Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə"dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. Dövlət başçısı çıxışlarının birində bildirdiyi kimi, "Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür…Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır". Bütövlükdə ölkəmizdə 30-dan çox mərkəz fəaliyyətə başlayacaq. Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. 2019-2025-ci illərdə istifadəyə verilməsi nəzərdə tutan DOST mərkəzlərinin 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Ümumilikdə DOST mərkəzlərində "bir pəncərə" prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək. Bu, "DOST" mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində "ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevriləcəyini deməyə əsas verir. DOST layihəsi, artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Cənab İlham Əliyevin vurğuladığı kimi, DOST mərkəzlərinin yaradılması sosial siyasətimizin mahiyyətini göstərir. Yeni istifadəyə verilən DOST mərkəzlərində iş yerləri yaradılır və o cümlədən könüllülər də işlərə cəlb olunur.
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın, regionun aparıcı dövlətlərindən birinə çevrilməsi, ölkəmizin dünya miqyasında nüfuzunun artması, yüksək səviyyəli beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi, şəhər və regionlarımızın simasının gözəlləşməsi, eləcə də, insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılmasında öz əksini tapıb. Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədləri əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə aparılan islahatlar, görülən işlər təqdirəlayiqdir və hər bir Azərbaycan vətəndaşı tərəfindən rəğbətlə qarşılanır. Çünki dövlətimiz vətəndaşının mənafeyinə xidmət edir.Şəbəkənin genişləndirilməsi istiqamətində işlər görülür. Bildiyimiz kimi, 7 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qarabağ Regional DOST Mərkəzinin açılışı baş tutub. Mərkəz gün ərzində təxminən 650-700 vətəndaş qəbul etmək potensialına malikdir. Bu prosesi 123 nəfərdən ibarət işçi heyəti və 50 nəfərədək könüllü həyata keçirir. Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli Xocavənd rayon sakinlərinə xidmət edən mərkəzdə il ərzində 120 minə yaxın vətəndaşa 159 adda xidmət göstərilməsi nəzərdə tutulub. Buraya məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət və sosial-pedaqoji xidmətlər daxildir. Bundan əlavə, Qarabağ Regional DOST Mərkəzinin nəzdində Qarabağ Peşə Hazırlığı Mərkəzi fəaliyyət göstərir. 7 emalatxana, 8 sinif və təlimat otağı, eləcə də "Peşəyönümü və Karyera Mərkəzi", inzibati və texniki otaqlardan ibarət olan Qarabağ Peşə hazırlığı Mərkəzində 20 nəfərə yaxın əməkdaş çalışır.
DOST KONSEPSİYASI BEYNƏLXALQ MÜKAFAT VƏ SERTİFİKATLA TƏLTİF OLUNUB
Dövlət Sosial Müdafiə Fondu və elektronlaşma işləri Böyük Britaniyada keçirilən nüfuzlu müsabiqədə "İlin dövlət qurumu" mükafatına layiq görülüb. DOST Agentliyi "Avropa sosial xidmət mükafatı"nı əldə edib. İlk dəfədir ki, Avropa İttifaqının üzvü olmayan ölkənin qurumu belə yüksək mükafata layiq görülüb. Sosial xidmət sahəsində dünyada ən böyük beynəlxalq təşkilat olan Beynəlxalq Sosial Təyinat Assosiasiya tərəfindən həm DOST Agentliyinə, həm də Dövlət Sosial Müdafiə Fonduna təcrübə mükafatları təqdim edilib. Prezidentin bildirdiyi kimi, burada tətbiq olunan innovasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır: "Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur".
Zümrüd BAYRAMOVA