Sovetlər ittifaqına daxil olan bəzi respublikalarda 1991-ci ildə müstəqilliyə qovuşmaq istəyi və arzusu qarşısıalınmaz həddə, hətta deyərdim ki, bir hədəfə çevrilmişdir. Təbii ki, bu istək, bu amal 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edilməsinə gətirib çıxartdı və həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi.
Tarixə nəzər salsaq görərik ki, hələ buna qədər - 1990-cı ilin iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı və məhz buradan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı hadisəyə çevrildi. Gedən proseslər nəticəsində, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlamışdı.
Ölkəmizi müstəqilliyə aparan yol 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası idi. Bu tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması və mühüm tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından "sovet" və "sosialist" sözlərinin götürülməsi idi.
Ulu öndər Heydər Əliyevin cəsarətlə başladığı müstəqillik mübarizəsinə təxminən 11 ay sonra Azərbaycan Ali Soveti hüquqi müstəvidə münasibət bildirərək müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdi. Həmin ilin dekabrın 29-da keçirilən ümumxalq referendumunda Azərbaycan xalqı müstəqillik haqqında Konstitusiya Aktını yekdilliklə dəstək forması nümayiş etdirdi. Keçirilən referendum bülleteninə yalnız bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?". Azərbaycan əhalisinin 95 faizi bu referendumda iştirak edərək ölkəmizin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi. Bununla da, Azərbaycan Respublikasının müstəqillik haqqında Konstitusiya Aktı qüvvəyə mindi və XX əsrin sonlarında, SSRİ-nin süqutu ilə başlanan yeni geosiyasi dövrdə ölkəmiz öz istiqlaliyyətini Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa etdi.
1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Sənəddə deyilirdi: "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir".
Fəqət, dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də itirilməsinə gətirib çıxaracaqdı. Bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarları, əslində, dövlətçilik deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. Həmin dövrdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər. Bütün bunlar isə nəticə etibarilə müstəqilliyin məhvinə aparırdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi.
Belə bir vəziyyətdə Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin tələb və istəyi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev bu çətin missiyanı öz üzərinə götürərək müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən xilas etdi. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi!?
Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. "1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı çox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıbdır" - deyən ulu öndər Konstitusiya Aktının prinsiplərinin real həyatda vəsiqə qazanması üçün ardıcıl və qətiyyətli iş gördü. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı. Məhz Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu. İlk növbədə, ölkədə separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edildi. Ölkənin nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı tədbirlər həyata keçirildi.
Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. Ulu öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı.
Dövlətimizin qazandığı bütün uğurlar, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və müdrikliyi məhz müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir. Ulu öndər Heydər Əliyevin dövlətçilik idealogiyasını uğurla və yüksək inkişaf xətti ilə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi genişşaxəli və məzmunlu siyasi kurs, Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Azərbaycan Respublikasının president cənab İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin yeni neft strategiyası, iri enerji layihələrinin uğurla reallaşması və işə düşməsi dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da əbədi, dövlətçiliyimizin isə daha da qüdrətlənməsinə xidmət edir. Azərbaycanın müstəqil daxili və xarici siyasəti ölkəmizi təkcə regionda deyil, həmdə beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanıdır. Azərbaycan Prezidentinin məqsədyönlu siyasəti və qazanılan bütün uğurları əminliklə deməyə əsas verir ki, ölkəmizin dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək və bu müstəqillik əbədi yaşayacaq.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini