşən insanların bir qismi şəhərdəki sanatoriyalarda məskunlaşmışdı. Bu gün Naftalanın kurort şəhəri kimi nüfuzunun bərpası üçün böyük işlər görülüb və bu davam etməkdədir. Vurğulamaq yerinə düşər ki, 1970-1990-cı illər Naftalan şəhərində dönüş baş verib. Ümummilli Lider Heydər Əliyev şəhərin inkişafı və böyük şöhrət qazanması üçün misilsiz xidmətlər göstərib. Belə ki, o illərdə şəhərdə müxtəlif sosial və iqtisadi təyinatlı müəssisələr tikilib istifadəyə verilib. Sonrakı dövrdə isə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və həyata keçirilən proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəldi. Şəhərin əsasını sanatoriya–kurort infrastrukturu təşkil edir. Son illər müasir əsaslarla yeni kurortların yaradılması ilə şəhərin turizm potensialı genişləndirilib, sahibkarlığın inkişafı üçün münbit şərait formalaşıb.

"Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə"

Bu gün artıq işğaldan azad olunuan ərzilərimizdə abadlıq-quruculuq işləri geniş vüsət alıb. 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmiş Kəlbəcər 27 illik işğal altında qalsa da yenidən öz sakinlərini qoynuna alır. Dövlət başçısının vurğuladığı kimi, "Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə".Dövlət başçısının işğaldan azad olunan ərazilərə səfəri bu ərazilərin tezliklə abadlaşdırılmasından, yeni, müsir əraziyə çevrilməsindən soraqdır. Bildiyiniz kimi ötən il dövlət başcısının Kəlbəcərə səfəri çərçivəsində "İstisu" mineral su zavodunun təməlini qoymuşdur. İstifadəyə veriləcək zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması planlaşdırılır. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir.Qeyd edək ki, "İstisu" bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir. Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da 27 il işğalda qalmışdı. Kəlbəcərin məşhur olan "İstisu" sanatoriyası da işğal altında idi. İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınıb. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə bütün dünyada tanınıb. Mənbələrə görə, istisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ nəticəsində meydana çıxıb. Öz kimyəvi tərkibinə və bir çox digər xüsusiyyətlərinə görə İstisuyun dünyada analoqu yoxdur. Burada suyun temperaturu müsbət 58,8 dərəcədir.

“İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanışlıq

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər ilə tanış olublar.Kəlbəcər “İstisu” mineral sudoldurma zavodu 1981-ci ildə inşa edilib. Zavod 1991-ci ilin sonlarında fəaliyyətini dayandırıb. Yeni tikiləcək “İstisu” zavodu 7,8 min kvadratmetr ərazini əhatə edəcək. Zavodda Almaniya şirkəti tərəfindən təchiz olunan şüşə və plastik qablaşdırma istehsal xətləri fəaliyyət göstərəcək. Şüşə dolum xəttinin nominal gücü saatda 16 min, plastik dolum xəttinin nominal gücü isə saatda 8 min ədəd təşkil edəcək. Aylıq istehsal gücü isə 8 milyon ədədə yaxın olacaq.Bərpa ediləcək “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq.Kompleksdəki SPA Mərkəzində isə termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri - restoranlar, uşaq əyləncə mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı, kafeteriya da qonaqlara xidmət göstərəcək.“Aşağı İstisu” mənbəyindən alman mütəxəssislər tərəfindən nümunələr götürülüb, suyun analizi və testi həyata keçirilib. Aparılan analizlər və balneoloji rəylərə əsasən, İstisu təbii mineral suyu fizioloji, metabolik və müalicəvi təsirlərə malikdir. Bu isə mədə-bağırsaq traktının funksional pozğunluqlarının müalicəsi və həzm funksiyasının stimullaşdırılması, yaşlılarda natrium və maye çatışmazlığının, ortostatik tənzimləmə pozğunluqlarının, sidik yollarında infeksiyaların müalicəsi, kalsium oksalat, sistin və sidik turşusu daşlarının profilaktikası və metafilaksisi, uşaqlarda və yeniyetmələrdə diş kariyesinin profilaktikası, eləcə də böyüklər üçün dəstəkləyici təsir baxımından çox faydalıdır.

Onu da bildirək ki, ermənilər Azərbaycanın işğal altında olan bütün əraziləri kimi, Kəlbəcəri də dağıtmış, onun tarixi abidələrini darmadağın etmişdir. Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Dağıdılmış mədəni abidələr Alban məbədi, Alban kilsəsi, Lök qalası, Uluxan qalası, Alban kilsəsi, Qalaboynu qalası, Comərd qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və digər abidələr 27 illik işğaldan azad oldu. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngin olan diyardır. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Söyüdlü - Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 il idi ki, Ermənistan respublikası tərəfindən talan edilirdi. İşğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub. Ermənilər bu ehtiyatlardan daha çox qızılı talan ediblər. Zod mədəninin qanunsuz istismarı nəticəsində Ermənistan büdcəsi təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları qazanıb. Bu gün işğaldan azad olunan ərazilərimiz kimi, Kəlbəcərdə də quruculuq-abadlıq işlərinə start verilib.Əlbəttə ki, həyata keçirilən layihələr, görülən işlər bir daha deməyə imkan verir ki, işğaldan azad olunan ərazilərimiz müasir standartlara uyğun olaraq qurulur.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər