PDF Oxu

Siyasət

  • 3 575

Qüdrətli Lider, yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan TƏHLİL

Qüdrətli Lider, yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Bu gün biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz”

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə 44 gün davam edən İkinci Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə Azərbaycanı qalib ölkəyə çevirməklə uzun illər çəkdiyimiz məğlubiyyət acısına son qoydu, xalqımızın öz yurdunu və müstəqilliyini qorumağa, azad yaşamağa qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanında, diplomatiyada, informasiya müharibəsində birlik və həmrəylik göstərən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Dağlıq Qarabağ öz əzəli xalqına geri qaytarıldı. Prezident İlham Əliyevin 20 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bu günlər hamımız mübarək zəfərin bir illik təntənəsini yaşayır, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük. Böyük fəxarət və qürur hissi ilə qeyd edirik ki, haqq savaşımızda Azərbaycan regionda yeni siyasi reallığın müəllifi kimi bir daha sübut etdi ki, ölkəmizlə heç zaman güc dilində danışmaq, ona hansısa şərtləri diqtə etmək qeyri-mümkündür. Prezident İlham Əliyevin xalqa müraciətində dediyi kimi: «Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir". Artıq İkinci Vətən müharibəsinin qələbəsindən üç il ötür. Üç il böyük zaman kəsiyi deyil. Lakin bu qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası olduqca möhtəşəm və genişdir. Görünən odur ki, cəmi 44 günə torpaqlarımızı azad edən Prezident İlham Əliyev ermənilərin viran qoyduğu yurd yerlərimizi sürətlə cənnətə çevirir. Azərbaycan Prezidenti "Dəmir Yumruğ"un gücü ilə 44 günlük zəfər qələbəmizdən keçən cəmi iki il yarım ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb, genişmiqyaslı layihələr icra olunur. Şuşaya Zəfər yolu, Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, dini-tarixi abidələr bərpa olunur. İnfrastruktur layihələri icra olunur. Yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları salınır. Cəmi üç il öncə Vətən müharibəsi başlayanda İlham Əliyev xarici KİV-ə verdiyi müsahibələrdə qətiyyətlə, inamla deyirdi ki, işğaldan azad edilmiş torpaqlar yenidən qurulacaq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Yeni-yeni infrastrukturlar yaradılacaq. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda siyasi münasibətlər sahəsində də müsbət meyillər güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq.

AZƏRBAYCAN BÖYÜK QAYIDIŞI ÖZ DAXİLİ MALİYYƏ MƏNBƏLƏRİ HESABINA REALLAŞDIRIR

Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. 2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub. Qeyd edək ki, büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa bə yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu, məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir.

Göründüyü kimi, günümüzün reallığı deməyə əsas verir ki, regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir və Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Və arzuları gerçəyə çevirəcək Böyük Qayıdışa dair I Dövlət Proqramında əks olunan hədəf, məqsəd və vəzifələrin icrası bölgədə məskunlaşacaq əhalinin layiqli həyat şəraitini təmin edəcək və bu nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir. Həm də dünya bir daha şahidi olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir və Azərbaycan düzgün yoldadır, uğurlu gələcəyə inamla addımlayır. Bir sözlə, Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir.

PREZİDENT İLHAM ƏLİYEVİN LAÇIN SƏFƏRİ SİYASİ VƏ İQTİSADİ GÜCÜMÜZÜN DAHA BİR NÜMAYİŞİ İDİ

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Laçın və Kəlbəcər rayonlarına səfərləri, səfərlər zamanı yeni müəssisələrin təməlinin qoyulması, açılışların edilməsi bütövlükdə dövlətimizin iqtisadi gücünün göstəricisidir. Prezidentin Laçına son səfəri zamanı sakinlər qarşısında çıxışı, verdiyi siyasi mesajlar mühüm əhəmiyyət kəsb etdi. Belə ki, Prezident İlham Əliyev "Laçın Şəhəri Günü" ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı söyləyib ki, istər bu gün, istərsə də 44 gün davm edən müharibədə sübut etmişik ki, bizim iradəmizə heç kim təsir edə bilməz: «Bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik».

