PDF Oxu

Siyasət

  • 1 936

Şəhidlərin doğum günündə xatirələri anılıb FOTOLAR

Şəhidlərin doğum günündə xatirələri anılıb FOTOLAR

Avqust ayının 30-da Biləsuvar rayon Günəşli kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Babayev Nihad Akif oğlunun anadan olmasının 32-ci il dönümü və Aşağı Cürəli kəndində Vətən müharibəsi şəhidi Məmmədov Natiq Sahib oğlunun anadan olmasının 26-cı il dönümü münasibətilə ata yurdlarında mərasim təşkil edilmişdir. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, şəhid valideyinləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə qəhrəman şəhidlərimizin şərəfli döyüş yollarından söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Daha sonra kənd qəbirstanlıqlarında şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub. Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun kapitanı olmuş Vətən Müharibəsi Qəhrəmanı, şəhid Babayev Nihad Akif oğlu 30 avqust 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2 noyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.Ölümündən sonra adı əbədiləşdirilərək Biləsuvar rayonunun Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid kapitan Babayev Nihad Akif oğlu ölümündən sonra Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi - “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun giziri olmuş Məmmədov Natiq Sahib oğlu 30 avqust 1997-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanaraq qəhrəmancasına şəhid olub. 30 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Doğulub boya-başa çatdığı Biləsuvar rayonun Aşağı Cürəli kəndinin küçələrindən biri şəhid gizir Məmmədov Natiq Sahib oğlunun adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid gizir Məmmədov Natiq Sahib oğlu ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Digər xəbərlər