Ənənəvi həyat tərzi çərçivəsində cəmiyyət, bir qayda olaraq, tədricən və əsasən yaşlı nəsillərin təcrübəsinə arxalanaraq inkişaf edir. Qloballaşma şəraitində ayrı-ayrı ölkələrdə gənclik mədəniyyətlərinin formalaşması istər-istəməz qlobal proseslərin təsiri altında baş verir. Bu tendensiya uzun illərdir ki, özünü göstərir. Müasir cəmiyyətin və dövlətin vəzifəsi ağsaqqalların təcrübəsini onun gənc üzvlərinin qətiyyəti və fəallığı ilə məharətlə birləşdirməkdir. Yeni dünyanın necə olacağı gənclikdən, gəncliyin necə olacağı isə yaşlı nəsildən asılıdır. Yaşlı nəsil gənclərlə əvəz olunur və bu, tarixin təbii axarıdır. Müasir Azərbaycanda gənclər siyasətinin əsasının qoyuluşu, onun formalaşması və inkişaf mexanizmlərinin milli-mənəvi dəyərlərə xidmət etməsinin təminatı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan gəncliyinin möhkəm təməlini yaradan, onu bütövlükdə cəmiyyətimizin və ölkəmizin müstəqilliyinin əbədi sərvətinə çevirən tarixi şəxsiyyət, görkəmli dövlət xadimi və beynəlxalq aləmdə nüfuzlu siyasətçi olan, məhz Ulu öndər Heydər Əliyev olmuşdur.
1993-cü ildə Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra, onun çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən biri də, gənc nəsilə diqqətin artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi, gənclərin respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakı təmin edilməsi, gənclərin sosial - mənəvi tələbatlarının ödənilməsi, onların layiqli vətəndaş kimi formalaşması və inkişafı üçün əlverişli şəraitin yaradılması olmuşdur. Bu istiqamətdə kifayət qədər çox işlər görülmüş, ölkənin ovaxtkı ağır dövündə, heç də asan olmayan iradə və məhsuliyyət göstərilimişdir.
Azərbaycanın müasir gənclər siyasətinin əsası 1994-2003-cü illərdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş qanunvericilik aktlarında, fərmanlarda, dövlət proqramlarında və müxtəlif hüquqi aktlarda təsbit edilmişdir. Gənclərin dövlətin və cəmiyyətin bütün sahələrində iştirakını inkişafın başlıca amili hesab edən dahi Lider, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyini yaratdı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu gücləndirmək, ölkənin inkişafında gənclərin iştirakını və məsuliyyətini genişləndirmək, gənclərlə dövlət strukturları arasında açıq dialoqu sadələşdirmək məqsədilə, Ulu Öndərin təşəbbüsü ilə, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirildi. Respublikanın bütün bölgələrindən olan gənclərin nümayəndələrinin iştirak etdiyi forumda dövlət orqanlarının, gənclər təşkilatlarının qarşısında duran konkret vəzifələrdən danışılıb, gənclərin hərtərəfli inkişafı üçün səmərəli tədbirlər nəzərdə tutulmuşdur. Ümummilli lider Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Fərmanına əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi təntənəli şəkildə qeyd olunur. Qeyd edək ki, MDB və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Gənclər Günü Azərbaycanda qeyd olunmağa başlayıb və yalnız 1999-cu ildə BMT-nin qərarı ilə hazırda 12 avqustda qeyd olunan Ümumdünya Gənclər Günü elan edilib. 1999-cu il martın 2-3-də keçirilən Azərbaycan Gənclərinin II Forumunda Ulu öndər Heydər Əliyev bütün dövlət orqanlarına gənclərin bilik və bacarıqlarını reallaşdırmaq, müstəqil dövlət quruculuğu prosesində potensiallarından daha səmərəli istifadə etmək üçün, onlara şərait yaradılması ilə bağlı tövsiyələrini vermişdir. Sonrakı illərdə ölkədə gənclər siyasətinin hüquqi bazası daha da təkmilləşdirilmiş, Azərbycan gəncliyinə verilən dəyər daha möhkəmlənmişdir. Bu tendensiya ölkəmizdə davamlı xaraker daşıyır.
