PDF Oxu

Siyasət

  • 1 803

Ermənistanda qütblərarası qarşıdurmalar

Ermənistanda qütblərarası qarşıdurmalar

Paşinyanın "müstəqillik bəyannaməsini" hədəfə alması vəziyyəti daha da gərginləşdirib

Məlum olduğu kimi, avqustun 23-də Nikol Paşinyan Ermənistanın "müstəqillik bəyannaməsinin" qəbulu ilə bağlı müraciətində “bəyannamənin dərin təhlilə ehtiyacı olduğunu” vurğulayaraq, “bizdə sülh olmayana qədər SSRİ-nin ruhu səmamızda uçacaq” sözlərini işlədib.

SİA erməni mediasına istinadən xəbər verir ki, erməni politoloq Beniamin Matevosyan baş nazirin bu fikrini şərh edib.

“Paşinyanın bu bəyanatı bir çox digər oxşar bəyanatlar kimi bəyanatları düzgün dəyərləndirilmir" deyən revanşist mövqeyi ilə tanınan Matevosyan deyib: “Hazırkı "istiqlal bəyannaməsinin" rədd edilməsi kifayət deyil, yəni bu, davam etdirilməli və indiki siyasi proseslərdə özünü göstərməlidir. Ermənistan Respublikasının xarici siyasətinin əsas elementlərinə çevrilmiş Müstəqillik Bəyannaməsinin və orada təsbit olunmuş dəyərlərin rədd edilməsi bütün xarici siyasət kompleksinin transformasiyasını özü ilə aparır. Hazırkı Bəyannamə və ondan irəli gələn bütün qanunlar, təklif olunan aktlar, siyasi və hüquqi sənədlər ləğv edilərsə, Qarabağ artıq xarici siyasət prioriteti olmayacaq, o zaman Ermənistan 1915-ci il “erməni soyqırımı”nın (qondarma-red.) beynəlxalq səviyyədə tanınmasının tərəfdarı olmayacaq. “Bölgədə Ermənistan üçün təhlükəsizlik zəmanəti axtaran”, “SSRİ-nin kabusu” ilə mübarizə aparan Paşinyan xarici siyasət vektorunu dəyişir və bu proses çərçivəsində Türkiyə ilə Azərbaycan tərəfdaş kimi görünür. Rusiya və İran düşmən olmasalar da, rəqibə çevrilir”.

Arman Abovyan: "Bakı İrəvandan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını təsdiqləyən sənəd tələb edir”

Digər erməni siyasətçisi, Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan ölkələrinin ağır durumu ilə bağlı bildirib ki, Azərbaycan Ermənistan hökumətindən rəsmi sənəd tələb edir, bu da Ermənistan qanunvericiliyi əsasında olmalıdır. Beləliklə, Bakı İrəvandan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını təsdiqləyən sənəd tələb edir.

Başqa sözlə, söhbət Ermənistan parlamenti, prezidenti və Konstitusiya Məhkəməsi tərəfindən Qarabağın təhvil verilməsi haqqında sənədin ratifikasiyasından gedir”, erməni siyasətçisi bildirib.

Abovyan bunun Ermənistanın “müstəqillik bəyannaməsi” və “konstitusiya”sına “zidd” olduğunu söyləyib. Onun sözlərinə görə, bu səbəbdən də qanunvericilikdə dəyişiklik etmək lazımdır: “Azərbaycan Ermənistan hakimiyyətindən sülh müqaviləsinin ratifikasiyası ilə bağlı bütün prosedurların həyata keçirilməsini tələb edir. Şübhəsiz ki, Ermənistan hökuməti Azərbaycanın tələblərini yerinə yetirməyə hazırdır”, - sabiq deputat söyləyib.

Abovyan əlavə edib ki, Ermənistan hakimiyyəti əhalini “müstəqillik bəyannaməsi”nin mətnində və “konstitusiya”sında mümkün dəyişikliklərə hazırlamağa çalışır. O, Nikol Paşinyan hökumətinin ictimai rəyin dəyişdirilməsində böyük təcrübəyə malik olduğunu bildirib. Ermənistanın “müstəqillik bəyannaməsi” və “konstitusiya”sında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Abovyan bu baxımdan separatçı qanunların dəyişdirilməsinin Azərbaycanla yanaşı, Türkiyənin də tələbi olduğunu söyləyib.

Yeri gəlmişkən, onu da xatırladaq ki, baş nazir Nikol Paşinyan bundan əvvəl qonşu ölkələrə ərazi iddialarını ehtiva edən Ermənistanın “dövlət himni”, “gerb”i, “müstəqillik bəyannaməsi” və “konstitusiyasını tənqid etmişdi.

Beləliklə, Ermənistanın problemi nə birdir, nə də ikidir. Üstəlik, Paşinyanın Qarabağ məsələsindən qurtulmaq cəhdlərini nümayiş etdirməsi də ölkədəki qütbləri bir-bitinə vurub. Hər halda İrəvanın aqibəti bəri-başdan yaxşı görünmür. Xüsusilə, İrəvan merliyinə seçkilərin yaxınlaşması da bu mühiti açıq-aşkar reallaşdırır. Çünki bu günün meri sabahın baş naziri kürsüsünə iddialı olacaq...

Afət Tahirqızı

Digər xəbərlər