Yaxın türk tarixinin ən mühüm qırılma nöqtəsi Böyük Hücumda qanlı toqquşmaların baş verdiyi yerlərdən biri də polkovnik Rəşad bəyin komandanlığı altında qoşunların döyüşdüyü Çiğiltəpə idi. Rəşad bəy Mustafa Kamal Paşaya vəd etdiyi vaxt Çiğiltəpəni xilas edə bilmədiyi üçün həyatına son qoydu. Atatürk də bu şərəfli komandiri heç vaxt unutmadı.
Rəşad Çiğiltəpənin hekayəsi
Mustafa Kamal Paşanın 1919-cu il mayın 19-da Samsuna çıxması ilə başlayan Milli Mübarizə minilliklərə dayanan türk tarixində yeni bir səhifə açdı və bu il 100 illiyini qeyd edəcək Türkiyə Cümhuriyyəti doğuldu. Minlərlə şəhidin verildiyi Milli Mübarizənin ən kritik dönüş nöqtəsi 26 avqust 1922-ci ildə başlayan və 30 avqust 1922-ci ildə qəti türk zəfəri ilə sona çatan Böyük Hücum oldu. Böyük Hücumda cəbhənin əsas nöqtələrindən biri də polkovnik Rəşad bəyin komandanlığı altında olan qoşunların xilas etməyə çalışdığı Çiğiltəpə idi. Rəşad bəy baş komandan Mustafa Kamal paşaya vəd etdiyi vaxtda Çigitəpəni ala bilmədiyi üçün həyatına son qoydu. Atatürk bu şərəfli komandiri heç vaxt unutmamış və Soyad Qanunu çıxandan sonra Rəşad bəyin ailəsinə Çiğiltəpə soyadını vermişdi.
Rəşad Çiğiltəpənin hekayəsini Dokuz Eylül Universiteti Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutunun müəllimi Prof. Dr. Kamal Arı danışıb.
O, nəsli kimi hərbiyə maraqlı idi
Rəşad bəyin ailəsi ilə bağlı çox məlumatın olmadığını bildirən Prof. Dr. Kamal Arı deyir: “Bir çox mənbələrdə onun 1879-cu ildə İstanbulda doğulduğunu görürük. Yenə də onun dövlət xadimi və yazıçı Ziya Paşanın oğlu olması barədə məlumat var. Bu nə dərəcədə doğrudur, biz tam əmin deyilik. Onun atasının qubernatorluqdan təqaüdə çıxdığı da deyilir. Anası isə Şevkiye adlı xanım olub”.
Rəşad Çiğiltəpənin ailəsindən danışan, uşaqlıqdan hərbi xidmətə həvəsi olduğunu bildirən Prof. Dr. Arı sözünə davam edir: “Həyatında ən çox diqqət çəkən cəhət nəslinin bir çox uşaqlarında olduğu kimi, hərbi peşəyə olan marağıdır. Yəni o, daha erkən yaşda hərbçi olmaq istəyib və buna görə də hərbi məktəblərə gedib. Xüsusi bir cəhəti odur ki, cəbhədən cəbhəyə qaçıb. Çünki bilirsiniz ki, Osmanlı imperiyası bir-birinin ardınca müharibələrdə iştirak edib. Rəşad bəy də bir əsgər kimi bir çox cəbhələrdə vuruşmuş, uğurları ilə rəislərinin rəğbətini qazanmışdır. Eyni şey cəbhədə Mustafa Kamal Paşa üçün də keçərlidir, o da Rəşad bəyi cəbhədə tanımış və təqdir etmişdir. Onlar əvvəl Çanaqqala cəbhəsində bir yerdə idilər. Sonra Muş və 1917-ci ildə Bitlis ruslardan geri alınarkən Rəşad bəy Mustafa Kamal Paşanın yanında idi. Buna görə də Qazi Mustafa Kamal Paşa Böyük Hücumda Çiğiltəpəni yunan əsgərlərindən almaq üçün birliyi ilə təpəyə hücum edən Rəşad bəyə göstərdiyi cəsarət, vətənpərvər və fədakar şəxsiyyətinə görə son dərəcə minnətdar idi.
Bir ildən artıq həbs düşərgəsində
Birinci Dünya Müharibəsi illərində Rəşad bəyin bir çox cəbhədə döyüşdüyünü xatırladan Prof. Dr. Kamal Arı: “Birinci Dünya Müharibəsinin sonunda, 1918-ci ildə ingilislərə əsir düşdü. Həmin vaxt o, Suriya cəbhəsində idi; Fələstindən geri çəkilən orduda xidmət edirdi. Müharibənin sonu artıq bəlli idi və bu mərhələdə Rəşad bəyi ingilislər əsir götürdü. O, bir ildən çox həbs düşərgəsində qaldı. Müharibə başa çatdıqdan sonra onun əsirliyinə son qoyuldu və İstanbula qayıtdı. Amma bildiyiniz kimi, bu zaman Mustafa Kamal Paşa milli müharibəyə başlamışdı. Rəşad bəy dəniz yolu ilə İneboluya gəldi, oradan da Ankaraya getdi. O, Anadoluda milli mübarizə aparanların arasında olmuş, daha sonra müxtəlif vəzifələrə təyin edilmiş və yunan işğalına qarşı vuruşmuşdur.
Rəşad bəy söz vermişdi...
Avqustun 26-da Böyük Hücumun səhəri Afyonda düşmən xəttinə ilk artilleriya atəşi başladı. Bir müddət sonra düşmən mövqeləri artilleriya atəşi ilə darmadağın edildi, daha sonra türk piyadaları hücuma keçdi. Türkər sinələrini süngüyə sipər etmişdi.
Rəşad bəyə öz qüvvələri ilə düşmən əlində olan Çiğiltəpəni ələ keçirmək tapşırığı verildi. O da böyük sədaqət və cəsarətlə düşmənə hücum etdi. Həmin gün Kocatəpə ilə üzbəüz onun sağ və sol tərəfindəki təpələr sanki qan gölünə dönmüşdü. Bu təpələr geri alınmalı, düşmən buradan təmizlənməli idi. Eyni zamanda, türk süvariləri də düşmənin geri çəkilmə yollarını kəsmək vəzifəsini öz üzərinə götürmüşdü.
Prof. Dr. Kamal Ari deyir: Onlara Fəxrəddin Paşa başçılıq edirdi. Fəxrəddin Altay, yəni... Paşa malyariya xəstəliyindən əziyyət çəkir, titrəyirdi. Amma iki atın arasına çəkilmiş dirəklərdə düzəldilmiş xərəklə dağları keçməyə çalışırdı. Bax belə günlər, anlar yaşanırdı. Çətin və fədakarlıq tələb edən günlər...
Budur, Rəşad bəy də Çiğiltəpəni almaq üçün düşmən xəttinə hücum edir. Amma düşmən də güclü müqavimət göstərir, inadkarlıqla əks-hücumlara başlayırdı. Təpənin alınması isə gecikirdi.
Mustafa Kamal Paşa bunu Kocatəpədən ona gələn xəbərlərdən işləyirdi. Səbri tükənirdi. Çünki gecikmənin müharibə planını və hücumda qurulan strategiyanı pozacaq mənfi nəticələrinin ola biləcəyini çox yaxşı bilirdi. O, Rəşad bəyə zəng edir. Nə üçün təpənin alınmadığını soruşur. Rəşad bəy deyir ki, çox yaxında alınacaq, amma yenə ala bilmirlər. Qazi yenə telefonla danışır və israrla soruşur: “Niyə gecikdi?” Rəşad bəy yenə söz verir ki, onu tezliklə alacaqlar, amma almaq mümkün olmur.
Nəhayət, Qazi yenidən telefonla danışır və bu dəfə Rəşad bəy deyil, onun köməkçisi Rəşad bəyin verdiyi sözə əməl edə bilmədiyinin qürurunu qırdığını və intihar etdiyini söyləyir.
Polkovnik Rəşad bəyin intihar etməmişdən əvvəl Mustafa Kamal Paşaya qoyduğu qeyd: “Sizə verdiyim sözə görə, mən yarım saat içərisində təpəyə çıxa bilmədim. Məqsədimə çata bilmədiyim üçün yaşaya bilmirəm”.
Atatürk heç bir zaman unutmadı
Bəs bu hadisə Mustafa Kamal Atatürkə necə təsir etdi? Atatürkün Rəşad Çiğiltepenin intiharını heç vaxt unutmadığını bildirən Prof. Dr. Arı bu hadisəni Türkiyə Böyük Millət Məclisində danışdığını da vurğulayaraq, “Qazi Mustafa Kamal bu hadisəni bir türk zabitinin qürurunun, namusunun və vədinin nümunəsi kimi qiymətləndirdi. Hər bir zabitə lazım olanda Vətən uğrunda ölməyə hazır olması öyrədilir: həm düşüncədə, həm duyğuda, həm də bədəndə. Hər bir xalqın mədəni quruluşundan irəli gələn meyllər də var. Türk millətinin övladları Vətənləri üçün hər zaman canlarından keçməyə hazırdırlar. Bu vətənpərvərlik hissi həm də Vətəninizin işğal olunduğu dövrə təsadüf edərsə, ən yüksək səviyyəyə çatır. Ona görə də Rəşad bəyin vəziyyətini bu prizmadan qiymətləndirmək, yəni o psixologiyanı anlamaq lazımdır.
Əsgərin qüruru var. O verdiyi sözə əməl edir və hər bir əmri ölümünü gözə alaraq yerinə yetirir. Bu, hərbi peşənin xarakteridir. Həm də ölkə üçün ölüm-dirim anı bir səhv bütöv bir xalqın məhvinə yol aça bilər. Bunun tarixi məsuliyyət baxımından ağırlığını təsəvvür edə bilərsinizmi? Məncə, Rəşad bəyi intihara sövq edən hisslərin əsası da bu idi. Bəs intihar həll yoludurmu? Mənim fikrimcə qətiyyən yox. İntihar insanların zehni qabiliyyətləri qüsurlu olduqda müraciət etdikləri bir hərəkətdir. Deməli, belə bir emosional yük altında Rəşad bəyin intihara üz tutduğunu deyə bilərik. Onsuz da bu, anlıq bir şeydir, tətiyə basarsan və iş bitər” sözləri ilə davam edir.
.Mustafa Kamal Paşanın intihar xəbərini alanda necə reaksiya verdiyini izah edən Prof. Dr. Kamal Arı, “O, təkcə kədərlənmir, həm də qəzəblənir. Bunu açıqca bəlli edir. Kədərini ifadə edərkən, “Amma intihara nə ehtiyac vardı?”,- deyir. Təpənin alınması əmrini birbaşa verən komandir olduğu üçün onun da bir insan kimi üzülməsi təbiidir. Ancaq bu hərəkət həm də intihar edən insanın nə qədər məğrur, sözünün adamı, vətənpərvər olduğunu göstərir. Məncə, Atatürk bu hadisədən sarsılması ilə yanaşı, Rəşad bəy kimi zabitləri olan bir ordunun komandanı olması ilə də qürur duyurdu. Bu hadisəni hiss etmək, anlamaq xalq olaraq bizim borcumuzdur. Sonra isə birlik və bütövlük hissi ilə bir-birimizlə çiyin-çiyinə verməliyik ki, ölkəmiz ogünkü vəziyyətə bir daha düşməsin” deyərək sözlərini bitirmişdir.
Tərcümə-Mətanət Məmmədova
P.S. Türkiyənin Zəfər Bayramı günündə böyük bir araşdırma, həm də çox maraqlı və oxunaqlı yazı dərc etdirdiyinə görə "Milliyyət" qəzetinin yazarı Oğuzcan Atışa təşəkkür edirik. Həm Azərbaycan, həm Türkiyə belə çətin yollardan keçərək bu günlərə çata biliblər.