Hər bir xalqın taleyini hansısa ziddiyyətli və mürəkkəb mərhələdə edilmiş tarixi seçimin məzmunu şərtləndirir. Məhz bu mərhələdə meydana çıxan fenomenal liderlər xalqın əsrlər boyu formalaşan siyasi dünyagörüşü əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyur, pozitiv rakursda siyasi varislik ənənələri formalaşdırırlar. Ötən əsrin ortalarında - 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilməsi xalqı milli müstəqilliyə doğru aparan nurlu yolun başlanğıcına çevrilmişdir. Hakimiyyətdə olduğu 34 il müddətində ulu öndər xalqın milli mənafeləri uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə real güc mərkəzi kimi özünü göstərmişdir. Heydər Əliyev hətta hakimiyyətdə olmadığı qısa vaxt ərzində belə, xarizmatik keyfiyyətləri ilə ictimai rəyə təsir imkanlarını qoruyub saxlamış, cəmiyyətdə mütləq çoxluğun tərəddüdsüz etimad göstərdiyi siyasi lider olmuşdur. Ümummilli lider hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə böyük strateq kimi dövlət müstəqilliyinə zəmin yaradan bir sıra tədbirlər həyata keçirmiş, bu istiqamətdə ciddi nailiyyətlər əldə etmişdir. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işlərini dövlət müstəqilliyimizə təminat yaradan başlıca faktor kimi nəzərdən keçirmək lazımdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır.
1991-ci ildə Sovet İttifaqına daxil olan bəzi respublikalarda mərkəzdənqaçma, müstəqilliyə qovuşmaq istəyi qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi.
80-cı illərin sonunda Azərbaycanda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyatı, özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. 1990-cı ilin iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı və buradan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı hadisəyə çevrilməsi, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlamışdı.
1991-ci il avqustun 30-da keçmiş Azərbaycan SSR Ali Soveti demokratik qüvvələrin, o cümlədən Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin səyləri ilə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" bəyanat qəbul etmişdir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş birinci sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, keçmiş Naxçıvan MSSR-in adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Həmin sessiyada həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bağrağı kimi qəbul olunması haqqında da yekdilliklə qərar qəbul etdilmişdir.
Azərbaycan Ali Soveti Heydər Əliyevin cəsarətlə başladığı müstəqillik mübarizəsinə təxminən 11 ay sonra hüquqi müstəvidə münasibət bildirərək müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdi. 1991-ci il dekabrın 29-da keçirilən ümumxalq referendumunda xalqımız müstəqillik haqqında Konstitusiya Aktını yekdilliklə dəstəklədi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?". Azərbaycan əhalisinin 95 faizi bu referendumda iştirak edərək ölkəmizin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi. Bununla da Azərbaycan Respublikasının müstəqillik haqqında Konstitusiya Aktı qüvvəyə mindi və XX əsrin sonlarında, SSRİ-nin süqutu ilə başlanan yeni geosiyasi dövrdə ölkəmiz öz istiqlaliyyətini Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa etdi.
1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin bərpa edilməsinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Sənəddə deyilirdi: "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir".
Lakin, dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də itirilməsinə gətirib çıxaracaqdı. Bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarları əslində dövlətçilik deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. Həmin dövrdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər. Bütün bunlar isə nəticə etibarilə müstəqilliyin məhvinə aparırdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi.
Belə bir vəziyyətdə xalqımızın təkidli tələbi ilə hakimiyyətə gələn xalqımızın böyük oğlu ümumilli lider Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən xilas etdi. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Əgər həmin məqamda ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi!?
Ulu öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. "1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı çox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıb" - deyən Ulu Öndər Konstitusiya Aktının prinsiplərinin real həyatda vəsiqə qazanması üçün ardıcıl və qətiyyətli iş gördü. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı. Məhz ulu öndər Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu.
İlk növbədə, ölkədə separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edildi. Ölkənin nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı tədbirlər həyata keçirildi. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. Ulu öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı. Ölkədə azad bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi nəticəsində qısa zaman kəsiyində dövlətin və xalqın maraqlarına cavab verən iqtisadi sistem yaradıldı. Eləcə də vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edildi. İnsan hüquq və azadlıqlarının qorunması ilə davamlı demokratik islahatlar kursunun həyata keçirilməsinə başlanıldı. Bütün insan hüquqları, o cümlədən söz, mətbuat azadlığı, şəxsiyyətin toxunulmazlığı təmin edildi. Ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması yolunda köklü irəliləyiş əldə olundu.
Bütün bunlar Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında təsbit edildi. Xatırladaq ki, Konstitusiya Aktında ölkənin yeni Konstitusiyasının hazırlanması ilə bağlı ayrıca müddəanın da əksini tapmasına baxmayaraq, Mütəllibov və AXC-Müsavat qaragüruhları bu istiqamətdə heç bir addım atmamışdılar. Azərbaycan dövlətinin qazandığı bütün uğurlar ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir. Ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Prezident cənab İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin yeni neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.
Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınır. Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlu siyasət, qazanılan bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, ölkəmizin dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaqdır. Qeyd edək ki, ölkəmizin bu gün əldə etdiyi uğurların şah əsəri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusunun cəmi 44 gün ərzində doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi və bundan doğan regionda Azərbaycanın müəllifi olduğu reallıqların yaranmasıdır.
Zahid Cəfərov
YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri