44 günlük Vətən Müharibəsində Azərbaycanın parlaq qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsini Ermənistan və havadarları hələ də rahatlıqla həzm edə bilmirlər. Hansısa tədbirlər görüb, vəziyyətdən çıxmağa da cəsarət göstərmirlər. Çünki anlayırlar ki, “Dəmir yumruq” yenidən işə düşsə, ümumilikdə Ermənistan dövlət müstəqilliyini itirə bilər. Ona görə də, ara-sıra təxribatlar törətməklə işlərini yekunlaşdırmış hesab edirlər. Əsasən də bu kimi təxribatlar “humanitar yardım” şousu altında davam edir. Bəllidir ki, iyulun 25-dən Fransanın dəstəyi ilə Ermənistan TIR-ları sərhədə toplayıb, “yardım şousu” təşkil edib. Azərbaycan isə qətiyyətlə bəyan edib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun sözlərinə görə, yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başadüşülən deyil: “Burada məqsəd siyasi şou və siyasi möhtəkirlikdən başqa bir şey deyil”. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra qeyd edib ki, teatral səhnələr və yük maşınlarını nümayiş xətrinə Laçın yoxlanış məntəqəsinə gətirməkdənsə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son verməli, öz qüvvələrinin elementlərini Azərbaycanın Qarabağ regionundan çəkməli və qanunsuz marionet rejimin maliyyələşdirməsini dayandırmalıdır. Prezidentin köməkçisi onu da qeyd edib ki, beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolunun istifadəsi və Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın siqnal göndərməlidir. Hikmət Hacıyevin fikrincə, Ermənistanın Ağdam yolundan imtina edərək yalnız Laçın yolundan istifadədə israr etməsi və məsələni siyasiləşdirməsi qəbuledilməzdir.
Separatçılar növbəti təxribat törədə bilər
Hadisələrin inkişafı isə təsdiq edir ki, Xankəndidəki separatçılar Azərbaycanın humanist davranışından nəticə çıxarmaq istəmirlər. Daha geniş şəkildə təxribatlar törətməklə bir növ idarəolunmaz terrorçular olduqlarını nümayiş etdirdilər. Azərbaycan dövləti isə hələ ki, xeyirxah davranır, humanistlik göstərir. Ölkəmiz avqustun 28-də daha bir xeyirxahlıq göstərdi: Acından ölməyə hazırlaşdıqları iddia edilən Xankəndidəki ermənilərə Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin xətti il 40 ton un çatdırmağa çalışıb. Bu xeyirxah addım ermənilərə və Fransa kimi təxribatlara rəvac verən qüvvələrin “Xankəndidəki ermənilər blokadadır” cəfəng iddialarına tutarlı və əhəmiyyətli cavabdır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, məram və məqsədləri barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandirinə məlumat veriblər:“Onlar da öz rəhbərliklərinə məruzə etdilər. Onlar rəhbərliklərinin verdiyi qərarı bizimlə bölüşmək üçün vaxt istədilər”. Lakin ilkin məlumatlara görə, Xankəndidəki separatçılar humanitar yardımı qəbul etməyəcəklərini bəyan ediblər. Hətta aqressivlik nümayiş etdirərək, Ağdam-Xankəndi yoluna beton piltələr düzmüş, bununla kifayətlənməyərək rus sülhməramlılarının üzərinə hücuma çəkərək bir əsgərə bədən xəsarətləri yetirmişlər. Vəziyyətin bundan sonra daha da gərginləşəcəyi və ermənilərin təxribatlar törədəcəkləri ehtimal olunur. Siyasi təhlilçilərin gəldikləri qənaətə görə, Xankəndidəki erməniləri terrora həvəsləndirən Fransanın dövlət nümayəndələridir. Xüsusilə də, Fransa prezidenti E.Makronun ermənilərin hər cür təxribatçı hərəkətlərini dəstəkləməsi Qarabağdakı separatçıları ruhlandırıb. Fransanın Paris və digər şəhərlərindən Xankəndinə “humanitar yük” adı altında planlaşdırılan təxribat da əvvəlcədən təşkil olunub. Belə ki, Fransadan yola salınan maşınlar avqustun 30-da Laçın yolunun girişində olacaq və burada Ermənistan tərəfindən göndərilmiş maşın karvanına qoşulacaq. Məlumata görə, Paris meri Ann Hidalqo karvanını müşayiət etmək üçün avqustun 30-da Ermənistana gələcək.
Paris meri ermənilərə yol göstərənlik edir
Yazını hazırlayarkən öyrənə bildik ki, artıq 10 yük avtomobili Ermənistana çatıb və İrəvandan Sünik vilayətinin Kornidzor kəndinə doğru yola düşüb. Bununla bağlı Ermənistan mediası, həmçinin avtomobillərin İrəvanda Respublika Meydanından yola düşməsinin görüntülərini yayıb. Bildirilir ki, humanitar yüklə birgə Parisin meri Ann İdalqonun da içərisində olduğu fransalı nümayəndə heyəti də Laçın yoluna gedir. Əminliklə demək olar ki, ermənipərəst Paris meri Ann Hidalqo iki-üç gün Laçın sərhəd keçid məntəqəsi yaxınlığında vurnuxandan sonra kor- peşman geri qayıdacaq. Çünki Azərbaycan sərhədçiləri onun sərhədə yaxın düşməsinə belə imkan verməyəcək. Paris meri Ann Hidalqo İrəvana çatmamış Fransa prezidenti E.Makron Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Məlumata görə, telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. Azərbaycan Prezidenti bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir: “Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir. Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.Eyni zamanda, Prezident İlham Əliyev bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edib.Prezident Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib. Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.
Göründüyü kimi, dövlətimizin başçısı ilə telefon danışığında E.Makron vəziyyətin sabitləşdirilməsi üçün lazımi addımların atılmasının vacibliyini qeyd edir. Lakin əməli fəaliyyətində erməniləri qızışdırmağa, onları təxribatlar törətməyə sövq edən addımlar atır. Bu isə siyasətdə qəbul edilmir. Belə demək mümkünsə, ikiüzlülük kimi qiymətləndirilir. Məhz bu baxımdandır ki, dünya birliyi E.Makronu ciddi siyasətçi olaraq qəbul etmir. İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini jurnalistlər qarşısında çıxışında Fransa prezidentini tənqid edib. O, Emmanuel Makronu həyasızlıqda ittiham edib.Makron bundan əvvəl çıxışı zamanı bildirib ki, "İtaliya ötənilki kimi miqrasiya böhranı yaşamır, bunu deyən isə yalan danışır. Apenninə gələn miqrantların xərcləri artıq 5 milyard avronu ötüb. Əgər bu, həyasız prezident Markon üçün problem deyilsə, biz onu təhqirləri dayandırmağa və alicənablığını çoxlu sayda Fransa limanlarını açaraq faktlarla göstərməyə dəvət edirik”.
Salvini Makronu Fransaya miqrant axınının keçdiyi Ventimilyedə qadın, uşaq və kişilərdən imtinaya son qoymağa çağırıb. Baş nazirin müavininin sözlərinə görə, əgər Fransa İtaliyanı bütün Avropa üçün qaçqın düşərgəsinə çevirmək istəyirsə, tamamilə yanılır.Salvininin mövqeyini ölkənin baş nazirinin ikinci müavini Luici Di Mayo da dəstəkləyib. O qeyd edib ki, İtaliyada hazırda miqrasiya ilə bağlı fövqəladə vəziyyət yaranıb və Fransa da bu vəziyyəti yaradanlardan biridir.Çərşənbə günü France 2 telekanalına müsahibəsində Emmanuel Makron deyib ki, son aylar "Moskva gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla" məşğuldur. İtaliyanın Baş naziri Corca Meloni isə Fransa Prezidenti Emmanuel Makronun Almaniya Kansleri Olaf Şolts və Ukrayna Prezidenti Vladimir Zelenski ilə dünən Parisdə görüşməsini "uyğun olmayan dəvət" kimi qiymətləndirib.
Bir sözlə, görünən ondan ibarətdir ki, Fransa prezidenti E.Makronun yanlış və ermənipərəst siyasət aparması nəticəsində rəsmi Paris dünya birliyindən təcrid olunmaqdadır. Hətta ehtimallar var ki, Fransa bəzi beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılsın. Yəni AŞ PA, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatların sıralarından xaric oluna bilər. Ən yaxşı halda isə səsvermə hüququndan məhrum olunar.
İ.ƏLİYEV