2003-cü ildə Ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən sonra, ölkədə gənclər siyasətinin yeni mərhələsi başlandı. Ulu Öndərin siyasətini rəhbər tutan cənab Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış "Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə", 2011-ci ildə imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə", 2017-ci ildə imzalanmış “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramlar, azərbaycan gəncliyinə diqqətin dinamikliyindən xəbər verir. Daha əlamətdarı isə, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsidir. Bu addım, ölkəmizdə gənclər siyasətinin ən yüksək səviyyədə həyata keçirildiyinin sübutudur. Daha sonra, 2008-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəxri sədrliyi ilə, Gənclərin Məşğulluğu üzrə IV Ümumdünya Sammiti, VI Beynəlxalq Elm Olimpiadası kimi əlamətdar tədbirlərin ardıcıl keçirilməsi, gənclərə göstərilən diqqətin, xüsusilə, onların təhsil səviyyəsinin yüksəldilməsi sahəsində olan göstəricisidir.
Qanunlar, fərmanlar, sərəncamlar və dövlət proqramları gənc nəslin mənəvi-ideoloji baxımdan vahid qüvvə kimi formalaşmasına, sosial problemlərinin həllinə, səmərəli məşğulluğunun təmin olunmasına müsbət təsir göstərmişdir. Dövlət başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” Azərbaycan gənclərinin bütün təbəqələrinin xaricdə təhsil alması üçün geniş imkanlar yaratmışdır. Bu proqram çərçivəsində minlərlə oğlan və qız dünyanın ən nüfuzlu universitetlərində təhsil alır.
Azərbaycanın gənclər siyasətində idmanın inkişafına və kütləviliyinə xüsusi diqqət yetirilir. Respublikada 43 olimpiya idman kompleksinin tikintisi, ölkəmizdə mötəbər idman yarışlarının keçirilməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.
Müasir dövrdə elm və texnikanın sürətli inkişafı, alternativ enerji dövrünün başlanması, Azərbaycan dövləti tərəfindən dövrün tələblərinə cavab verən gənclər siyasətinin həyata keçirilməsini şərtləndirir. Dövlətimizin başçısı bu zərurəti nəzərə alaraq, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə, 26 yanvar 2015-ci il “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yaxın diqqət və qayğını göstərən Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi yüksək intellektual səviyyəyə və idarəçilik keyfiyyətlərinə malik perspektivli liderləri üzə çıxarmaq və dəstəkləmək, həmçinin ölkədə kadr potensialı bankını yaratmaqdır.
Ölkəmizdə gənclərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirdiyi layihələr gənc nəslin gələcəyinə etibarlı təminatdır. Bundan əlavə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə, xaricdə və ölkəmizdə həyata keçirilən layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında, onların fəaliyyətinin əlaqələndirilməsində mühüm rol oynayır.
Azərbaycan gəncliyinin ən ağır amma şərəfli sınaqlarından biri də 44 günlük Vətən Müharibəsi oldu. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə, igid Azərbaycan ordusunun sıralarında Vətən uğrunda mərdliklə döyüşən qəhrəman gənclərimiz, öz adlarını xalqımızın müasir tarixinə qızıl hərflərlə yazdırıblar. Onların şücaəti sayəsində əldə edilən bu şanlı Qələbə sayəsində, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, xalqımıza və dövlətimizə qarşı olan otuz illik haqsızlığa son qoydu.
Bu gün Azərbaycan Respublikasının müxtəlif formatlarda əldə etdiyi uğurlar, dünyada artan nüfuzu yüksək milli mənsubiyyət hissinə, dövlətə, milli dövlətçiliyə qürur duyan gənclərimizdə bundan sonra da müstəqillik nailiyyətlərinin qorunması, dövlətçiliyi, milli birliyi, əmin-amanlığı, iqtisadi və sosial inkişafı daha da gücləndirməklə yanaşı, inkişaf etmiş ölkələr sırasında mövqelərimizi möhkəmləndirərək, Azərbaycanımızın daha da çiçəklənməsi üçün əlindən gələni əsirgəməyəcəyinə əminlik yaradır.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü