Millət vəkili Azər Badamovun "Səs" qəzetinə müsahibəsi
- Azər müəllim, Qızıl Aypara Cəmiyyətinin xətti ilə Xankəndinə humanitar yardım göndərilib. Separatçılar humanitar yardımı qəbul etmək istəmirlər. Bunu bilərəkdən vəziyyəti gərginləşdirməyə hesablanan təxribat hesab etmək olar?
- Azərbaycan özünün xoş məramını nümayiş etdirərək Xankəndidə yaşayan ermənilərə humanitar yardım göndərib. Bu yardımı ermənilərin qəbul edib-etməməsi onların yardıma ehtiyacı olub-olmamasından asılıdır. Bu gün separatçılar Azərbaycandan humanitar yardımı qəbul etməyəcəklərini və yardımları ancaq Laçın yolu vasitəsilə Ermənistandan qəbul etmək istədiklərini bildirirlərsə, bu, Xankəndidə humanitar yardıma ehtiyac olmamasından irəli gəldiyini göstərir. Əgər Xankəndidə aclıq baş versə, ermənilər Bakıya yalvaracaqlar. Yox, Ermənistan və separatçılar humanitar yardım adı altında öz çirkin niyyətlərinə davam etdirmək istəyirlərsə, bu, baş tutmayacaq.
- Erməni separatçıları və onlara himayədarlıq edənlər hələ yüklərin Laçın sərhəd keçid məntəqəsi vasitəsilə daşınmasını istəyirlər. Rəsmi Bakının ermənilərin bu istəyinə qarşı tədbirləri hansı formada ola bilər?
- Laçın yolu vasitəsilə Ermənistandan daşımalar, ancaq Azərbaycan dövlətinin icazəsi ilə və sərhəd -gömrük qaydalarına riayət olunmaq şərtilə həyata keçirilə bilər. Amma Fransa və ermənilərə dayaq dayanan digər dairələr Xankəndinə humanitar yardım göndərmək istəyirlərsə, bu, ilk növbədə, Azərbaycana gəlməli və Ağdam-Xankəndi yolu vasitəsilə daşınmalıdır. Əks halda, Ermənistanın və onun havadarlarının Laçın sərhədində humanitar şounu nümayiş etdirməsi suverən hüquqlarımıza müdaxilə cəhdi hesab edirəm və belə hərəkətlərə Azərbaycan heç vaxt imkan verməyəcəkdir.
- Laçın sərhəd keçid məntəqəsi yaxınlığında ermənilərin və onların himayədarı olan Fransanın yaratdığı humanitar şounun aqibəti necə olacaq?
- Təəssüf ki, bu gün Fransa da Ermənistanın Laçın sərhəd məntəqəsi yaxınlığındakı humanitar yardım adı altında nümayiş etdirdiyi erməni şousuna qoşularaq dəstək verməyə başlamışdır. Fransadan gələn humanitar yük adı altnda dayanan avtomobillər, ancaq yolda tıxac yaratmaqla ermənilərin özlərinin hərəkətinə mane törədir. Parisin meri də sərhədimizə qədər gələrək ondan əvvəl gələnlər kimi binokldan Azərbaycana baxıb şəkil çəkdirərək şou nümayiş etdirdi. Onlar heç də düşünməsinlər ki, belə şoular yaratmaqla Azərbaycanı öz yolundan çəkindirə biləcəklər. Azərbaycan 44 günlük Vətən müharibəsində döyüş meydanında ərazilərini erməni işğalından azad etmişdir. Bundan sonra da lazım gələrsə hər bir yolla öz suverən ərazilərini düşmənlərdən müdafiə etməyə qadirdir. Ermənilərin və onlara dayaq dayananların buna şübhəsi olmasın.
- Xankəndidə separatçılar arasında gərginləşən münasibətlərdə rus sülhməramlı da zərər çəkməkdədir. Bu, nəticə etibarilə rus sülhməramlıları ilə separatçılar arasında dərin qarşıdurmanın genişlənməsinə gətirib çıxara bilər?
- Ermənilər hesab edirlər ki, ruslar onlara həmişə borcludurlar. Çünki tarix boyu ruslar ermənilərə dəstək göstərərək Azərbaycanın ərazilərini Ermənistana vermiş və onlara dövlət yaratmasına kömək etmişdir. Hətta 90-cı illərdə ərazilərimizi işğal edəndə də ruslar açıq şəkildə Ermənistana dəstək vermişdilər. Ona görə də, ermənilər bu gün də açıq şəkildə rusların onlara dəstək göstərməsini və Azərbaycanla güc dilində danışmağını istəyirlər. Amma bu gün reallıqlar dəyişilmişdir. Bu gün rusun özünün dəstəyə ehtiyacı var. Ermənilər xain millət olduğundan, rusun zəifləməsindən istifadə edərək onlara təzyiq göstərməyə çalışır. Xankəndidə belə qarşıdurmalar çoxalacaqdır. Hətta onların özləri arasında da qarşıdurmalar baş verəcəkdir. Nəticədə, separatçılar ərazilərimizi tərk edəcək və azərbaycanlılarla birgə yaşamaq istəyən ermənilər Xankəndidə qalacaqlar. Bu gün sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərdə Azərbaycanın konstitusiyon dövlət quruluşunun bərpası labüddür və bunun alternativi yoxdur. Ermənilər bu reallığı nə qədər tez qəbul etsələr, onların təhlükəsizlikləri və təminatları da bir o qədər tez təmin olunacaqdır.
GÜLYANƏ