“Qarabağın sadə erməni əhalisini girov götürən bir qrup cinayətkar humanitar yardımı qəbul etməmək üçün əlindən gələni edir. Digər tərəfdən onların bir hissəsi, ilk növbədə Araik Arutyunyan yaxşı başa düşür ki, Azərbaycan Qırmızı Aypara cəmiyyətinin göndərdiyi 40 ton unu qəbul etməmək onların son aylar ərzində apardıqları “humanitar fəlakət” təbliğatını darmadağın edəcək”. Bu fikirləri “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açılamasında deyib.
Onun sözlərinə görə, dünya ictimaiyyətinin ağlı hələ başında olan hissəsi istər-istəməz soruşacaq: “sizin əgər dərdiniz qadınların və uşaqların ərzaqla təminatıdır, nədən Ağdam-Xankəndi yolu ilə gətirilən yardımı qəbul etmirsiniz?”. Aydın olacaq ki, məqsəd əhalinin ərzaqla təmin olunması deyil: “Məqsəd separatizmin növbəti mərhələsini başlamaq, Qarabağ ermənilərinin Azərbaycan tərkibində yaşamaq istəmədiyini və bunun mümkünlüyünü həm ermənilərə, həm də dünya birliyinə inandırmaqdır. Ancaq dünyanın böyük gücləri artıq bunu qəbul etmir və nə Azərbaycan, nə də onlar buna heç vaxt imkan verməyəcəklər”.
“Laçın sərhəd keçid məntəqəsi yaxınlığında da ermənilər şou yaradırlar. Azərbaycanın Xankəndinə göndərdiyi humanitar yardımın fonunda ermənilər bundan sonra hansı addımı atacaqlar” sualına cavab olaraq A.Səmədov bildirdi ki, Laçın sərhəd nəzarət buraxılış məntəqəsində artıq təqribən bir ay davam edən şouya yeni personajlar daxil edilməkdədir: “Fransadan gələn yardımı “aclıq keçirən” ermənilərə çatdırmaq missiyasını indi də Paris şəhərinin meri öz üzərinə götürüb. Ancaq Azərbaycan Prezidentinə zəng edən Makron necə öz əsaslandırılmış cavabını aldısa, yeni “şou qəhrəmanları” da alacaqlar. Laçın yolu ilə humanitar yardımın keçirilməsi məsələsinə yalnız Ağdam-Xankəndi yolu ilə gələn yardım qəbul olunduqdan sonra baxılacaq. Azərbaycan hakimiyyətinin mövqeyi dəyişməzdir və heç bir haray-həşir, heç bir təzyiq bu mövqeyə təsir göstərə bilməz.Xankəndidə separatçılar arasında gərginləşən münasibətlərdə rus və sülhməramlı da zərər çəkməkdədir. Bu nəticə etibarilə rus ilə separatçılar arasında dərin qarşıdurmanın genişlənməsinə gətirib çıxara bilər?Rusiya sülhməramlıları təmsil etdikləri dövlətin mövqeyindən çıxış etmək məcburiyyətindədirlər. Bu mövqe BMT Təhlükəsizlik Şurasının iclasında açıq şəkildə ifadə olundu. Bildirildi ki, Ağdam yolunun açılması və Yevlax şəhərində görüş barədə rusların iştirakı ilə əldə olunan razılığı erməni tərəfi pozub və bu davranış Laçın yolundan istifadəni mümkünsüz edib. Şübhə yoxdur ki, bu bəyanatı rəhbər tutmalı olan rus sülhməramlıları Ağdam-Xankəndi yolunun açılması istiqamətində Azərbaycanın atacağı addımlara dəstək verəcəklər. Bu addımların nə vaxt atılması barədə qərarın isə yaxın bir neçə gün ərzində verilməsi tamamilə mümkündür. Ancaq ola bilsin ki, bizim tərəfimizdən qəti tədbirlərin görülməsinə ehtiyac olmasın. ABŞ və müttəfiqlərinin Ermənistan hakimiyyətinin və sadə erməniləri girov saxlayan cinayətkar dəstənin pozuculuq hərəkətlərinə kəskin münasibət bildirməsi vəziyyətin qısa müddətdə nizama salınmasına imkan verə bilər. Ancaq böyük güclərin ermənilərə verəcəyi “qulaqburması” ləngimədən, dərhal reallaşmalıdır”.
GÜLYANƏ