PDF Oxu

Siyasət

  • 8 388

30 avqust Bəyannaməsi - Müstəqilliyə gedən yolun ilk mərhələsi ŞƏRH

30 avqust Bəyannaməsi - Müstəqilliyə gedən yolun ilk mərhələsi ŞƏRH

Avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında ilk hüquqi sənədin qəbulunun 32 ili tamam olur. 30 avqust 1991-ci ildə Azərbaycan parlamentinin – Ali Sovetin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edilib. Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Parlament, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul edib. Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının çöküşü və "soyuq müharibə"nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verirdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin yolunu açmışdı. Bununla belə, Azərbaycan üçün müstəqilliyə qovuşmaq göydəndüşmə olay deyildi. Azərbaycan xalqı illər uzunu istiqlal ideyasını özündə yaşatmışdı. Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illər bu ideyanın gerçəkləşdiyi qısa, amma tarixi əhəmiyyətli zaman kəsiyi idi.

70 illik sovet rejimi də Azərbaycan xalqının müstəqillik arzularını tükəndirə bilməmişdi. Odur ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, arzusu bariz şəkildə özünü göstərirdi. Üstəlik, bu tarixi proses Azərbaycanın suverenliynə və ərazi bütövlüyünə qəsd olan Dağlıq Qarabağ hadisələri – Ermənstanın respublikamıza qarşı ərazi iddiaları və hərbi təcavüzünün başlanması fonunda gedirdi... Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici olaylar 1990-1991-ci illərdə cərəyan etdi. 1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzularının gerçəkləşməsində iştirak etmək istəyən Heydər Əliyev Moskvadan Azərbaycana qayıtmışdı. O, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilmişdi. Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərarlar qəbul edildi.

Analoji addımların atılması üçün Azərbaycan Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı. Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Qarabağ məsələsi bu mübarizənin tozanağında faktiki görünməz olmuşdu. Sentyabrın 2-də separatçılar Dağlıq Qarabağ Muxtar Vilayətinin səlahiyyətini itirmiş “Xalq Deputatları Soveti” adından qondarma "Dağlıq Qarabağ Erməni Respublikası"nın yaradılması barədə "qərar" qəbul edəndə Bakıda "Azadlıq" meydanında Xalq Cəbhəsinin mitinqi gedirdi. Cəbhə Mütəllibovu hakimiyyətdən salmaq üçün ümumrespublika tətili elan etmişdi.

Sentyabrın 14-də artıq tam iflasa uğramış Azərbaycan Kommunist Partiyası 33-cü fövqəladə qurultayını çağıraraq özünü buraxdığını bəyan etdi. Ali Sovetin oktyabrın 8-də davam edən növbədənkənar sessiyanın gündəliyinə dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu məsələsi salınsa da, dördgünlük müzakirələr nəticəsində parlament bu məsələni bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Hazırda rəsmi olaraq müstəqillik günü olan 18 oktyabrda qəbul edilən sənəd özü də həm mahiyyəti, həm də 30 Avqust 1991-ci il tarixli sənədə etdiyi istinad ilə müstəqilliyin bərpasının 30 Avqustda reallaşdırıldığını təsdiq edir. Bununla da, Azərbaycanın tarixən mövcudluğu, 28 May 1918-ci il tarixdə şərqdə ilk demokratik cumhuriyyətin məhz Azərbaycanda elan edildiyi və müəyyən müddətdə itirilmiş müstəqilliyi 30 avqust 1991-ci il tarixdə bərpa edildi.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər