Dağıdıcı müxalifətin rüsvayçı vəziyyətində olan partiya sədrləri ağıllı ideya və təkliflər irəli sürə bilmədiklərindən gözlərini dikiblər onun-bunun ağzına. Hansı ki, o ağızlardan çıxan sözləri, irəli sürən təklifləri xarici anti-Azərbaycan dairələri səsləndirirlər. Fərq etmirlər, əsas odur ki, qulaqları yeni fikir, ideya eşidir. Bir də ki, həmin xarici maraqlı dairələrin Azərbaycanın gözləri kor, qulaqları kar olan müxalifət liderləri ilə geniş və əhatəli əlaqələri mövcuddur. “Əl əli, əl də üzü yuyar” el məsəlinə uyğun olaraq hər iki tərəf bir-birindən bəhrələnirlər. Xaricilər ideya irəli sürür, göstərişlər verir, Əli Kərimli, İlqar Məmmədov, Cəmil Həsənli, Tofiq Yaqublu kimi məxluqlar da onları yerinə yetirirlər. Qarşılığında öz əyin-başlarını sahmana salmaq, bahalı evlər, maşınlar almaq üçün maliyyə yardımları əldə edirlər. Dağıdıcı müxalifətə fərq etmir, tapşırıq necədir, göstəriş hansı yöndədir. Əsas odur ki, işləri var, bekar deyillər. İndi də başlayıblar ermənilərin “humanitar böhran” şousundan maraqları üçün istifadə etməyə. Nədən ki, xarici ağaları belə tapşırıq verib. Hazırkı məqamda Azərbaycanın maraqlarından çıxış etməkdənsə, ağız-ağıza verib, milli mənafeymizə zidd açıqlamalar verir, addımlar atırlar. Ermənistanın revanşist qüvvələrinin, Makron və onun əshabəsi kimi ermənipərəst qarğaların ağızlarından nə üfunət ifraz olunursa, onları Azərbaycanın dağıdıcı müxalifəti təkrarlayır. Sanki eyni mərkəzdən idarə olunur və eyni tezisi ifa edirlər. Fikir verin, Parisin meri Ann İdalqonun başçılığı altında Xankəndinə humanitar yardım gətirməsinə və merin Laçın sərhəd keçid məntəqəsi yaxınlığında selfi çəkdirib, fotoqraflar qarşısında müxtəlif pozalarda şəkillər çəkdirməsinə Azərbaycanın dağıdıcı müxalifəti bir kəlmə də olsun etiraz bildirmədi. Bu məsələdə Əli Kərimlinin, İlqar Məmmədovun, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin, Tofiq Yaqublunun susmaları onların ermənilərdən betər erməni olduqlarını göstərir. Həm də təsdiq edir ki, həqiqətən bu məxluqlar erməni lobbisi tərəfindən maliyyə yardımları alırlar.
“Bəylər, sizin olmayan ideya üstündə dava etməyin. Müəllif mən idim, ikiniz də yararlanın”
Bu arada təəccüb yaradan məsələlərdən bir də ondan ibarətdir ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərməsini dağıdıcı müxalifət öz ideyaları kimi təqdim etməyə çalışırlar. İddia edirlər ki, guya bir qədər əvvəl Ağdam-Xankəndi yolu vasitəsi ilə ermənilər yüklərin çatdırılmasını təklif ediblər. Hətta AXCP sədri Əli Kərimli, REAL partiyasının sədri İlqar Məmmədov söz duelinə çıxaraq hər biri ideyanın özü tərəfindən irəli sürdüyünü bildirirlər. Bu, siyasi abırsızlıq nümunəsidir, Azərbaycan dövlətinin strateji addımını öz adlarına çıxarmağa çalışırlar. İkincisi də, "mən demişdim" deyib, bir-biri ilə primitiv yarışa girirlər. Bunların siyasət anlayışı yoxdur. Əli Kərimlinin sözçüsü Fuad Qəhrəmanlı utanıb-çəkinmədən qeyd edib ki, AXCP hakimiyyətə Ağdam-Xankəndi yolu vasitəsi ilə ermənilər yüklərin göndərilməsini təklif etmişdir: “Yadınızdadırsa, bir müddət öncə burada "Azərbaycan iqtidarına təklif" adlı yazı yazaraq hakimiyyətə təklif etmişdik ki, Ağdam-Xankəndi yolu ilə Qarabağdakı ermənilərə humanitar yardım göndərməklə ermənilərin Azərbaycan əleyhinə başlatdığı kampaniyaya cavab verilsin. O yazıda belə bir addımın ermənilərin Laçın yolu ilə bağlı apardıqları kampaniyaya necə təsir edəcəyini ətraflı izah etmişdik. Bu gün bəlli olur ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndi-Ağdam yolu ilə Qarabağ ermənilərinə 40 ton humanitar yardım göndərir. Demək ki, iqtidar bu məsələdə doğru qərar verərək təklifimizi qəbul edib”. Bu arada Ümid partiyasının sədri İqbal Ağazadə Əli Kərimli ilə İlqar Məmmədovu onun ideyasını oğurlayıb, adlarına çıxarmağa çalışmaqda ittiham edib: "Mənim 25 iyulda hökumətə rəsmən ünvanladığım və efirdən söylədiyim təklifin ideya müəllifliyi üstündə söz davasına çıxıblar. Bəylər, sizin olmayan ideya üstündə dava etməyin. Müəllif mən idim, ikiniz də yararlanın”. İ.Ağazadə həmfikirlərinə xatırladıb ki, bu təklif veriləndə hələ Ermənistan Laçın keçid məntəqəsinə yük maşınları göndərməmişdi: “Əslində, xarakterimə uyğun deyil bu tipli statuslar yazmaq, lakin bəzən məcbur olursan”.
İlqar Məmmədovun Əli Kərimlinin ətəyindən yapışması təəccüb doğurur
Söz yox ki, vəziyyət dəyişib, proseslər maraqlarına cavab verməyəndə dost düşmənə, düşmən isə dosta çevrilir. Dağıdıcı müxalif partiya sədrləri siyasi fəaliyyətləri dövründə qaydalara riayət ediblər. Dünənə qədər rəqib olan, bir-birini tənqid və təhqir edənlər bu gün eyni mövqedən çıxış edirlər. Xatırlayırsınızsa, bir qədər əvvələ qədər REAL partiyası ilə AXCP arasında kəskin və amansız söz savaşları gedirdi. Partiya funksionerləri sosial şəbəkələrdə bir-birlərinə qarşı ən ağır ittihamlar irəli sürürdülər. Münaqişənin səbəbi isə 2018-ci ilə gedib çıxır. Həmin vaxtlarda İ.Məmmədov həbsdə idi. Müxalifət düşərgəsində üstün hörmətə malik idi. O zaman sosial şəbəkələrdə “Əli Kərimli, yoxsa İlqar Məmmədov?” tipli reytinq sorğuları keçirildi. Nəticədə, İ.Məmmədov Ə.Kərimlidən daha çox səs topladı. Ə.Kərimli isə susmağa üstünlük verdi. Çünki İ.Məmmədovu “siyasi məhbus” kimi təqdim edərək, bir sıra xarici təşkilatlardan qrantlar alırdı. İ.Məmmədov azadlığa çıxdıqdan sonra da “Milli Şura”nın mitinqinə dəvət edildi. Lakin bütün bunlardan sonra tərəflərin arasında kəskin mübarizəyə start verildi. Yaranan qarşıdurmalar şiddətləndi və nəhayət çərçivədən çıxaraq, təhqirlərlə, söyüşlərlə əvəzləndi. Bu gün isə tərəflər olanları unudaraq eyni mövqedən çıxış etməyə çalışırlar. Bunun bir səbəbi hər iki partiyanın Ədliyyə Nazirliyindən təkrar qeydiyyata alınmaq məsələsində ciddi problemlərlə üzləşmələridirsə, digər səbəbi isə hər iki təşkilatın maliyyəsinin Avropanın qaranlıq dairələri tərəfindən verilməsidir. Lakin bu məxluqların eyni yolu birlikdə getmələri uzun çəkməyəcək. Maraqları toqquşduğu məqamda yenidən bir-birinə düşmən kəsiləcəklər. Və yenidən bir-birini söyüb, təhqir edib, gözdən salmağa çalışacaq.
İ.ƏLİYEV