Bəli, dövlət başçımızın qətiyyətinə və prinsipiallığına inanan Azərbaycan xalqının böyük əksəriyyəti şübhə etmirdi ki, Prezident indiyədək bütün vədlərini yerinə yetirib, dediyi sözlərə əməl edib, bu sözünə də əməl edəcəkdir. Və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu işğaldan azad etdi. Beləliklə, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir. Və bu gün…

ARTIQ DİRÇƏLƏN LAÇIN, DİRÇƏLƏN QARABAĞ, DİRÇƏLƏN ŞƏRQİ ZƏNGƏZUR BİZİM GÜCÜMÜZÜ GÖSTƏRİR VƏ ONU GÖSTƏRİR Kİ, BİZ İSTƏDİYİMİZƏ HƏR ZAMAN NAİL OLURUQ

Prezident İlham Əliyev Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı deyib ki, bütün dədə-baba yurdlarından qaçqın düşənlər, o cümlədən laçınlılar öz yurdlarına qayıdacaqlar: «Əminəm ki, siz öz dədə-baba torpağınızda rahat, xoşbəxt yaşayacaqsınız. Siz buna layiqsiniz. 30 il siz həm fiziki, həm də mənəvi əzab çəkmisiniz. Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq». Dövlətimizin başçısı onu da bildirib ki, müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki bu torpaqların sahibləri bizik – qurub-yaradan Azərbaycan xalqıdır. Görülən işlər də göz qabağındadır.

Dövlətimizin başçısı "Laçın Şəhəri Günü" bayram tədbirində çıxışı zamanı onu da bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi: «Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdıq və bu gün səhər zabuxlularla mənim görüşüm olub. Onlar dünən axşam uzun fasilədən sonra – 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar isə mayın 28-dən etibarən artıq buradadırlar. Mayın 28-də - Müstəqillik Günündə mən birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdim və beləliklə, Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bu, böyük xoşbəxtlikdir».

Bəli, bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində azad Laçın yeni inkişaf mərhələsinə qədəm qoyur, sakinlərini öz ata-baba yurdlarında xoş və firavan həyat gözləyir. Laçın ərazisində tikilməkdə olan beynəlxalq hava limanı xüsusilə böyük əhəmiyyət daşıyır. Cənab Prezident, həmçinin laçınlılara xoş müjdə də verdi. Belə ki, minlərlə insan bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq. Bu, onu göstərir ki, laçınlıların öz yurdlarında xoşbəxt həyatı o qədər də uzaqda deyil. Ən əsası isə yenidənqurma və bərpa işlərini Azərbaycan özü təkbaşına, heç bir beynəlxalq təşkilatın və ya dövlətin köməyi olmadan yerinə yetirir. Heç bir maliyyə yardımı almadan, daxili imkanları hesabına, öz gücü ilə hər şeyi edir. Onun sözlərinə görə, həyata keçirilən yenidənqurma və bərpa işlərini Azərbaycan özü təkbaşına yerinə yetirir. Heç bir maliyyə yardımı almadan, daxili imkanları hesabına, öz gücü ilə hər şeyi edir. Bütün bu görülən işlər onu deməyə əsas verir ki, xalqımızın rifahı daha da yaxşılaşacaq, ölkəmizin qüdrəti yüksələrək Qarabağımız daha yenidən dirçələcək! .Və ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət bir daha onu göstərir ki, «2023-cü il Heydər Əliyev ili» də Azərbaycanın yüksəlişində növbəti uğurlu dövr olacaq. Növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasını və ölkəmizin qüdrətinin yüksəlməsini, Qarabağımızın yenidən dirçələcəyini və iqtisadi inkişafın davamlılığını təmin edəcək. Bütün bu uğurlar isə Ali Baş Komandan, Qalib Lider, Prezident İlham Əliyev cənablarının…

SİYASİ İRADƏSİNİN GÖSTƏRİCİSİDİR

Təsadüfi deyil ki, keçdiyimiz üç ilə yaxın bir müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Dövlətimizin başçısı çıxışı zamanı 8 ay müddətində görülmüş möcüzəvi işləri nəinki laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi: «Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”. Çıxışı zamanı Prezident İlham Əliyev bir daha Azərbaycan xalqına, eləcə də bütün dünyaya səslənərək bildirdi ki, xalqımız artıq bu əraziləri bütün mənfur qüvvələrdən təmizləyib və bu torpaqlarda əbədi olaraq yaşayacaqdır! Bir sözlə, bu gün ölkənin qalib və qürurlu vətəndaşı olaraq Qalib Liderimizin yaratdığı Azərbaycanımızla qürurlanılırıq və Azərbaycana qarşı istənilən təxribat, hücum "Dəmir yumruq”la əziləcək, məhv ediləcəkdir. Çünki bu gün biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər